Cəmiyyət

Ev alanda zəlzələyədavamlılığını necə müəyyən etmək olar? – ŞƏRH + FOTO

Sharing is caring!

Türkiyədə baş verən, əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələdən sonra bütün dünyada, o cümlədən Azərbaycanda zəlzələyədavamlı binaların tikilməsi, prosesə ciddi nəzarət edilməsi məsələsi aktuallaşıb. Hətta ölkəmizdə bu hadisənin təsiri ilə tikinti şirkətləri reklam strategiyasında yeniliklər edərək, “zəlzələyədavamlı” adı ilə mənzillərin satışına başlayıblar.

Mənzil bazarında aktivliyin olduğunu nəzərə alaraq, alıcıların bu məsələdə seçim edərkən nələrə diqqət göstərdiyi maraqlıdır. Hər kəsi bir sual düşündürür: Sıravi vətəndaş mənzil aldığı binanın zəlzələy davamlı olub-olmadığını necə müəyyən edə bilər?

Bununla bağlı Oxu.Az-a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov hazır binanın zəlzələyədavamlılığını ölçməyin çətin olduğunu söyləyib.

Ekspertin fikrincə, vətəndaşların bu sahədə biliyi azdırsa, mütəxəssis deyillərsə, binanın zəlzələyədavamlı olub-olmadığını müəyyən edə bilməyəcəklər:

“Bunun üçün mütəxəssislərə müraciət etmək lazımdır. Onlar isə tarixi təcrübəyə əsaslanırlar. Yəni hansısa şirkətin əvvəllər tikdiyi binalar zəlzələyə, digər təbii fəlakətə necə tab gətiribsə, bunun əsasında fikir söyləyə bilərlər.

Binanın tikintisi ərəfəsində, yəni tam yekunlaşmadan mütəxəssislər əraziyə baxış keçirirlərsə, bilirlər ki, bina yaxşı tikilib, yoxsa başdansovdu edilib. Çünki armaturların keyfiyyəti, qoyuluş qaydası, təmizliyi, diametri, betonun tökülüşü və digər məqamlar müşahidə edilir, yoxlanılır. Betonun möhkəmliyini, dayanıqlılığını isə mütəxəssis də müəyyən edə bilmir. Çünki bunun üçün ancaq laboratoriya testləri lazımdır. Ola bilər ki, betonun keyfiyyəti yaxşıdır, amma tökülüşü düzgün deyil. Betonun quruma müddəti kimi 28 gün təqdim edilir. Halbuki bu müddətə betonun ancaq zahiri quruyur, daxili quruma üçünsə ən azı 180-200 gün lazımdır. Artıq istifadəyə verilmiş binalarda hətta mütəxəssis də rəy verməkdə çətinlik çəkir”.

Nüsrət İbrahimov xatırladıb ki, binanın tikilişinə Fövqəladə Hallar Nazirliyi (FHN) nəzarət edir:

“Ümumiyyətlə hər ərazinin özünün müvafiq seysmik bal xəritəsi mövcuddur. Bu məlumatlar mühəndislərdə də var. Onlar layihəni işləyərkən nəzərə alırlar ki, hansı zona zəlzələyədavamlıdır, hansı ərazilər risklidir.

Bununla bərabər demək olar ki, bütün binalar 9 bal gücünə dayanıqlı layihələndirilir. Bizdə layihədə problem yoxdur, düzgün tərtib edilir. Əsas məsələ həmin layihənin icrası, tikintinin həyata keçirilməsi, keyfiyyətli materialın seçilməsidir. Bu prosesə isə FHN nəzarət edir. Ümumilikdə binanın hər mərtəbəsinə FHN-in xüsusi icazəsi, rəyi, qeydləri olmalıdır. Bir mərtəbəyə rəy verilməmiş növbəti mərtəbəni tikməyə icazə yoxdur. Qayda budur, amma buna ciddi nəzarət edilirmi, yoxsa başdansovdu iş görülür, onu deyə bilmərəm”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir