Cəmiyyət

Doğmursansa, niyə ərə gəlirdin?

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Sosial şəbəkələrdə ailə-məişət mövzularının ən çox müzakirə olunduğu bir qrup var. Bu qrup mənə görə Azərbaycan reallığını o qədər dəqiq ehtiva edir ki, heç bir başqa idarəyə ehtiyac yoxdur. Nə Dövlət Statistika Komitəsinə, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, nə də bir başqasına. 

Nə qədər qəribə səslənsə də, bu qrup cəmiyyətdə baş verənlərin ən dəqiq təsvirini və qiymətini verir. İstər ailə məsələlərini, istər qadın-kişi münasibətlərini, istər gəlin-qayınana və s. Kaş ki, üç-beş savadlı sosioloqumuz olaydı, bu ümmana girib məlumat çıxarardı. 
Bu gün səhər oxuduğum status isə məni bir daha bu məsələyə qayıtmağa məcbur etdi. 

Deməli altı ayın gəlininə qayınana deyir ki, “əgər doğmursansa, niyə ərə gəlmisən? Məqsədin nədir?”  

Məsələ isə odur ki, gəlin hələ övlad istəmir və bütün vasitələrlə hamilə qalmamağa çalışır. Bunun üstündə də ailədə söz-söhbət yaranır. Qayınana oğulla-gəlinin arasında iğtişaş yaradır. Qadın da bu barədə post yazıb qrupa.

Məsələyə şərh yazan digər qadınlar da eyni halla üzləşdiklərini bildirir, məcburən həkimə aparılmaları və ailədaxili təzyiqlə üzləşdiklərini qeyd edirlər.  

Elə postun altında bir başqa qadın isə yazdı ki, təsadüfən hamilə qalıb, amma qarnındakına nifrət edir.  Ailədə isə vəziyyət elədir ki, uşağı aldıra bilmir. 

İkinci faciə. Qadının seçimi yoxdur. O istəmədiyi körpədən imtina edə bilmir və nəticədə dünyaya sevilməyən körpə gələcək. Ən yaxşı halda ümid edək ki, körpə doğulandan sonra anada analıq instinkti yaranacaq və körpəyə qayğı göstərəcək. Nə bilmək olar, bəlkə də sonra sevməyə başladı. 

Bəs pis halda nə olacaq? 

O uşaq ona nifrət edən ana ilə necə yaşayacaq? Hansı fiziki və mənəvi travmalara alacaq? Sabah psixoloji cəhətdən böhrana düşəndə kim zamin ola bilər ki, o, özünə qəsd etməsin? Bəli, versiyalar çoxdur. Hadisə istənilən tərəfə inkişaf edə bilər. 

Qayıdıram şərhlərə. 

Bu posta digər qadınlar aqressiv şərhlər tökməyə başladılar ki, “bəs o uşaq üçün qapı-qapı gəzənlər var, sən naşükürlük edirsən  və s.” Amma heç kim anlamadı ki, hər bir kəs nə vaxtsa valideyn olacağına özü qərar verməlidir. Əgər kimsə övlad həsrətiylə yaşayırsa, bu o demək deyil ki, hamı uşaq gətirməlidir dünyaya. Və ümumiyyətlə belə bir qayda harada yazılıb axı? Hamının valideyn olmaq kimi seçimi varsa, olmamaq seçimi də var. Həyatda ən böyük nailiyyət kimi bunu qələmə vermək nə dərəcədə doğrudur? Eramızdan əvvəl də insanlar doğub-törəyiblər, eramızdan sonra da. Yəni burada fövqəltəbii və fövqəladə bir şey yoxdur. 

Amma qonşunun gəlini artıq ikinciyə hamilədir, sən hələ birini doğmamısan kimi tənələr eşidən qadınlarımız təəssüf ki, az deyil. Buna görə psixoloji və fiziki zorakılığa məruz qalanlar da az deyil. Bəzən eşidirik ki, qızının ər evində başının sakit olması üçün gəlinin valideynləri müalicə üçün xərc çəkir ki, təki qızının qucağında uşaq olsun. Mənə görə bu faciədir. Bir insanın hər gün zorakılıqla üzləşməsi faciədir. 

Məsələ ondadır ki, bu qədər inkişafa baxmayaraq, hələ də feodalizm düşüncələri cəmiyyətimizdə hakimlik edir. 

Məsələn, əksər ailələr istəyir ki, oğluna savadlı, işli-güclü qız “alsın”. Eyni zamanda da qayınana-qayınatanın dediyi vaxtda hamilə qalsın, uşaq doğsun.

Əgər qadın uşaq istəmirsə o zaman meydana “suallar” çıxır. Gəlin niyə doğmaq istəmir? Elə bil dövlət sifarişidir, mütləq icra olunmalıdır. Əks halda qarşıdurma yaşanır. Məsələyə gəlinin valideynləri də qarışırlar. Hətta bəziləri deyir ki, bu, ənənədir. Ərə gedən doğmalıdır, başqa nə işi var ki? 

Sonda bu nəticəyə gəldim ki, bizdə mütləqdir ki, bir qadın ərə getdisə 9 ayın tamamında uşağı olmalıdır, uşağın bir yaşı tamam oldusa ikinci uşağa hamilə qalmalıdır. Əks halda “niyə ərə gəlmisən ki?” sualı səslənəcək. 

İkincisi, əgər qadın deyirsə və ya düşünürsə ki, bir müddət keçəndən sonra hamilə qalmağı planlaşdırır, onu elə həmyaşıdları, həmcinsləri “ala qarğa” kimi daşa tutacaq, “biz nə zülmlə hamilə qalmışıq, Allah buna uşaq verir bu qudurub” deyəcəklər. 

Bizdə iki nəfər ailə qurmur. Ailəni qudalar, hər iki tərəfin əmiləri, dayıları, xalaları, nənə-babaları, bibləri qururlar. Və bu “xalqın” qarşısında gəlin uşaq doğmadısa, heç nə. Sadəcə biabırçılıqdır deyəcəklər.  

Biz hələ də ailə institutunun nə olduğunu özümüz üçün müəyyən etməmişik. Bizdə “nənə-baba-nəvə” institutu, “qohum-qonşu nə deyər?, “müstəqil qayınana ekspert” institutu var (hər iki tərəfdən, heç kim yaxasını kənara çəkməsin). 

Biz hələ də anlamırıq ki, əgər iki nəfərin bir-birindən xoşu gəlirsə bu hələ o demək deyil ki, qapıya “elçilər” getməlidir. 

Biz hələ də anlamırıq ki, evliliyin ilk iki-üç, hətta beş ilini cütlük sadəcə özü üçün yaşaya bilər. İnsanlar bir yerdə karyera qurub, iqtisadi cəhətdən möhkəmlənə, səyahət edə bilərlər. Vacib deyil axı, həmin evə gələn kimi  hamilə qalıb, uşaq bezi təmizləsin. Əgər cütlük valideyn olmağın məsuliyyətini anlamırsa niyə gələcək körpənin də həyatını məhv etməlidir? 

Və yenə də ona gəlirəm ki, hər bir fərd, istər qadın, istər kişi ilk növbədə öz ayaqları üstündə durmalı, öz iqtisadi azadlığını təmin etməli, öz olar-olmazını müəyyən etdikdən sonra ailə qurmalıdır. Ana-atanın əlinə baxan oğlandan ər, qızdan da arvad olmaz mənim əzizlərim. Ailəni sağlam düşüncəli adamlar qurmalıdır, əks halda uşaqlar da psixoloji travmalarla yaşamağa məcbur olur. 

Məsələ isə çox dərindir. Cəmiyyət olaraq işimiz çoxdur. İlk növbədə isə oxumalıyıq. Gecə-gündüz kitab-dəftər əlimizdən düşməli deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir