Cəmiyyət

Zəlzələni əvvəlcədən necə bilmək olar?

Sharing is caring!

Qan Turalı yazır…

Pandemiya oldu, məlum oldu ki, biologiyanı bilmirik. Müharibə oldu, məlum oldu ki, tarixi bilmirik. Zəlzələ oldu, məlum oldu ki, coğrafiyanı bilmirik. 

Çünki hələ 6-cı sinif “Coğrafiya” kitabında yazılmışdı ki, zəlzələləri qabaqcadan proqnozlaşdırmaq mümkünsüzdür. Ancaq buna baxmayaraq Bakıda zəlzələ olacağı ilə bağlı xəbərlər “TikTok” başda olmaqla sosial şəbəkələrdə ildırım sürəti ilə yayılmaqda idi. Vəziyyət o qədər gərginləşdi ki, Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ olmayacağı ilə bağlı  açıqlama yaymağa məcbur oldu. 

Ancaq burada qarşımıza bir sual ortaya çıxır. Məlum olduğu kimi, elm texnologiya çox yüksək sürətlə inkişaf edir. Zəlzələlərin nəticələri də göz qarşısındadır dəhşətli insan itkisi, böyük iqtisadi zərər… Bəs niyə zəlzələləri proqnozlaşdırmaq barəsində işlər görülmür? 

İtalyan geoloq Kris Maron belə deyir: “Zəlzələləri laboratoriyada simulyasiya edəndə onları proqnozlaşdırmaq mümkün olur. Ancaq təbiətdə isə bu mümkün deyil. Çünki həddən artıq çox seysmik hay-küy var. Çoxlu laylar, təbəqələr var. Yer kürəsi daim donquldayır və guruldayır. Üstəlik, inşaat səsləri və maşınların aşağıya ötürdüyü səslər… Bu qədər böyük hay-küyün içində hansı səslərin layların səsi olduğunu müəyyən etmək mümkünsüzləşir”.

Ancaq yeganə metod layların hərəkətini öyrənmək deyil. Çin alimləri bu məqsədlə atmosferin ionosfer təbəqəsini öyrənirlər. İonosfer atmosferin 70 və 400-cü kilometrlərində yerləşir. Buradakı elektrik yüklü hissəciklərdəki dəyişikliyin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, Pekin Zəlzələ Proqnoz İnstitutunun araşdırmalarına görə Kaliforniyadakı zəlzələdən 10 gün qabaq elektrik yüklü hissəciklərdə dalğalanmalar qeydə alınmışdı. Göründüyü kimi, zəlzələni qabaqcadan öyrənməyin bir yolu da Yerə yox, göyə baxmaqdır. 

İsrailli alimlər  ionosferdəki dəyişiklikləri öyrənərək böyük zəlzələləri 48 saat əvvəl təxmin edə biləcəklərini iddia edirlər. Ancaq bu iddia hələ də təcrübədə sübut edilməyib. 

Çin ionosferdəki dalğalanmaları öyrənmək üçün kosmosa bir peyk də göndərib. Ancaq məlumat bazası çox məhduddur. İonesferdəki hansı dəyişikliklərin zəlzələ yaradacağını bilmək üçün keçmişdəki vəziyyəti yaxşı bilmək və mövcud vəziyyəti  keçmişdəki vəziyyətlə müqayisə edərək şərh vermək gərəklidir. Bu metodun ən böyük problemi də zəlzələnin yeri barədə məlumat verə bilməməsidir. 

Yaponiya atmosferdəki su buxarındakı dəyişikliklərə ümid bağlayır ancaq 70 faiz həqiqət payı olan bu metod da zəlzələnin episentrini və dəqiq vaxtını müəyyən edə bilmir. 

Bizə yaxşı tanış olan digər bir metod da var: Heyvanların zəlzələdən əvvəlki saatlarda qəribə davranışları… Almaniyanın Maks Plank Heyvan Davranışları Araşdırma İnstitutundan Martin Vikelski Maraş zəlzələsindəki heyvanların qəribə davranışı göstərən videoları BBC üçün təhlil edib. Videoda ulayan bir it, ağacın yuxarı hissəsinə qonan quşları müşahidə edirik. Alim bu davranışların səbəbinin zəlzələ olduğuna şübhəylə yanaşır: “Biz heyvanları izləməli, onların davranışlarını qeyd etməliyik ki, meydana gələn dəyişiklərin nə qədər olduğunu görək. İtin ulaması müstəqim mənada heç nə ifadə etmir”. Ancaq qeyd edilən institut uzun müddətdir ki, zəlzələnin proqnozlaşdırılması üçün heyvan davranışlarını öyrənir. 

Göründüyü kimi, alimlər bu sahədə çalışırlar. Yaponiya zəlzələ xəbərdarlıq sistemini artıq uğurla tətbiq edir. Ölkənin hər bir tərəfinə minlərlə seysmik cihazlar yerləşdirilir. Məlum olduğu kimi Yaponiyada sürəti 300 kilometrdən artıq olan sürət qatarları fəaliyyət göstərir. Qatarlara yerləşdirilmiş seysmik cihazlar nəticəsində zəlzələdən bir neçə saniyə əvvəl qatarların fəaliyyəti avtomatik şəkildə dayandırılır. Əks halda, zəlzələ nəticəsində qatarlar aşa və böyük insan itkisi ola bilər. Ancaq bu sistemin də bir problemi maksimum 1 dəqiqə əvvəl xəbərdarlıq verməsidir. Bu 1 dəqiqə ərzində insanlar evlərinin daha təhlükəsiz yerlərinə keçə bilirlər. Bir çox hallarda bu xəbərdarlıq həyati əhəmiyyət daşıya bilir. 

Ancaq elm və texnologiyanın nəhəng inkişafı fonunda zəlzələlər əvvəlcədən proqnozlaşdırıla bilinməsə də zəlzələyədavamlı binalar tikilməsi mümkün olmuşdur. Bu mənada zəlzələ qarşısında bəşəriyyət heç də əvvəlki dövrlərdəki kimi gücsüz görünmür. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir