Cəmiyyət

Xüsusi karantin rejimi uzadılır: “COVID-19 hələ bir neçə il davam edəcək” – ŞƏRH + FOTO

Sharing is caring!

Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə tətbiq edilmiş xüsusi karantin rejimi 2023-cü il mart ayının 1-nə qədər davam edəcək.

Artıq karantin rejiminin bitməsinə sayılı günlər qalsa da, qaydaların yenilənib, yenilənməyəcəyi hələlik məlum deyil.

COVID-19-a yoluxma sayının minimuma enməsi, bütün dünyada koronovirusun səngiməsi Azərbaycanda da xüsusi karantin rejimin tamamilə ləğv edilməsi haqqında mübahisələrə səbəb olub. Əksəriyyət karantinin saxlanmasına ehtiyac görmədiyi halda, bir çox insan virusun yeni mutasiyalarının yayılacağından ehtiyatlanır və karantin rejiminin qüvvədə qalmasını dəstəkləyir.

Maraqlıdır, xüsusi karantin rejimi martın 1-də tamamilə ləğv ediləcək? Koronavirusla əlaqədar ifadələrin həyatımızdan tamamilə çıxması nə qədər zaman ala bilər?

Bununla bağlı Oxu.Az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejimi bu dəfə də uzadılacaq. Komitə sədrinin fikrincə, gərək pandemiya bütün dünyada bitsin ki, Azərbaycanda da rejimin tamamilə ləğvi mümkün olsun:

“Biz Ümumdünya Səhiyyə Təşkilatının qərarını gözləməliyik. Ara-sıra Çində, başqa dövlətlərdə virusun alovlanması halları baş verir. Qış-yaz aylarında müxtəlif infeksiyaların qrip və virusların artması bütün dünyada müşahidə olunur. Hesab edirəm ki, karantin rejiminin tamamilə ləğvini yaya saxlamaq daha düzgün olar. Onsuz da çox yüngül karantin rejimi var, insanların sosial həyatı, iş prosesi və s. qısıtlanmayıb. Yenə də qoruyucu tədbirlər, çox sıx yerlərə getməmək haqqında tapşırıqlar, tibbi maskadan istifadə, dezinfeksiya tədbirləri və vaksinasiya davam etməlidir. Kim 3-cü doza vaksini vurdurmayıbsa, gecikməsin”.

Musa Quliyev qripə görə də ayrılıqda vaksinasiya aparılmasını düzgün hesab edir:

“Çünki qış aylarında qrip infeksiyalarının sürətlə yayılması və ağırlaşması da ümumi duruma təsir edir. Hələ bilmək olmaz ki, bundan sonra “Omikron”un hansı yeni növləri ortaya çıxacaq, bu virus özünü necə aparacaq. Proses, mənə elə gəlir ki, bir-iki il də davam edəcək.

Koronavirusa qarşı peyvəndlərin digər viruslara, qrip infeksiyasına qarşı da qoruyucu tərəfləri var. Ümumilikdə, peyvənd orqanizmin immunitetini yüksəldən vasitə olduğuna görə, vaksinasiya məsləhətdir”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa ilk yoluxma 2020-ci ilin mart ayında qeydə alınıb. Bu vaxtdan indiyə kimi 828 174 nəfər virusa yoluxub. Bunlardan 817 922 nəfər sağalıb, 10 097 nəfər dünyasını dəyişib. Ötən dövr ərzində COVID-19 əleyhinə 13 944 727 vaksinasiya aparılıb.

Hazırda 155 aktiv koronavirus xəstəsi müalicə alır.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir