İdman

Azərbaycanın ikiqat Avropa çempionu: “Erməni ilə final döyüşünə psixoloji cəhətdən tam hazır idim”

Sharing is caring!


“İlk gündən özümü finalda gördüyümdən və buna inandığımdan, erməni rəqiblə döyüşə psixoloji cəhətdən tam hazır idim”.

“Report” xəbər verir ki, bunu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kq) finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub etdiyi görüş barədə danışarkən deyib.

İkiqat qitə çempionu Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında həlledici duelə rahat çıxdığını bildirib:

“Püşkdən sonra yarımqruplara baxdıqda bilirdim ki, finalda erməni ilə qarşılaşacağam. Çünki o, zəif yarımqrupda yer almışdı. Bütün əziyyətimi, olanları gözümün qarşısına gətirib rinqə yalnız qələbə üçün çıxdım və qalib gələrək, Azərbaycan himnini səsləndirdim”.

19 yaşlı boksçu bildirib ki, yarışa yollanarkən yeganə hədəfi ikinci dəfə Avropa çempionluğunu qazanmaq olub:

“Avropa çempionu titulumu qoruduğum üçün sevincliyəm. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı yenidən bacardım. Çempionatdan əvvəl ikinci dəfə Avropa çempionu olacağımı gözləyirdim. Ötən il Xorvatiyada keçirilən yarışın qalibi olmuşdum. Öz-özümə deyirdim ki, bu il də çempion olmalıyam. Hədəfim qızıl medal idi və bunu da əldə etdim”.

N.Hüseynovun sözlərinə görə, yarışda ən çətin döyüşü yarımfinala təsadüf edib:

“Bütün döyüşlərimi hakimlərin yekdil qərarı – 5:0 hesablı qələbə ilə bitirdim. Yarımfinal döyüşündə türkiyəli Semih Gümüşə qarşı bir anlıq həyəcan keçirdim. Amma yekunda yenə inamlı qələbə qazandım”.

Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin Avropa çempionatında bir qızıl, bir gümüş və üç bürünc medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir