Cəmiyyət

Bölgədə təhlükəsizliyin təminatı ən mühüm məsələdir

Sharing is caring!

        Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edib. Çünki beynəlxalq hüququn işləmədiyi dünyada hansısa məsələyə ədalətli yanaşma inandırıcı görünmür. Azərbaycan belə bir dünyanın mövcudluğu fonunda 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyevin öz çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibəni aparıb, ərazilərimizi işğaldan azad edib. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

       İndi həqiqətən dünyada belə bir tendensiya yaranmışdır, yəni dövlət olaraq artıq Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Bu da Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı gərgin diplomatik səylərin nəticəsidir. Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu. Bu bizim qanuni haqqınızdır. Bu haqqı bizə BMT Nizamnaməsinin 51-ci maddəsi verir.

       Prezident İlham Əliyev Münxen təhlükəsizlik konfransında sülh müqaviləsinin indiyə qədər imzalanmamasının real səbəblərini bir daha bütün dünyaya bəyan etdi: “Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır”.

         Azərbaycan Prezidentinin irəli sürdüyü fikirlərin ümumi istiqaməti ondan ibarət idi ki, daha təhlükəsiz dünya qurmaq istəyiriksə, bizi bugünkü təhlükələrə gətirən xətalara bir də yol verməməliyik. Bölgədə qarşılıqlı əlaqələr nə qədər tez bərpa olunsa, sərhədlər, kommunikasiyalar və səfirliklər nə qədər tez açılsa, bundan ən çox erməni xalqı, Ermənistan udacaq. Bunu az-çox məntiqini saxlayan ermənilər də anlayır.

Xalid Hüseynov,

Cəlilabad rayon YAP-da məsləhətçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir