Cəmiyyət

İnanıram ki, Azərbaycanda rüşvət yoxdur

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Əslində televiziya da, qəzet də, sosial şəbəkələr də insan övladının beyni qarşısında acizdir. Kim nə deyir desin, insan inanmaq istədiyinə inanacaq. Bütün elmi dəlillər də, onun üçün maraqlı olmayacaq. Çünki inandığı bir həqiqəti – öz həqiqəti var. Bu həqiqət isə ələlxüsus daha cahil adamlarda daha güclü olur. Üç-beş kitab oxuyan yenə haradasa şübhə edə bilər, amma cahil dediyin əsla. 

Məsələn pandemiyanın sərt dövründə, adamlar kütləvi şəkildə virusun qurbanı olurdular, dünya amansız xəstəliklə mübarizə aparırdı amma bəziləri koronavirusa inanmırdılar. Elə indi də inanmayanlar var. Çoxu elə inanmadan öldü. Amma bir həqiqət var ki, virus var idi və doğrudan da öldürürdü.

Elə o dövrlərdə ortaya xeyli sayda taksi sürücüsü-virusoloq, usta-virusoloq, mühasib-virusoloq və s. digər başqa variantda “virusoloqlar” çıxdılar. Biri sosial şəbəkədə canlıya çıxıb xəstə adamın istifadə etməli olduğu dərmanların adlarını sadaladı, digərləri alt paltarın kəsilib maska kimi istifadə edilməsini məsləhət gördü, bir başqası isə bütün tibbi vasitələrə üsyan edib xaş və sarımsaq yeməyi tövsiyə etdi. Axırda elə özü də tutuldu virusa. Sonra da dedi ki, Allahın göndərdiyi bəladır. 

Sonra 44 günlük Vətən müharibəsi başladı. Bayaq sadaladığım “virusoloqların” hamısı döndü oldu “politoloq”, “hərbçi”, “strateq”. Başladılar ordunun haradan, necə, hansı şərtlərlə hücum etməli olduğunu sosial şəbəkələrdə “şərh” etməyə. “Yox oradan yox, buradan hücuma keçin”, “raketi elə yox, belə atın”, “botinkanı elə yox, belə geyinin” yazanların bəlkə də əksəriyyəti bir gün belə olsun orduda xidmət etməyib, “neqodnıy” kağızı qoltuğunda elə Bakıda fırlanıb. Amma sosial şəbəkələrdə “hərbi ekspert” adı ilə ortaya çıxdılar.

İnsanımız da qeyri-peşəkarların, gopa basanların, dələduzların dediyinə o qədər inanır ki, əsl peşəkarlar qalır bir kənarda, yalandan xalqı aldadanlar isə olurlar “Vətən müharibəsi qəhrəmanı”. Faktiki olaraq onları elə xalq “qəhrəman” elədi. Sonra da bu “ekspertlər” küçədə-bacada elə gəzdilər ki, elə bil müharibədə alçaq yüksəklikləri elə bunlar alıblar. 

Nə isə, müharibə bitdi, qələbə qazanıldı. Üçtərəfli razılaşma imzalanan kimi ortaya növbəti əldəqayırma “ekspertlər” çıxdılar. Bu ekspertlərin kökü yadınızda çıxmasın ha… Kökü “taksi sürücüsü-virusoloq”lardan gəlir.

Hə, deməli bu “beynəlxalq əlaqələr üzrə ekspertlər” başladılar “lələ-gülə.az” kimi saytlara açıqlama verib dahi “politoloq” beyinlərini ortaya qoymağa. Adlarını sosial şəbəkələrə yazanda da, qabağına əlli beş dəfə filtrlənmiş fotoları çıxırdı. Bilmirdin adamın fotosuna ağlayasan, ya beyninə. 

Bu ağır dövrü də başa vurub, təzəcə özümüzə gəlmişdik ki, hamısı çöndü oldu “zəlzələ üzrə fəlsəfə doktoru”. Pay dədə, indi bunları kim saxlayar? “Ay Türkiyədə qəsdən Amerika süni zəlzələ edib”,  “torpağın altında bomba partladıblar” və s. elə sarsaq, axmaq, heç bir elmi əsası olmayan şayiələr dolandı ki, iki kitab oxuyanların saçı ağardı. Amma insanlar inandılar. İnandılar və paylaşdılar. Bu cəhalətə o qədər inandılar ki, bunun Quran ayəsi olduğuna belə şübhə etmədilər. 

Zəlzələnin Allahın bəlasına olmağına isə lap çox inandılar. Amma bir nəfər soruşmadı ki, Allah tikintidə armaturu oğurlayıb, yoxsa betonu Allah keyfiyyətsiz düzəldib? Yoxsa Allah əmr verib ki, bünövrəsiz ev-bina inşa elə? Yenə hər şeyi atdılar Allahın üstünə…

İndi də oxuyuram ki, bəzi tikinti şirkətləri zəlzələ ilə bağlı xəbərlərdən yaman təşvişə düşüblər. Çünki insanlar qısamüddətli olsa da, düşünür ki, bu çoxmərtəbəli evlərə etibar yoxdur. Niyə öz əlimlə özümə bahalı məzar alım?

Ona görə də, tikinti şirkətlərinin sahibləri zəlzələ barədə danışan, əsl elm adamlarının efirlərdə, saytlarda olmasını istəmirlər. Geoloqlar, seysmoloqlar gözlərinin düşmənidir. Çünki seysmoloqların sözlərinə görə, Bakıda zəlzələyə davamsız binalar çoxdur. Tikinti şirkətləri və tikintiyə cavabdeh dövlət qurumları isə daş atıb, başlarını, daha doğrusu vəzifələrini tuturlar ki, elə deyil.  Bunların tikdikləri çoxmərtəbəli binalar nəinki zəlzələyə, göydən daş belə yağsa aşmayacaq binalardır.

Belə baxanda, onlar da buna inanırlar. Axı “icazə” veriblər, “yoxlamalar” aparıblar. “Gözləri ilə görüblər” betonu da, armaturu da…

Əslində qınamıram. Mənim inandığım məsələlər var. İki dünya bir olsa da, yenə də inanacağam. Məsələn mən inanıram ki, Azərbaycanda rüşvət yoxdur. Kim nə deyir, desin. İnanıram! 

İnanmıram ki, məcburi məhkəməyə gətirilmə qərarı qəbul olduğu halda Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ölkədən hansısa yollarla çıxıb. Rüşvət verib? Haşa! Qətiyyən!

İnanıram ki, gec-tez İlahi ədalət bərqərar olacaq. Nurlana Əliyeva ölkəyə ayağını basan kimi məhkəməyə aparılacaq. Əslində kim bilə bilərdi ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Gülməlidir, deyilmi? 
Onu da inandırıblar ki, narahat olma, məsələni həll edəcəyik. O da inanıb.

Bayaq dedim axı, hamı inanmaq istədiyinə inanır. 

Qeyd edim ki, qeyd etdiyim proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir