Cəmiyyət

Ucqar kənddə unikal “Avropa” sinfi: “28 yaşlı şagird interneti mənim telefonumda görür” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Ucqar kəndlərdə işləyən müəllimlər var ki, çətin şəraitə görə geri qayıdırlar. İmtahandan uğurla keçib, bölgəyə təyinat aldığı halda imtina edənlər də az deyil. Anlamırlar ki, bölgədə yaşayanların gerçək biliyə ehtiyacları var”.

Bunu Oxu.Az-a müsahibəsində uşaqlara dərs keçmək üçün regiona üz tutan Coşqun Eldaroğlu deyib.

Müsahibəni təqdim edirik:

– Coşqun bəy, sosial şəbəkədə paylaşımlarınıza rast gəldik. Ucqar kəndlərdə yaşayan uşaqlara dərs keçmək üçün bölgələrə üz tutmusunuz. İstərdik, özünüz haqda oxucularımıza məlumat verəsiniz.

– Əslinə qalsa, müəllim deyiləm, jurnalistəm. Tanımayanlar müəllim olduğumu düşünürlər. Mühəndisliyi bitirmişəm. Mən, sadəcə, biliklərimi bölüşürəm. Cəmiyyət üçün necə faydalı olacağımı düşünürdüm. Və uşaqlarla biliyimi bölüşmək qərarına gəldim. Mən heç vaxt “məktəbsiz uşaqlar” söyləmirəm, “təhsilsiz uşaqlar” deyirəm. Çünki eləsi var ki, guya məktəbə gedir, lakin məktəb təhsili yoxdur. Məktəb şagirdlərə təhsil verə bilmir. Buna görə də ucqar kəndlərə üz tutdum, uşaqları bir araya gətirdim. Çünki uşaqlar təhsilsiz qaldıqlarına görə hərəsi bir tərəfə dağılıb.

– Uşaqlara hansı fənləri tədris edirsiniz?

– Dörd fənni tədris edirəm – ingilis dili, ana dili, riyaziyyat və coğrafiya adlandırdığımız dünyagörüşü dərsini tədris edirəm. Bütün məlumatları uşaqlarla bölüşürəm. Bilik yarışında qabağımıza hansı suallar çıxarsa, biz həmin dərsdə o məlumatları keçirik.

Özüm proqram tərtib etmişəm. Hər dəfə dərsə gedəndə 96 suallı test hazırlayıram. Keçdiyimiz dərsləri necə mənimsədiklərini öyrənirəm. Onlar üçün ortaq proqram hazırlayıram. Çalışıram ki, hamı hər hansı bir şəkildə çatdırsın, onu öyrənə bilsin. Sürətli mexanizm formalaşdırmağa çalışıram. Çünki hansı gün dərs deməyə gedirəmsə, 10 günün dərsini keçirəm. Bu da yeddi-səkkiz saatımızı alır. İki fəndən dərs keçəndən sonra böyük fasilə edirik. Həmin vaxt yemək bişirib, birlikdə nahar edirik. Nahardan sonra yenidən dərsə davam edirik.

– Müəllimliyə necə gəldiniz?

– Buraya gələnədək müəllimlik fəaliyyətim olmayıb. İngilis, rus, fransız, italyan dillərini bilirəm. Dil biliklərimi paylaşmışam. Müəllimliyə xüsusi rəğbət bəsləyirdim. Özüm də müəllim ailəsində dünyaya gəlmişəm. Atam riyaziyyat, bacım Azərbaycan dili müəllimidir. Uşaqlara dərs öyrətmək həvəsim ailəmdən irəli gəlir. Atam mənə bu işdə dəstək olur, mənim üçün konspekt hazırlayıb, onunla məsləhətləşirəm. Bütün müəllimlər kimi, dərsə evdə hazırlaşıb gedirəm. Dərsə aid oyunlar hazırlayıram. Uşaqlar maraqla dərsi gözləyirlər. Dostuq, zarafatlaşırıq. Uşaqlara aşılayıram ki, heç bir halda müəllim sizi aşağılaya bilməz. Dürüst olmağı öyrədirəm. Uşaqlar çox dürüstdürlər. Testə səhv yazdıqlarını düzgün hesab edəndə anında bildirirlər. Uşaq özü səhv etdiyini bildirir. Bir ailə kimiyik. Mehribanıq.

Bu prosesə təxminən bir ildir başladığınızı dediniz. Daimi olaraq gedib-gəlirsinizmi?

– Ötən ilin sentyabr ayından bu işlə məşğul olmağa başlamışam. Şabranın Qazbabalı kəndində. Orada, əslində, iki kəndin uşaqlarını yığıb, dərs keçmək istərdim. Ötən ilin yayında mən həmin kəndin uşaqlarından birini gördüm. Dedi ki, mən dördüncü sinfi bitirmişəm, daha dərsə getməyəcəyəm. Səbəbini soruşanda dedi ki, məktəb yoxdur. Sonradan məlum oldu ki, bir dördillik məktəb var, iki müəllim dərs keçir. O iki müəllim nə dərəcədə təhsil verə biləcək?

İbtidai təhsildən sonra uşaqlar təhsilsiz qalırlar. Qonşu Əmirxanlı kəndinə getməli, bunun üçün piyada üç-dörd km yol qət etməlidirlər. Ona görə valideynləri uşaqları Əmirxanlıya göndərə bilmirlər. Çünki meşə massivinə çox yaxındır. Ara-sıra vəhşi heyvanlar görünür. Uşaqlardan biri yolda bir dəfə canavarla üzləşmişdi. Ondan sonra valideynləri daha onu məktəbə göndərmədilər. İctimai nəqliyyat da işləmir. Uşaqlar belə məsələlərə görə təhsildən qalıblar. Mən də qərara gəldim ki, onlara dərs keçim.

Yeni tədris ilinin başlaması ərəfəsində onlara dərs keçməyə getdim. Bir il üç aydır ki, bu işlə məşğulam. İndiyə qədər 32 səfər etmişəm. Ayda iki dəfə gedirəm – hər 14 günün tamamında.

Dəftər, qələm, albom – hər şeyi özüm alıb aparıram. Zamanla başqa şəxslər də mənə yardım etməyə başladılar. Xaricdən gətirdiyim kitabları uşaqlara paylayıram. Uşaqlara hər dəfə mütləq yeni məlumatlar çatdırmağa çalışıram.

Yarıqaranlıq, təmirsiz bir otaqda məktəb mühiti yaradıram, adi şərtlərlə dərs keçirəm. Uşaqlar sınıq stullarda əyləşirlər. Onlar hazırda ingilis dilində cümlə qurmağı, riyaziyyatdan çətin görünən misalları müxtəlif yollarla həll etməyi bacarırlar. Dərsi kənd sakinlərindən birinin evində keçirəm.

– Yəqin ki, bütün uşaqlar eyni yaş kateqoriyasından deyillər?

– Uşaqlar müxtəlif yaş qruplarındandır. Ən kiçiyinin 9, ən böyüyünün 28 yaşı var. Yaşlarına görə bölməmişəm. Bu, mümkün deyil. On yeddi şagirdim var, onlardan da 13-ü qızdır. Bəzən elə olur ki, hamı əyləşə bilmir, bəziləri ayaqüstə qalırlar.

Düşünürəm ki, hər kəsin təhsil almaq hüququ var. Onların təhsil alıb, bataqlıqdan çıxmalarını istəyirəm. Kənddə qızların taleyi, adətən, erkən yaşlarında ərə getməkdir. Onları məcbur edirlər. Qızların öz gələcəkləri haqqında planları olmur.

Şagirdlərimin arasında 28 yaşlı Sürəyya da yer alır. O, övladını gətirirdi. Yaşından kiçik görünürdü, lakin üç övladı var. Sorğu-sual etdim. Məlum oldu ki, o, ümumiyyətlə məktəbə getməyib. Altı yaşında üç-beş dəfə məktəbə gedib, vəssalam. Məktəb nədir – bilmir. Dedim ki, “Sürəyya, sən hesab et ki, mənim böyük qızım, kiçik bacımsan”. Dedim, sən də əyləş. Onlara nə öyrədirəmsə, sən də öyrən. İndi Sürəyya o qrupda ən yaxşı nəticə göstərənlərdən biridir. Sürəyyaya kəndin ən savadlı qadını deyirəm. Çünki ingilis dilində cümlə qura bilir. Məndən özü əlavə materiallar alır. Xeyli irəliləyiş var. Sürəyyanın həyat yoldaşı ilə görüşdüm. Dedi ki, “müəllim, mən istəyirəm ki, həyat yoldaşım təhsil alsın, mən fəhlə işləyərəm, lakin o oxusun”.

Müəllimlər şagirdlərini, tələbələrini dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Siz bunun üçün hansısa metodlardan istifadə edirsiniz?

– Mən inanıram ki, bir uşağı tərbiyə edəndə onu döymədən, söymədən yaxşı insan yetişdirə bilərsən. Uşaqla dost olmaq lazımdır. Onlara əvvəldən hər şeyi izah etmişdim, bildirmişdim ki, mən buraya hansı səbəbdən gəlmişəm. Dərs zamanı əyləncəli mühit yaradıram. Bilirlər ki, dərsdə maraqlı nə isə olacaq. Özümü onlardan ayırmıram. Etik qaydaları da onlara aşılayıram.

– Şagirdlərinizdən nə kimi gözləntiləriniz var?

– Hər yeni bir şey öyrədəndə test tərtib edirəm. Bilmək istəyirəm ki, məlumatları necə mənimsəyiblər. Bilmədikləri şeyləri təkrar-təkrar öyrədirəm. Müəllimlərdə belə söz var ki, “mən dərsi keçdim, sən öyrənməmisənsə, özün bilərsən”. Bu, düzgün deyil. Əgər bir müəllim dərs keçibsə, amma uşaq onu qavramayıbsa, bu, müəllimin problemidir.

Uşaqlarla bağlı iki şey fikirləşirəm. Məktəbə getməyən uşaqlardan komissiya yolu ilə imtahan götürə bilərlər. Ümidimiz budur ki, həmin komissiyanın imtahanından keçib müvafiq attestat ala, sonradan abituriyent adı qazana bilərlər. Sürəyyanın yaşı ilə bağlı problem var. Bununla əlaqədar rayon təhsil şöbəsinə müraciət etmişik.

– Əsl müəllim necə olmalıdır?

– Müəllim təmənna güdməməlidir. Ağır şərtlərə baxmayaraq, dərsini keçməlidir. Müəllimlik müqəddəs peşədir.

Bölgələrdə olanların gerçək biliyə ehtiyacları var. O uşaqların internetləri, telefonları yoxdur. Onlar interneti mənim telefonumda görürlər. Heç bir müəllim yağışa, qara baxmamalıdır. Bütün hallarda gedib, bilik verməlidir. Rahatlığa qaçmaq özünü düşünməkdir.

Təbii ki, sosial şərtlər uyğun olmalıdır. Müəllimlik peşəsinin müqəddəsliyi də ona görədir. İnsan biliksiz olsa, həyata necə davam edəcək? Bölgələrdə çox adam evində oturub, işsizdir. Bölgələrdəki düzəni kimsə dəyişməlidir. İnsanlar palçıqdan çıxmalıdırlar. Elə kənd var ki, orada ali təhsilli adam yoxdur. Qazbabalıda yaşlı adamların əksəriyyəti dörd sinif bitirib. Əmirxanlıda isə təhsilin səviyyəsi çox aşağıdır. Ali məktəblərə qəbul ola bilmirlər. 351 nəfərin yaşadığı kənddir. İstəsək, ölkəyə bir kənddən 100-dən çox abituriyent qazandıra bilərik. Təhsil yox səviyyəsindədir. Hər kəs işində vicdanlı, ləyaqətli olmalıdır. Məvacib alan müəllim vicdanla işini görməlidir. Maaşı azdır, ya çoxdur – o ayrı məsələdir.

– Fəaliyyətinizdə Avropa ölkələrinin təcrübəsinə əsaslanırsınızmı?

– Mən getdiyim ölkələrdə məktəblərə baş çəkmişəm. Onlarda da təhsil sistemi belədir. Uşağa şəxsiyyət kimi yanaşırlar, dost olurlar. Dərsləri əyləncəli keçirlər.

Lakin bizdə müəllimlər imperativ danışırlar. Düşünürlər ki, uşaq müəllimdən qorxmalıdır. Müəllim istəsə, bütün sinfi ələ ala bilər.

Mən səmimi mühit yaratmasaydım, uşaqlar qaçardılar. Yeddi uşaq idi, sonradan artdı. Dərsə yaxşı hazırlaşıb gəlirlər. Hətta fasilədə belə, digər dərsləri təkrar edirlər. Uşaqlarla dil tapmağı bacarmışam. Mənim hər şey ürəyimcədir. Başqa bir kəndə də getmək istəyirəm, amma hələlik müəyyənləşdirməmişəm.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir