Cəmiyyət

Azərbaycanlı xilasedicisi: “Tapdığımız qızılları Türkiyə jandarmasına təhvil verdik” – FOTO/VİDEO

Sharing is caring!

“Kahramanmaraşda dağıntılar altından tapdığımız qızılları jandarmaya təhvil verdik”.

Bunu “Report”un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Əliş Şirzadov deyib.

Onun sözlərinə görə, sona qədər Türkiyədə axtarış-xilasetmə işlərini davam etdirəcəklər:

“Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə gəlmişik. Artıq 10 gündən çoxdur ki, Kahramanmaraşda axtarış-xilasetmə işləri aparırıq. Burada dağıntılar altından 53 insanı sağ, 771 nəfərin isə meyitini çıxartmışıq. Əlbəttə, dağıntılar altından qardaş-bacılarımızın nəşini çıxartmaq bizim üçün çox üzücüdür. Əlimizdən gələn nə varsa, edirik. Həmçinin, Türkiyədə zəlzələdən zərərçəkmişlərə humanitar yardımlar da göstəririk. Sona qədər də qardaşlarımızın yanındayıq”.

“Qrup rəhbərimiz Arif Şahbazlı, mən və Elvin adlı əməkdaşımız Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları aparan zaman dağıntıların altından qızıl-zinət əşyaları tapdıq. Mən də həmin əşyaları qrup rəhbərimin iştirakı ilə jandarma əməkdaşlarına təhvil verdim. Bu, bizim üçün şərəfdir”.

Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir