Cəmiyyət

Qarşılıqlı dəstək, ortaq maraqlar

Sharing is caring!

       2022-ci ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində münasibətlərimiz inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Şübhəsiz ki, bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

        Azərbaycan, Türkiyə və Türkmənuistan dövlət başçılarının Birinci Zirvə görüşü bunu bir daha parlaq şəkildə nümayiş etdirdi. Biz yaxşı bilirik ki, xüsusilə  Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin həm hərbi-texniki, həm də siyasi dəstəyi olduqca qiymətlidir. Hazırda Türkiyə bu regionda sülhün qarantlarından biridir. Türkiyə hərbçiləri Qarabağ zonasında atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət mərkəzinin fəaliyyətində iştirak edirlər.

         Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, – bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli və Zəngilan hava limanlarının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir.

        Nəqliyyat və tranzit potensialının bütövlükdə reallaşdırılması hər üç ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkmənistanın enerji ehtiyatları baxımından zənginliyi Türkiyə ilə birləşərək, hər üç ölkəni qlobal enerji mərkəzinə daşıyacaq. Enerji, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Türkmənistan isə öz növbəsində kifayət qədər böyük qaz ehtiyatlarına sahibdir və bu qaz ehtiyatlarının bir qisminin Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə bazarına çıxarılması mümkündür. Belə ki, Xəzər hövzəsindən karbohidrogen, neft və təbii qazın Avropaya nəql edilməsi cəhətdən Türkiyə-Azərbaycan-Türkmənistan yeni bir enerji dəhlizinin mühüm tərəfləri olacaq.

        Üç dövlət rəhbərinin Birinci Zirvə görüşü Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu arada  bütün istiqamətlər üzrə verilən mesajlar Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvi şəkildə səsləşir.

Amid Ağahüseynov,

ADPU Cəlilabad filialının inzibati təsərrüfat

işləri üzrə direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir