Cəmiyyət

“Diasporun coğrafiyası” – Çingiz Abdullayev yazır

Sharing is caring!

Azərbaycan diasporunun coğrafiyasına nəzər salsaq, gözlərimizin önünə ilk gələn Tbilisi şəhəri olur. Qafqazda mədəniyyətlərin qovuşduğu Tbilisi şəhərinə azərbaycanlı mütəfəkkir və tələbələrin axını bir gerçəklik idi. Yəqin keçmişdə Tbilisidə Mirzə Şəfi Vazehdən dərs alan Mirzə Fətəli Axundov məclislərdə soydaşlarımızla bir araya gəlib diaspor cəmiyyətinin qurulması haqqında da düşünürmüşlər. Məhz Tbilisidə səs salan Aşıq Ələsgərin dastanlarının sədası Göyçədən İrəvana, Zəngəzura, Qarsa, İğdıra, Naxçıvana, Borçalıya, Təbrizə, Gəncəyə və digər mahallara yayılmağa başladı. Saz-söz adamları ilə yanaşı, Azərbaycanın görkəmli mütəfəkkirləri Həsən bəy Zərdabi, İsmayıl Qaspıralı, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil və başqaları müxtəlif zaman kəsiyində xalqı maarifləndirərək gələcəyi düşünür, o dövr yetişməkdə olan gənclərimizi ruhlandıraraq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə sövq edirdilər.

Sanki Qoridə, İstanbulda, Kazanda, Sankt-Peterburqda, Kiyevdə, Erlangendə, Varşavada, Parisdə təhsil alan soydaşlarımız geriyə dönərək müstəqil Azərbaycan Respublikasının atributlarını yaratmaqla mübarizəyə qoşuldular. Əgər Tbilisidə Meydan ərazisində soydaşlarımızın görüşləri məclislərdə keçirdisə, Türkiyədə, Amasiya şəhərində belə görüşlər, əsasən, azərbaycanlıların Şirvanlı məscidində baş tuturdu.

O zaman türk dünyasının görkəmli xadimləri İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad və Üzeyir Hacıbəyli Azərbaycanı müstəqil görmək arzularını İstanbuldan, Krımdan, Dərbənddən və Batumidən səsləndirirdilərsə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə həmkarları ilə birlikdə Tbilisidə, Bakıda, Gəncədə mücadilə aparırdılar. Nəhayət, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu, Versal sülh muqaviləsinə imza atıldı.

23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini itirdikdən sonra ayrılığa dözməyən cümhuriyyətçilərin bir qismi mühacir həyatı yaşayaraq ilk diaspor cəmiyyətlərini qurmaqla təsəlli tapdılar. Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli Parisdə, Məhəmməd Əmin Rəsulzadə isə Varşava və Berlində məskunlaşan soydaşlarımızı və tələbələri bir araya gətirərək dərnəklər qurmağa başladılar. Əsasən, Berlində və Varşavada nəşr olunan “Qurtuluş”, “Azərbaycan” dərgiləri soydaşlarımızı tənha buraxmırdı. Berlində qısa zaman kəsiyində məşhur olan bakılı yazıçı Məhəmməd Əsəd bəy və Parisdə Ümmülbanu öz əsərləri ilə o dövr cərəyan edən hadisələri təsvir edib Azərbaycan həqiqətlərini Avropa oxucularına çatdırırdılar.

Ötən əsrin əvvəllərində professor Bəkir Çobanzadə Türkiyədə, Krımda, İsveçrədə, əsasən də Macarıstanda yaşadığı dövrdə nəşr etdiyi “Şərq” qəzeti vasitəsilə azərbaycançılıq məfkurəsini yaymağa çalışırdı. Yazıçı, ictimai-xadim Yusif Vəzir Çəmənzəminli isə Ukraynada fəallığı ilə seçilirdi. Şərqi Avropanın digər ölkəsində, Polşada general Plisutskinin heyətində olan azərbaycanlı zabitlərdən Vəli bəy Yadigarın timsalında irəli sürülən təşəbbüslə “Prometey” təşkilatı yarandı. Təşkilat Avropada, ələlxüsus da, Almaniya və Fransada soydaşlarımız arasında zamanında təmas nöqtəsi oldu. 

Sosialist inqilabından sonra mühacirət həyatı yaşayan soydaşlarımız və xaricdə təhsil almış cümhuriyyət məzunları əsasən, Avropada məskunlaşmışdılar. Müharibədən sonra Münhendə yaşayan Məcid Musazadə və sonrakı illərdə Mirzə Xəzər “Azadlıq” radiosu vasitəsi ilə həqiqətləri ictimaiyyətə çatdıraraq soydaşlarımızla əlaqə qururdular.

Ankarada fəaliyyət göstərən Azərbaycan Kultur Dərnəyi isə mərkəz rolunu oynayaraq əsasən Türkiyədə məskunlaşan soydaşlarımızın inanc yeri idi. Dərnəyin qurucuları Məhəmməd Əmin Rəsulzadə, xanımı Vanda Rəsulzadə, Həmid Ataman, Rəsul Ünsal, Mustafa Vəkilov, Əbdüləli Əmircanov, Məhəmməd Kəngərli, Əbdülvahab Yurdsever, Bədəl, Əlirza Turan və digərləri birgə fəaliyyət göstərərək cümhuriyyət arzusu ilə yaşayırdılar. Onların davamçıları Cəmil Ünal, Selcuq Önal, Nəsrin İnal, Tuncar Kirhan bu gün də fəallıqları ilə seçilirlər. Türkiyənin Elazığ bölgəsində yaşamış azərbaycanlı şair Almas İldırımın vətənpərvər şeirləri mühacirət həyatı yaşayan soydaşlarımıza təsəlli verirdi. Həsən İsmayıllı isə İstanbulda Azərbaycan Kültür Dərnəyi qurmaqla fəaliyyətini 1998-ci ilə qədər davam etdirmişdi.

Bakıda, Kiyevdə, İstanbulda və Berlində mükəmməl təhsil almış türkoloq alim, professor Əhməd Cəfəroğlunun fəaliyyət dairəsi Türkiyə ilə yanaşı, Almaniya, İspaniya, Polşa, Macarıstan və Ukraynanı da əhatə edirdi. Türkiyədə Azərbaycan “Yurd bilgisi” jurnalının baş redaktoru Argentinada, Buenos-Ayresdə fəaliyyət göstərən “Turan” cəmiyyətinin fəxri üzvü idi.

Orta Asiyanın bir sıra şəhərlərində, əsasən Buxara, Səmərqənd, Bişkek və Alma-Atada azərbaycanlıların fəaliyyəti ötəri xarakter daşıyırdısa, Aşqabadda görkəmli ictimai xadim Salman Mümtazın simasında diaspor fəaliyyəti qəzet və jurnallarda dərc olunan məqalələrdə öz əksini tapırdı.

XX əsrin ortalarında Maqsud Şeyxzadənin Daşkənddəki yaradıcılığının nəticəsi olaraq, Cilarqan məhəlləsində yaşayan çoxsaylı azərbaycanlıların təşkilatlanmasına səbəb olmuşdu. Onun yazdığı “Daşkəndnamə” əsəri isə özbək xalqının sevimli dastanına çevrilmişdi. O dövrdə Mosul və Kərkükdən türkmən qardaşlarımızın arzularını şair Əbdül Lətif Bəndəroğlu bizlərə professor Qəzənfər Paşayev vasitəsi ilə çatdıraraq körpü rolunu oynamışdı. 

Sovetlər dönəmində xarici ölkələrdə qastrol səfərlərində olan Niyazi, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova və Fərhad Bədəlbəylinin soydaşlarımızla görüşləri təskinlik hissləri ilə bağlı idi. Qara Qarayevin “İldırımlı yollar” baleti, Fikrət Əmirovun “Kürd ovsarı” muğam sinfoniyası və Arif Məlikovun “Məhəbbət əfsanəsi” Azərbaycanı tərənnüm edirdi. Əzizə Mustafazadənin caz ifası, Alim Qasımovun ecazkar muğam ifası müstəqilliyə gedən yolun müjdəsi oldu.

Kino xadimlərimizin milli ruhda yaratdıqları filmlər soydaşlarımızın xarici ölkələrdə təsəlli tapmaları üçün əyani vəsait idi.

Heykəltaraş Ömər Eldarovun Düşənbənin mərkəzində yazıçı-alim Sədrəddin Ayniyə həsr olunmuş memorial-ansamblı Tacikistan-Azərbaycan dostluq əlaqələrinin simvoluna çevrilmişdi.

Rəssamlarımız Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Kamil Əliyev, Toğrul Nərimanbəyov və Fərhad Xəlilov xarici ölkələrdə maraqlı sərgiləri ilə Azərbaycan incəsənətini tərənnüm edirdilər.

Sərhədlərin bağlı olduğu dövrdə Xalq yazıçısı Anarın Türkiyədə yaşayan qohumları Azərbaycan dərnəkləri və mədəniyyət xadimləri vasitəsi ilə ara-sıra əlaqə qururdular.

ABŞ-nin Berkli Universitetinin professoru, həmyerlimiz Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmə vurduğu möhür, Landaunun elmi ixtiraları, Rusiyanın Uzaq Sibir bölgəsində digər həmyerlimiz, geoloq, professor Fərman Salmanovun neft mənbələrinin kəşfi beynəlxalq arenada Azərbaycan adına layiqli izlər qoyurdu. 

Xaricdə Cümhuriyyət arzusu ilə yaşayan soydaşlarımızın bir qismi ilə Fransada diplomat Ramiz Abutalıbov, digər qismi ilə hələ Sovetlər dönəmində Almaniyada tərəfimdən keçirilən görüşlər nəticəsində ilk cəmiyyətin qurulmasına nail olduq. 1989-cu ilin yanvar ayında Almaniyanın Köln şəhərində “Azərbaycan Evi”ndə gənclərdən ibarət Azərbaycan nümayəndə heyətilə soydaşlarımızın görüşləri o dövr üçün inanılmaz idi.

Həsən Qərəvi, Xalis Tezel və Nihat Çətinkaya tərəfindən xalqımızın Qanlı 20 Yanvar və Xocalı faciəsi ilə bağlı etirazları bəyanat formasında Birləşmiş Millətlər Təşkilatına və xarici dövlətlərin başçılarına ünvanlanmışdı. Bonn-Brüssel və İstanbul yürüşləri beynəlxalq aləmə səs salmışdı.

XX əsrin sonunda Bakıdakı mitinqlərin fonunda ayağa qalxan Naxçıvan əhalisi İranla sərhədə toplaşaraq o taylı qardaş və bacılarına səslənirdilər. Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının sədaları, Cavad Heyətin “Varlıq” jurnalının var olması, Yaqub Zurufçunun ifasında “Ayrılıq” mahnısı Ərdəbilə, Urmiyaya, Zəncana, Ərdəbilə, Xoya, Qəzvinə, Təbrizə və Tehrana səs salaraq sevinc göz yaşları ilə müşahidə olunurdu.

XX əsrin sonlarının izdihamlı mitinqləri ilə xalqın müstəqilliyə gedən yolda mücadilə etməsi beynəlxalq arenaya səs salmışdı. 1990-cı ilin yayında İstanbuldan Azərbaycana təşrif buyurmuş Azərbaycan cəmiyyətinin sədri Nihat Çətinqaya özü ilə müstəqil Azərbaycanın bayraq və digər atributlarını gətirərək Yazıçılar Birliyində azadlıq aşiqlərinə təqdim etmişdi.

İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, Xudu Məmmədov, Rüstəm Əliyev, Sabir Rüstəmxanlı və digər ziyalılarımız xalqın arasında olmaqla gələcəyi daha aydın görürdülər. Həsən Həsənovun, Vilayət Quliyevin, Ramiz Əskərin, Abid Tahirlinin, Məryəm Seyidbəylinin diaspor mövzusunda apardıqları tədqiqat işləri mütəmadi olaraq dövrü mətbuatda bu gün də işıqlandırılır.

Züleyxa Əsədullayeva, Tomris Azərinin diaspor fəallığı, uzaq ABŞ-dən Nyu-Cersidən soydaşlarımızın həyəcan sədası daim eşidilirdi. Amerikalı Cefri Verbaxın Azərbaycan musiqi alətlərində ifası yaranan diaspor cəmiyyətlərinə yeni nəfəs verirdi.

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi həm də diaspor fəallarını birləşdirən bir məkana çevrilmişdi. Burada keçirilən tədbirlər indi də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi sanki azərbaycanlıların mütəmadi ünsiyyət qurduqları və tədbirlər keçirdikləri məkana çevrilmişdi.

Məşhur futbolçu Vəli Qasımovun da İspaniya və Portuqaliya klublarında çıxış etdiyi dönəmlərdə əsas düşüncəsi Azərbaycanı layiqincə təmsil etmək olmuşdu. Yaşadığı Sevilya şəhər əhalisinin müsəlmanlara olan tarixi münasibətləri, yaxşı mənada, Azərbaycana da sirayət edirdi.

Azərbaycanın müstəqilliyə qovuşması ərəfəsində Avropada diaspor cəmiyyətlərinin qurulması tendensiyasına başlanıldı. Alim və sənət adamları xarici ölkələrdə çalışaraq cəmiyyətlərə rəng qatdılar. Almaniyada professor Məqsud Əfəndiyev, professor İbrahim Alev, türkoloq Əhməd Horst Şmiede, yazıçı Orxan Aras, həkim Ağabəy Azərbaycani, Danimarkada professor Məsud Aşina, Rusiyada professor Tofiq Məlikli və Bella Musayeva,  Kanadada professor İlham Axundov, Norveçdə Qivami Rəhimli, İsveçdə Bəhram Atabəyli, Rəhim Sadıqbəyli, Fransada İren Melikova, Reza Deqati, Səid İsmayılov, Mustafa Alınca, Böyük Britaniyada professor Qulamrza Təbrizi, professor Türkay Gəncəli, Gürcüstanda Leyla Əliyeva ilk diaspor fəalları olmaqla yanaşı, elmi və yaradıcı fəaliyyətləri ilə də beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməkdədirlər.

Diaspor sahəsini əhatə edən monoqrafiya və elmi işlər davamlı yazılmaqdadır. Vəli Həbiboğlunun “Heydər Əliyev və Azərbaycan diasporu”, Rövşən Məmmədovun “Azərbaycan diasporu və milli mətbuat”, “Azərbaycan diasporu”, Vazeh Əsgərovun “Azərbaycanlıların Fransaya immiqrasiyası: tarix və perspektivlər”, Sevil Kərimovanın “Azərbaycan-İtaliya mədəni əlaqələri” kitabları, Sevinc Əsgərovanın “Azərbaycan-Çexiya tarixi mədəni əlaqələri” və Cavid Ələkbərlinin “Azərbaycan-İspaniya mədəni əlaqələri” elmi işləri həm də diaspor fəaliyyəti üçün mühüm mənbələrdir.

Azərbaycanı son otuz ildə tərənnüm edən xarici vətəndaşların da xidmətləri danılmızdır. ABŞ-də publisist Tomas Goltz, redaktor Betti Bleer, tarixçi Samuyel A.UJMZ, Almaniyada məşhur futbol məşqçisi Bernd Ştange, Avstriyada professor Erik Faygl, yazıçı Uli Routfuss, alim İngrid Şindilbek, professor Harmen von Lessen, İtaliyada professor Romolo Ercolino, naşir Sandra Tetti, İsveçdə rejissor Mikael Silkeberg, Polşada professor Yan Malinski, Gürcüstanda professor Guram Marxuliya, tədqiqatçı Simon Kopadze Azərbaycan həqiqətlərini yazan, çəkən və dilə gətirən şəxslərdirlər.

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, Bolqarıstan və Pakistanda Azərbaycanın beynəlxalq arenada tanınmasına xidmət etməkdədir. Müasir dövrümüzdə Moskvada Ümumrusiya Azərbaycanlılarının Gənclər Təşkilatı “AMOR”un uğurlu nümunəsi, həmçinin, İstanbulda, Vyanada, Parisdə, Berlində, Kölndə, Barselonada və başqa şəhərlərdə yaranan Azərbaycan evləri və Qarabağ məktəblərinə təkanverici qüvvə oldu və xaricdə cəmiyyətlərin fəallığı artmağa başladı, tədris və mədəniyyət mərkəzləri yarandı.

Hələ sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev azərbaycanlı tələbələri SSRİ-nin müxtəlif şəhərlərinə və qismən də xaricə göndərməklə gələcəkdə diaspor cəmiyyətlərinin yaranmasının təməlini qoymuşdu. Azərbaycan müstəqilliyə qovuşandan sonra ümummilli lider Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərinin məntiqi nəticəsində 2001-ci ilin 9-10 noyabr tarixində Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayı əlamətdar hadisə idi. Qurultayda yekun nitq söyləyən Heydər Əliyevin “Mən fəxr edirəm və həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam” kəlamı diasporumuzun devizi oldu.

Möhtəşəm tədbirin növbəti ilində yaradılan Diasporla iş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların inam məkanı sayılır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində Azərbaycan beynəlxalq arenada öz nüfuzunu artırmaqdadır. Qarabağda qəhrəmanlıq eposunu yazan ordumuz Ali Baş Komandanın rəhbərliyi və xalqın dəmir yumruq birliyi nəticəsində ərazi bütövlüyümüzü bərpa etdi və dəniz səviyyəsindən 1350 metr hündürlükdə – Şuşada Azərbaycan bayrağı dalğalandı. 44 günlük döyüş ərəfəsində ürəkləri bizimlə döyünən türk qardaşlarımız, başda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan sevdası hər birimizin qürur mənbəyidir.

Dünya azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Amerikadan Avstraliyaya, Avropadan Asiyaya kimi eşidilən “Qarabağ Azərbaycandır”, “Azadlıq”, “Zəfər”, “Qələbə” kəlmələri Vətən dili ilə hər bir soydaşımızın Ana sözü oldu.

“525-ci qəzet”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir