Cəmiyyət

BDYPİ-dən Qaradağda sürət həddinin 70 km/saata endirilməsi ilə bağlı etirazlara CAVAB + FOTO

Sharing is caring!

Sürücülər Qaradağ rayonunda sürət həddinin endirilməsindən narazılıq edirlər. 

Bu barədə etirazlar sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən paylaşılır. Paylaşımlarda Qaradağ rayonunda “Qaradağ marketə” təxminən 100-150 metr qalmış quraşdırılan radar ilə ərazidə sürət həddinin 90 km/saatdan 70 km/saata endirilməsi mübahisə yaradıb. 

Sürücülər ətrafda yaşayış massivi olmadığı halda sürət həddinin endirilməsinə bir izah verə bilmirlər. Bəziləri sürət həddinin endirilməsinin ərazidəki marketlə əlaqəli olduğunu iddia edirlər. 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yolda bir müddət əvvəl piyadaların iştirakı ilə baş verən çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı:

“Bu səbəbdən də həmin ərazidə yaşayan vətəndaşlar tərəfindən BDYPİ-nə müraciətlər daxil olurdu. Sözügedən müraciətlər əsasında əraziyə baxış keçirildi, monitorinqlər aparıldı. Yekun nəticə olaraq vətəndaşların müraciəti nəzərə alınaraq yolda sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Sürücülərdən xahiş olunur ki, bu yoldan keçən zaman qeyd edilən sürət həddinə, yol nişanlarının tələblərinə riayət etsinlər, özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmasınlar”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir