Cəmiyyət

İldə iki-üç gün qar, iki ay “aclıq”: “Papaq fəsli” olduğundan müştərilər yox dərəcəsindədir” – FOTO

Sharing is caring!

Hava şəraitinin kəskin dəyişməsi gözəllik salonları və kişi bərbərlərinin işinə də özünəməxsus şəkildə təsir edib. Müşahidələrimizə görə, qadın salonlarının əksəriyyətinin qapıları qarlı havalarda bağlı olur. 

Maraqlıdır, ustalar işə gəlməyə nəqliyyat vasitəsi tapmır, yaxud, sadəcə, üşüyürlər, yoxsa heç müştərilər də soyuq havalarda saç-başlarına diqqət yetirmək həvəsində olmurlar?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı bir neçə usta ilə danışıb. Maraqlı məqamlar ortaya çıxıb.

Dırnaq ustası Mina Bəkirli işin azlığını bahalaşma ilə əlaqələndirir:

“Təəssüf ki, gözəllik salonlarında son vaxtlar iş azlıq təşkil edir. Səbəb isə hesab edirəm ki, qiymətlərin yüksək olması ilə bağlıdır. Qiymətə birbaşa təsir edən amil materialın bahalaşmasıdır. Digər sahələrdə olduğu kimi, burada da məhsulların qiyməti ikiqat artıb. Bundan əlavə, gözəllik mərkəzlərində icarə haqqı da yüksəkdir. Bütün bunlar prosedurun qiymətinə təsir göstərir. Gözəllik salonundan sırf bu səbəblərə görə bir müddət əvvəl ayrıldım”.

M.Bəkirli qeyd edir ki, pandemiya başlayandan sonra xanımların qiymətlərin yüksək olmasından narazılıqlarını müşahidə edib:

“Ona görə də fərdi şəkildə evdə çalışmağa qərar verdim. Düzü, peşman deyiləm, çünki bahalaşma dövründə bu qərarım mənə, əksinə, prosedur qiymətlərini xanımların cibinə uyğun tətbiq etməyə imkan verdi. Salonda çalışdığım vaxt “tipsi” qaynağını 50 manata edirdim, hazırda iki dəfə endirmişəm. Xanımın öz dırnağına gel ən çox məsləhət gördüyüm və üstünlük verdiyim dırnaq prosedurlarındandır ki, onu da salondakından fərqli olaraq, yarı qiymətə edirəm”.

Dırnaq ustası qışda müştərilərinin sayının bir qədər azaldığını əlavə edir:

“Yaz və yayda əl və ayaq dırnaqlarına bütün bu prosedurları edirlər. Lakin digər aylarda ayaq dırnaqlarına heç bir prosedur etdirmirlər. Buna görə iş bir qədər azalıb. Ayda bir dəfə daimi müştərilərim əl dırnaqlarını düzəltdirmək üçün gəlirlər. Hava şəraiti kəskinləşəndə gəlişləri təxirə salına bilər. Bu da normal haldır. Nəticə o qədər də bərbad deyil”.

Saç ustası Natavan Nəbiyeva təkcə soyuq havalarda deyil, ümumiyyətlə bayramdan bu günə qədər müraciət edənlərin sayının xeyli azaldığını qeyd edib:

“Qış “papaq fəsli” olduğu üçün xanımlarımız şadlıq olandan-olana salona üz tuturlar. Hava belə olanda müştərilərimizin sayı tamamilə azalır. Ümumiyyətlə, yanvar-fevrala “aclıq ayları” deyirik. Salonun “ac” aylarıdır. Çünki müştərilərin sayı çox az olur”.

N.Nəbiyevanın sözlərinə görə, kəskin hava şəraiti olanda ustalar müştəri olmadığı üçün məcburən salonu bağlayırlar:

“Hər kəs bayrama yaxın gəlib özünü səliqəyə salır. Bir də bir-iki aydan sonra gəlir. O da soyuq aylara təsadüf edir. Saç papaq altında qaldığı üçün heç kəs gəlmir. Toylar təxirə salınmasa, yenə iş olacaq. Toy da olmasa, salonu bağlayıb, otururuq. Müştəri zəng edəndə işə çıxırıq. Ancaq toy gözləyirik”.

Lazer ustası Samirə Əlizadə xanımların qış aylarında heç korreksiyaya da gəlmədiklərini bildirir:

“Epilyasiya qadının hər gün getdiyi yer deyil. Bir-iki aydan bir gedilən yerdir. Ancaq qış fəsli başlayandan qadınlar prosedura gəlmək istəmirlər. Hətta korreksiyanı belə, yarımçıq qoyanlar var. Yay fəslində mütəmadi şəkildə gəlirlər. Lakin anlamırlar ki, bir dəfə gəlməməklə artıq proseduru pozmuş olurlar. Aylar əvvəllər getdikləri də boşa sayılır və bunun da ziyanlı tərəfləri ortaya çıxır. Ona görə mütəmadi şəkildə gəlmələri tövsiyə olunur. Qış, yay – fərq etmir”.

S.Əlizadə əlavə edib ki, müştəriləri qış fəsli girəndən azalıb:

“Yəni təkcə havanın kəskin dəyişməsi müştəri sayına təsir etməyb, elə qış ayı girəndən eyni vəziyyət müşahidə edilir. Ümid edirik ki, hava düzələr, xanımlar da prosedurlarını yarımçıq qoymazlar”.

Kişi bərbəri Orxan Əliyev müştərilərin ayda ən azı iki dəfə salona gəldiklərini söyləyir:

“Kişi bərbərlərində vaxtı təxirə salmaq məsələsi, demək olar ki, olmur. Kişilər bir ay ərzində ən azı iki dəfə bərbərə gəlirlər. Vaxt təxirə salınmır. Hava pis olanda gedilməsə belə, bir gün sonra gedirlər. Kişilər saçdan əlavə, saqqallarına görə də müraciət edirlər. Qış və ya yay fərq etmir, işsiz qalmırıq. Qadın salonları ilə müqayisədə bizim işsiz qalan günümüz yoxdur. Hava da işimizə təsir etmir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir