Cəmiyyət

Kompüter oyunları gələcəyimizi necə məhv edir?

Sharing is caring!

Kompüter oyunlarının nə olduğunu hamı bilsə də, mahiyyəti və zərərlərini az adam ciddiyə alır. Mütəxəssislər kompüter oyunlarının heç də oyun olmadığını irəli sürür. Onların fikrincə, bildiyimiz oyun uşaqların təcrübə ilə öyrəndikləri, öz sərhədlərini çəkdikləri, qaydaları özləri təyin etdikləri və təbii öyrənmə mühiti yaratdıqları faydalı bir hərəkətdir.

Bu həm uşağı sevindirir, həm də onlarla ünsiyyət qurmaq üçün vacib bir fəaliyyətdir.

Ancaq kompüterdə, planşetdə, telefonda və ya onun törəmələrində oynanan video oyunları bütün bu müsbətlərdən kənardır. Əksinə, virtual mühitdə, başqalarının cızdığı sərhədlər daxilində həyata keçirilən faydasız bir hərəkətdir.

Qeyd edək ki, kompüter oyunları sadəcə uşaqların deyil, böyüklərin də problemidir. Oyunlara aludə olmuş yetkin fərd şəxsi, ailə, akademik, maliyyə və peşəkar sahələrdə problemlər yaşaya bilər. Bu aludəçilik hətta insanın tənhalığı və sosial əlaqələr baxımından qəribə olaraq xarakterizə edilə bilən davranışlarla nəticələnə bilər. Asılılığın dərəcəsi artdıqda, piylənmədən tutmuş yuxu pozğunluğuna qədər bir çox xəstəliklər də sağlamlığı təhdid edir.

Maraqlı bir fakta nəzər salaq. Qonşu Türkiyədə 2018-ci ildə kompüter oyunları üçün qeydiyyatdan keçənlərin sayı 30 milyona çatıb. Həmin ildə bu oyunlara xərclənən məbləğ 5 milyard lirəni keçib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu həm ailə büdcəsinə, həm də ölkə iqtisadiyyatına ziyan vurur. Hətta çox uzun müddət kompüter oyunları oynamaq ölümlə nəticələnə bilir. Uşaqları intihara sürükləyən sözdə oyunlar var. İnternetdə qurulan dostluqlar uşaqları yanlış mühitlərə sürükləyə bilər. Bu mühitlərdə hətta dərmanlar da satıla bilər. Bizim ölkədə kompüter oyunları üçün nə qədər pul xərcləndiyinin statistikası olmasa da, internet-kafelər dolub-daşır. Həm böyüklər, həm uşaqlar təhlükəli oldu-olmadı oyun aludəçisinə çevrilə bilirlər.

Mövzu ilə bağlı Bizim.media-ya danışan İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov bildirib ki, internetdə şirnikləndirici oyunların qurbanı olmamaq üçün, ümumiyyətlə, bu cür oyunlardan uzaq durmaq vacibdir:

Bu, böyüklərə də aiddir, kiçiklərə də. Uşaqlara valideynləri, himayədarları nəzarət etməli, onları həmin oyunların neqativ nəticələri barədə xəbərdar etməlidirlər. Valideynlərin özlərini də maarifləndirmək lazımdır ki, özlərinə və uşaqlarına nəzarət edə bilsinlər. Ən sadə yolu budur. Bilməyənlər bilənlərdən soruşsunlar. Doğrudur, bu cür oyunlar lisenziyalı ola bilər. Amma bunu hər kəs müəyyən etmək iqtidarında deyil. Hətta lisenziyalı, saxta olmayan oyunlarda da udmaq şansı çox cüzi olur. Ona görə də belə oyunlara vaxt və pul sərf etməyi heç kimə məsləhət görmürəm”.

Şöbə müdiri onu da əlavə edib ki, indi satışda süzgəc funksiyasını yerinə yetirən müxtəlif proqramlar var: 

“Antivirus proqramlarında da belə funksiyalar olur. Valideynlər bu cür texnoloji imkanlardan istifadə etməklə uşaqlarını qoruya bilərlər”.

Onu da qeyd edək ki, bu məsələdə yalnız ailələr tərəfindən görülən tədbirlər həmişə uğurlu olmaya bilər. Dövlət qurumları da bununla bağlı nəzarət addımları atmalıdır. Bir çox ölkələr bu istiqamətdə addımlar atıblar. Məsələn, bəlli bir saatlarda oynanmasına icazə verilə bilər. Bundan əlavə, Elm və Təhsil Nazirliyi fəal ola bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir