Cəmiyyət

Rövşən Binnətli: “Arzun “Santyaqo Bernabeu” da ola bilər, amma “İmarət”…” – MÜSAHİBƏ

Sharing is caring!

“Hələ uşaq yaşlarından futbol şərhçisi olmaq arzum idi. Uşaqlıq illərimin arzusu ilə həmişə bərabər addımlamışam. Lakin jurnalistika fəaliyyətinə yazılı mediada başlamışam”.

Bunu Oxu.Az-a müsahibəsində tanınmış idman jurnalisti, şərhçi Rövşən Binnətli deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycan idman jurnalistikasının “ağır artilleriya”larından biri olan Rövşən Binnətli 64 yaşına qədəm qoydu. Rövşən bəy, geri dönüb baxdıqda bu 64 ildə nələr görürsünüz?  

– İdman jurnalistikasının ölkə mediasında ayrıca bir qol kimi inkişaf etməsi olduqca sevindirici haldır. Jurnalistikanın müxtəlif sahələri var, bilirsiniz, amma idman jurnalistikası hər zaman adı ilə çağırılır, xüsusi vurğulanır. Bu da onun spesifik cəhətlərindən biridir. Geniş xarakterli olduğunu göstərir. İdman jurnalistikası, ümumiyyətlə, asan bir sahə kimi qavranılıb. Amma əslində, çox çətin bir sahə, məsuliyyətli işdir. Azı 20-yə yaxın idman növü var. 

Yəni bu, kənardan göründüyü qədər asan sahə deyil. Hər kəs bunu bacarar deyə bir fikir ola bilməz, bu, yanlış yanaşmadır. Oxucuya, izləyiciyə dolğun məlumat çatdırmaq üçün jurnalistin bilik və dünyagörüşü geniş olmalıdır. Məni sevindirən odur ki, Azərbaycanda xeyli idman jurnalisti var ki, bu sahədə öz sözünü deyə bilir.

Lakin sovet dönəmində jurnalistdən tələb olunan bu idi ki, əgər sən jurnalistsənsə, bu gün kənd təsərrüfatından, sabah mədəniyyətdən, o biri gün iqtisadiyyatdan yazmalısan. Yəni yanaşma bu cür idi.

Düşünürəm ki, yaxın beş ildə Azərbaycanda idman jurnalistikası bir qədər də genişlənəcək və xeyli sayda peşəkar jurnalistimiz yetişəcək. İndi təkcə futboldan reportaj aparana da idman jurnalisti deyirlər. Amma əslində, bunlar tamamilə fərqli məsələlərdir. Gələcəyə nikbin baxmağa əsas verən məqamlar var. Geriyə boylananda görürəm ki, təxminən 1994-95-ci illərdən bu sahə inkişaf yoluna qədəm qoyub və ümidvaram ki, yaxşı bir nöqtəyə gəlib çıxacaq.

– Ağdamda başlayan, Bakıda davam edən, qəzetdən televiziyaya qədər uzanan karyeraya sahibsiniz. Sizin üçün hansı dönəm daha dəyərlidir?

– Mən hansı sahədə olmuşamsa, tələbləri yerinə yetirməyə çalışmışam. Hələ uşaq yaşlarından futbol şərhçisi olmaq arzum idi. Uşaqlıq illərimin arzusu ilə həmişə bərabər addımlamışam. Lakin jurnalistika fəaliyyətinə yazılı mediada başlamışam. Orada da tələb nə olubsa, yerinə yetirmişəm. Eyni zamanda, bilmədiklərimi öyrənməyə çalışmışam. Arzuma çox gec yaşda çatsam da, davam etdirmişəm.

Şərhçilik dönəmində futbolla yanaşı, voleybol, bədii gimnastika və qış idman növlərinin oyunlarını da şərh etmişəm. Hər birinə maksimum məsuliyyətlə yanaşmışam. Bilmədiyim bir sahə olubsa, onun mütəxəssisini tapıb, məlumat almışam. Qaydaları onunla müzakirə edib, öyrənməyə çalışmışam ki, tamaşaçı qarşısında çətin vəziyyətdə qalmayım.

Təbii ki, qüsursuz mümkün deyil. Belə düşünürəm ki, tamaşaçılarımı şərhlərdə tam qane etməsəm də, onları çox da narazı salmamışam. Bütün dönəmlər dəyərli olub.

– Karyeranızda ən yaddaqalan hadisə hansıdır?

Hər biri özlüyündə yaddaqalandır. Eləsi var, xoş xatirə kimi yada salırsan, eləsi də var, səni narahat edir. Bəzən qərəzli, bəzən də qeyri-obyektiv tənqid olub. Amma acısı ilə, şirini ilə hamısı doğmadır. Çünki peşəmizin xarakteri belədir. Bu ağırlığa çiynin tab gətirməsə, onda bu yol ilə gedə bilməzsən.

Yazdığım yazını redaktor oxuyub qırmızıladıqca işimə daha məsuliyyətlə yanaşmışam. Redaktoruma qarşı içimdə inciklik qalmayıb. Düşünmüşəm ki, niyə mənim yazımın üzərində bu qədər qeyd var? Demək ki, hansısa məqamları mən düz etməmişəm. Onları bir-bir analiz etmişəm. Daha sonra “qırmızı”ların azaldığını gördüm. Çalışmaq lazımdır ki, hər gün nəsə öyrənəsən. Gənc nəsillə də ayaqlaşmağa çalışıram.

– Bu illər ərzində peşənizlə bağlı peşman olduğunuz anlar olubmu?

O qədər əsassız məqamlar olub ki, ümumiyyətlə uzaqlaşmaq istəmişəm. Sonra yenidən toparlanmağa çalışmışam. İndi elədir ki, tamaşaçılarla görüşə bilmirəm. Hər bir şərh edəcəyin yarışa, oyuna ciddi hazırlaşmalısan. Bu isə xeyli vaxt tələb edir. Amma tamaşaçılarla görüşmək istəyi içimdə var və düşünürəm ki, hələ bu görüşlərimiz olacaq.

– Televiziyaya kifayət qədər gec, 42 yaşınızda gəlsəniz də, çox uğurlu karyera qurmusunuz. Bunu isə hər adam bacarmır. Müqayisə etsək, sizcə, hansı daha asandır – telejurnalistika, yoxsa qəzet jurnalistikası?

– Mənə elə gəlir ki, qəzet jurnalistikası peşənin bütün incəliklərini öyrənməkdə jurnalistə çox kömək edir. Yəni televiziya jurnalisti də bir tədbirə gəlir, yazılı medianın nümayəndəsi də. Yazılı media nümayəndəsi orada baş verənləri oxucusuna çatdırmaq üçün bəlkə, 150 cümləlik bir material yazır. Yazılı mediada tamamilə fərqlidir, çünki onun orada görüntüsü yoxdur, yazmalısan. Ona görə sən fikrini daha dolğun şəkildə ifadə etməlisən. Bu cəhətdən, düşünürəm ki, mənim yazılı mediadan televiziyaya gəlməyim daha yaxşı oldu, artıq lakonik şəkildə fikrimi ifadə edə bilirəm. 

Mən ümidsiz olduğum zamanlarda da televiziya eşqi ilə yaşamışam. Həmişə özümü televiziyada görmüşəm. Televiziyada işləyənlərə ideal kimi baxmışam. Saatlarla güzgünün qarşısında oturub, özümü efirdən materialları oxuyan diktorların yerində təsəvvür eləmişəm, məşq etmişəm. Baxmayaraq ki, 42 yaşında gəlmişəm, amma ruhən ondan öncə də televiziyada “yaşamışam”.

– Uzun zamandır ki, oyun şərh etmirsiniz. Televiziyada rəhbər kimi fəaliyyət göstərirsiniz. Bir gün Ağdamda, “İmarət” stadionunda yenidən “Qarabağ”ın matçını şərh etmək istərdinizmi?

– Bu sualdan tüklərim biz-biz oldu… Əlbəttə, hər bir futbol şərhçisinin ürəyindən keçər ki, böyük arenalardan reportajlar versin. Bu, “Santyaqo Bernabeu” da ola bilər, başqası da… “İmarət” stadionunda oyun şərh etmək arzumdur. Bu, şərhçilik karyeramın zirvəsi olardı. Ümidim böyükdür. Mən düşünürəm ki, o gün qismətimiz olacaq və biz işğaldan azad olunmuş torpaqlarımızda – Ağdamda, Şuşada, digər bölgələrimizdə – möhtəşəm işlər görəcəyik. İnşallah, Ağdamdan sizi salamlayarıq.

– Sizcə, Azərbaycanda idman jurnalistikasının əsas problemləri nələrdir?

Bəlkə də, bu sualınıza cavabım kimlərinsə xoşuna gəlməyə bilər: öyrənmək meylinin azalması müşahidə olunur. Lakin öyrənmək mütləqdir. İdman jurnalistikası ümumi olmalıdır. Tək bir idman növündən yapışmaq olmaz. Böyüklər də nələrisə öyrənməlidirlər.

Rəqabət çox önəmlidir. Özlərindən güclülərlə rəqabətə hazırlıqlı olmalıdırlar. Eynilə idman növlərindəki kimi. Düşünürəm ki, yaxın gələcəkdə alternativsizlik getdikcə aradan qalxacaq və rəqabət məsələsi idman jurnalistikasında da artacaq. Mənə elə gəlir, işimizin xeyrinə olacaq.

Jurnalistikamızın çatışmazlıqlarından danışanda bu amil də mütləq qeyd olunmalıdır: bir tədbir olur, hamı bir-birindən köçürür, özlərini zəhmətə salmaq istəmirlər. Tədbirə gələn insan yazını özü yazmalıdır. Jurnalistika da peşəkarı belə qazanır. İnsan yaza-yaza püxtələşir.

– Bir çox yeni nəsil jurnalistlər, şərhçilər özlərini mənəvi olaraq sizin davamçınız, yetirməniz kimi təqdim edirlər. Bəs siz gənclərdən kimləri fərqləndirərdiniz? 

– Məni özünə müəllim sayan hər bir həmkarıma təşəkkürümü bildirirəm. Müəllimlik çox ağır işdir. O sözün arxasında çox böyük məsuliyyət dayanır. Mənim ilk işlədiyim gənclərimiz indi, maşallah, kamilləşiblər. Pərviz Musayevi, Şəmsəddin Abbasovu, Rövşən Məmmədovu, Tərlan Şahinoğlunu, Rəşad Rafiqoğlunu, Fərid Axundovu misal gətirə bilərəm. Onlar çox istedadlı uşaqlardır. Mən, sadəcə, onlara istiqamət vermişəm. İndinin özündə də şərhlərində nəsə problem olanda anında bildirirəm.

Bu, bir zəncirin yaranmasıdır. Ancaq biz gərək elə edək ki, o zəncir möhkəm olsun, yəni qırılmasın, çalışdığımız bu olmalıdır ki, öyrəndiklərimizi maksimum düz bilək, sonrakı nəslə də biliklərimizi düzgün ötürək. Çünki bir yanlışlıqdan digərləri və daha betərləri yaranır.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir