Dünya

Ekspert: “Azərbaycan üzərindən daha çox yükün daşınması üçün imkan yaranıb” – FOTO

Sharing is caring!

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Azərbaycan üzərindən daha çox yükün daşınması üçün imkan yaradıb”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı Vüqar Bayramov bildirib.

“Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Bu marşrut Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir, eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan üzərindən daha çox yükün daşınması imkanı deməkdir”, – deyə o qeyd edib.

“Orta Dəhlizin vacib bir elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon ABŞ dolları vəsait ayrılıb. Həmin vəsaitin hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksələcək və Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq”, – deyə V.Bayramov vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya ediləcək layihələrdəndir:

“Rusiya-Ukrayna müharibəsi fonunda, eləcə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar kontekstində region üzrə daşınan yüklərin həcmində artım müşahidə edilir. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün zəmin yaradır. Bu baxımdan Zəngəzur dəhlizi həm də Azərbaycan üzərindən daha çox yüklərin daşınması üçün, regionun iqtisadi baxımdan faydalanması üçün bir layihədir. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Ötən ilin yekunları göstərir ki, Azərbaycan üzərindən daşınan yükün həcmində 30%-dən çox artım qeydə alınıb. Bu da regiona, yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir. Region yükdaşımalar habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkədir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacib hesab olunur”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir