Cəmiyyət

Mingəçeviri Qafqazın enerji mərkəzinə Ulu Öndər Heydər Əliyev çevirmişdir

Sharing is caring!

      Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının əsası qoyulmuşdur. 1981-ci ildə bu stansiyanın birinci blokunun açılışında da Heydər Əliyev şəxsən iştirak etmişdir.

       Yaşlı və orta nəslin yaxşı xatirindədir ki, bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Lakin keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı.

        Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, ömrü ən azı 20 il uzadılıb, etibarlılıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib, 620 MVt-dan artıq “itirilmiş” güc bərpa olunub.

       Digər tərəfdən, nəinki ölkədə, ümumiyyətlə Avropada enerjiyə artan tələbat və ixrac imkanlarının genişlənməsi də əlavə tədbirlərin görülməsini zəruri edirdi. Buna görə də “Azərbaycan” İES-in mövcud ötürücü sistem və kommunikasiyalarına inteqrasiya olunmaqla əlavə yeni elektrik stansiyasının layihəsi hazırlandı.

         Hazırda Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan  qaz turbinləri, generatorları, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan util qazanlar və blok transformatorları quraşdırılacaq. Yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması həyata keçiriləcək, 500 və 330 kV-luq yarımstansiyalarda kompleks genişləndirmə işləri aparılacaq.

        Beləliklə, Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni və nəhəng, müstəqil istismar edilən elektrik stansiyası olacaq. Bu isə nəinki respublikamızın, xarici  ölkələrin enerji təchizatında böyük irəliləyişdən, xalqımızın social-maddi güzəranının daha da yaxşılaşdırılmasından xəbər verir.

Dəyanət Əskərov, 

 Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir