Cəmiyyət

Yerlilər xaricə qaçırlar, əcnəbilər üçün qanunlar sadələşdirilir: İKT sahəsindəki boşluğu doldurma YOLLARI

Sharing is caring!

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Azərbaycanda süni intellekt, kibertəhlükəsizlik, İKT sahəsində ciddi mütəxəssis çatışmazlığı olduğunu vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8 faizdir və bu istiqamətdə qonşu Gürcüstan, Qazaxıstan, hətta Ermənistandan iki-üç dəfə geridəyik. Qurum rəsmisi bu gün süni intellekt və kibertəhlükəsizlik sahələrində mütəxəssis yetişdirilməsinə böyük ehtiyac duyulduğunu da bildirib. 

Mövcud vəziyyətlə əlaqədar sözügedən iclasda Miqrasiya Məcəlləsi də müzakirəyə çıxarılıb və bir sıra dəyişikliklər təklif olunub. Həmin dəyişikliklərə əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləmələri üçün iş icazəsi lazım olmayacaq. Bundan əlavə, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə əcnəbilər Azərbaycanda məcburi dövlət sosial sığorta haqqı ödəməyəcəklər. 

Mövcud dəyişiklikləri Oxu.Az-a şərh edən İT mütəxəssisi Fərid Əmirov bildirib ki, xarici mühəndislərin Azərbaycana gəlmələri üçün edilən güzəştlər təkcə onlar üçün yox, həm də bizim mühəndislər üçün çox faydalı olacaq:

“Çünki bizim mühəndislərə onların təcrübəsindən faydalanmaq kimi imkanlar yaranacaq. Nəzərə alaq ki, Azərbaycanda kifayət qədər İKT sahəsi ilə maraqlanan gənc təbəqə var və bu təbəqə bəzi resursların istifadəsinə dair məlumat bazalarının əldə edilməsində müəyyən çətinliklər yaşayır. Yerli mütəxəssislərin sayının azlığını nəzərə alsaq və onların bəzilərinin də xaricə getdiklərini hesaba qatsaq, ümumilikdə belə bir bazarın Azərbaycanda açılması çox faydalı olar. Xüsusən də bu sahədə böyük təcrübəsi olan yüksək səviyyəli mütəxəssislərin Azərbaycanda işləməsi müsbət təsirlər göstərəcək. 

Edilən güzəştləri bizim yerli əməkdaşların bazarda dəyərlərinin azaldılması kimi qiymətləndirmirəm. Mənim düşüncəmə görə, yerli mühəndislərə qiymətin verilməsi öz yerində qalır, hətta onlara yaxşı imkanlar yaradılır. Kənardan daha böyük layihələrdə işləmiş mütəxəssisləri cəlb etmək üçün yerində atılmış bir addımdır”.

Ekspert hesab edir ki, bu qanun xarici şirkətlərin Azərbaycanda işləməsi üçün münbit şərait yaradacaq:

“Məsələn, böyük şirkətlər qarşısında beynəlxalq tələb var ki, onlar mütləq işçilərini qlobal səviyyəyə çıxarsınlar və bu günə qədər mövcud olan şərtlər məcbur edirdi ki, bu şirkətlər yerli mühəndislərlə işləsinlər. Amma onların xidmət sektorunun sahəsini nəzərə alsaq, yerli bazarda onların tələblərinə cavab verən yüksək səviyyəli mütəxəssis sayı çox azdır. Ona görə onlar məcburən özləri ilə bir yerdə mühəndis gətirməlidirlər. Bu mühəndis qrupu indiki şərtlərə daha uyğun gəlir və təbii ki, onlarla paralel bizim yerli əməkdaşlar da işləyəcəklər.

Mən hər vəziyyətdə bu qərarı müsbət atılmış addım olaraq qiymətləndirirəm. Bunun nəticələrini yaxın bir neçə ildə görəcəyimizə inanıram. Çünki bu məsələ bir az da İKT sahəsində həm şirkətlər, həm də gənc mütəxəssislər arasında rəqabətin artmasına gətirib çıxaracaq. Gənc nəsil üçün yaranmış fürsətləri dəyərləndirmək lazımdır. Bu sahədə dayanmadan üzərlərində işləməlidirlər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir