Cəmiyyət

“Bələdiyyələrin cari rolu və nüfuzu əziyyətlə bərpa edilən ərazilərdə işləmələrinə uyğun gəlmir” – ŞƏRH

Sharing is caring!

“Bələdiyyələrin illik məruzəsinə əsasən, bələdiyyələrin fəaliyyətində müəyyən irəliləyişlər, vergi və ödəniş yığımında müəyyən artım olsa da, bu qurumların ümumi vəziyyəti heç də qənaətbəxş və ürəkaçan deyil, mən hətta deyərdim, idarəetmə böhranına doğru getməkdədir. Bu gün cəmiyyətimizdə bələdiyyələrin nüfuzu aşağı düşüb, əhalinin onlara inamı azalıb, bir idarəetmə qurumu kimi ölkəmizin müasir inkişafı ilə ayaqlaşa bilmir, özlərini doğrultmurlar”.

Oxu.Az xəbər verir ki, bu sözləri bələdiyyələrin illik məruzəsi haqqında danışarkən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib. Deputat qeyd edib ki, bu gün gənclər arasında arzu etdikləri iş yeri ilə bağlı bir sorğu keçirilsə, demək olar, heç kim bələdiyyə deməyəcək:

“Onlar məktəb, xəstəxana, polis, dövlət qulluğu, özəl sektor deyəcəklər. Heç olmasa, biri bələdiyyə deyəcək? Deməyəcək. Budur bələdiyyələrin cəmiyyətdə bugünkü vəziyyəti və nüfuzu. İki ildən az müddət sonra bələdiyyə seçkisi keçiriləcək. Bu minvalla, bələdiyyələrin bu cür vəziyyəti ilə bələdiyyəyə seçilməyə kim gedəcək? Onlara kim səs verəcək?

Bu gün Prezidentin təşəbbüsü ilə ölkəmizdə regional idarəetmənin islahatına, yeni idarəetmə modellərinin tətbiqinə artıq start verilib, biz bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvanda görürük və Prezidentin söylədiyi kimi, bu modellərin ölkənin digər bölgələrində tətbiqi nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa başlanılıb. Qayıdışdan sonra həmin ərazilərdə bələdiyyələrin yaradılması, formalaşdırılması və fəaliyyət göstərməsi vacib amillərdən biridir. Lakin bələdiyyələrin cəmiyyətdə cari rolu və nüfuzu, statusu, səlahiyyətləri, o cür əziyyətlə bərpa edilən ərazilərdə fəaliyyət göstərməsinə heç uyğun gəlmir”.

Kamran Bayramov düşünür ki, ona görə də bələdiyyə sistemində də fundamental islahatların aparılmasının əsl məqamıdır:

“İlk olaraq, bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır. Rayonlarda bələdiyyələrin sayı olduqca çoxdur, məsələn, Bakıda (53), Bərdədə (66), Şərurda (52), Goranboyda (47), Şəmkirdə (42), Ağcabədidə (41), əksəriyyəti də zəif xırda kənd bələdiyyələridir. Ölkə üzrə sayı 1 397-dir. Növbəti addımda bələdiyyələrin maliyyə imkanları gücləndirilməlidir, mövcud səlahiyyətlərinin icrasında olan çətinliklər – bələdiyyə xəritələrinin və mülkiyyət sənədlərinin verilməsi, özəl mülkiyyətdə olan ev və binaların sənədləşdirilməsi və s. aradan qaldırılmalıdır.

Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi məqsədilə dövlət tərəfindən bələdiyyələrə ayrılan subvensiyalar xidmətyönümlü deyil, kommersiya və istehsalat layihələrinə ayrılmalıdır, real və dayanıqlı gəlir gətirən bələdiyyə müəssisələri yaradılmalıdır. Məruzədə göstərilir ki, 2022-ci ildə subvensiyalar, əsasən, sosial xidmət mərkəzlərinin tikintisinə, parkların, istirahət guşələrinin, nümunəvi məhəllələrin salınmasına və yenidən qurulmasına, avtomobil yollarının bərpası və tikintisinə ayrılıb.

Səlahiyyətlərin icrasında bələdiyyələrə sərbəstlik verilməlidir, lakin Konstitusiyaya əsasən (146 m., III h.), onların fəaliyyətinə dövlətin nəzarəti saxlanılmalıdır. Bələdiyyə qanunvericiliyinin vahid bir sənəddə əks olunması məqsədilə Bələdiyyə Məcəlləsi hazırlanıb qəbul olunmalıdır. Məcəllənin qəbulu bələdiyyələrin mövcud səlahiyyətlərinə yenidən baxılması, dəqiqləşdirilməsi və təkmilləşdirilməsi üçün geniş imkanlar yaradardı və Azərbaycanda yerli özünüidarəetmənin inkişafının yeni mərhələsini şərtləndirərdi. Son olaraq, ölkəmizdə yerli özünüidarəetmənin düzgün istiqamətdə inkişafının təmin edilməsi, bələdiyyələrə bir mərkəzdən zəruri qanunvericilik, institusional, təşkilati və maddi dəstəyin göstərilməsi məqsədilə ayrıca dövlət qurumunun və ya publik hüquqi şəxsin yaradılması da məqsədəuyğun olardı.

Bütün bu tədbirlər həyata keçirildikdən sonra ölkədə müstəqil, səmərəli, günün tələblərinə uyğun olan, iqtisadi və maliyyə potensialı güclü olan, vətəndaşlarımızın tələbatlarına və sosial sifarişlərinə cavab verən, əhali arasında nüfuza malik olan təkmil bələdiyyə sisteminin formalaşdırılmasından danışmaq olar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir