Cəmiyyət

“Woman Bazaar 2 – Dayanıqlı İnkişaf Festivalı” təşkil olunub – FOTO

Sharing is caring!

Əsas məqsədi qadınların təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, məişət zorakılığı ilə üzləşmiş qadınların cəmiyyətə reinteqrasiyasını sürətləndirmək, həmçinin mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün dəstək mexanizmlərinin genişləndirilməsinə təkan vermək olan “Woman Bazaar” multidisiplinar festivalı keçirilib.

17 dekabr tarixində festival “Gender Hub Azerbaijan” sosial platformasının icraçı direktoru Məryəm Məcidova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Niderlandın Azərbaycandakı səfiri Paulin Elizema, Avropa Şurasının Bakı ofisinin rəhbəri Kirilo Boyçenyuk və festivalın donoru “PASHA Holding”in nümayəndəsi Bəyim İbrahimovanın açılış nitqləri ilə başlayıb. Daha sonra qadın sahibkarlara brendinq, sosial mediadan səmərəli istifadə, sosial sahibkarlıq, sahibkarlığın hüquqi aspektləri və dayanıqlı maliyyə idarəetməsi mövzularında təlimlər keçirilib.

“PASHA Holding”in dəstəyi ilə gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində 2-ci dəfə həyata keçirilən “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” bu dəfə Bakı və rayonlardan yaşı 50-yə qədər olan, həssas qrupu təmsil edən 80-ə yaxın qadın sahibkarın fəaliyyətini əhatə edib.

Həmçinin festivalda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin rəhbəri Rəna Tahirovanın moderatorluğu ilə “Məişət zorakılığı ilə mübarizədə qadınların iqtisadi azadlıqlarının əhəmiyyəti” mövzusunda panel müzakirə baş tutub. Müzakirədə spiker qismində iqtisadçı Fərid Mehralızadə, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisində proqram üzrə kiçik mütəxəssis Ülkər Abdullazadə, AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Kristina Məmmədova və psixoloq Nərgiz Süleymanlı iştirak ediblər.

Ümumilikdə 200 nəfərə yaxın alıcı kütləsinin cəlb olunduğu festivalın təlim sessiyalarında “Gender Hub Azerbaijan” platformasının kreativ direktoru Roman Qocayevin moderatorluğu ilə sahibkar qadınların şəbəkələşmə görüşü keçirilib, yekunda məhsulların satışı bazarı ilə festival sonlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir