Siyasət

Qardaş ölkələrimiz arasında münasibətlər daha geniş inkişaf edəcək

Sharing is caring!

Azərbaycan, Türkiyə və Tükmənistan eyni dinə, mədəniyyətə, eyni tarixi ən-ənələrə malikdir. Hər üç ölkənin qədimdən dostluq, qardaşlıq, eyni zamanda iqtisadi münasibətləri vardır. Ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlər strateji müttəfiq səviyyəsinə çatdırılmışdır. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Azərbaycan, Türkiyə və Türkmənistan həmişə biri-birinə hər sahədə, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq edib, biri-birinə yaxından dəstək göstəriblər.
Dekabr ayının 14-də Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”.
Zirvə görüşündə Azərbaycan Prezidenti eyni zamanda 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolundan da danışıb. Dəmiryol layihəsinə 100 milyon dollardan çox sərmayə qoyulacağını, onun ötürücülük qabiliyyətinin hazırkı 1 milyondan 5 milyon tona çatdırılacağını bildirib. İlham Əliyev Azərbaycanın 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına, 18 yük təyyarəsi ilə regionun ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu deyib. Prezident növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsinin də nəzərdə tutulduğunu da qeyd edib.
Azərbaycanın Dövlət başçısı bütün türk dövlətləri, eləcə də Asiya üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizindən də söz açıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.
2020-ci ildə 30 ilə yaxın işğal altında qalan və bu illər ərzində yalnız erməni vandallığına məruz qalan Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsi müddətində Ali Baş Komandanımızın rəhbərliyi ilə igid Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu da indiyə qədər bu sahədə görülən işlərin uğurlu və məqsədyönlü olduğunun sübutudur. Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyə Azərbaycanın yanında oldu. Azərbaycan əsgəri, Azərbaycan xalqı Türkiyənin onun yanında olmasından daha da ruhlandı. Hazırda işğaldan azad edilmiş vətən torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Yeni, qlobal layihələr həyata keçirilir.
Bəli, biz birlikdə daha güclü, daha yenilməzik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Qarabağ münaqişəsi həll edildi. Və bu Qələbə regionda yeni nəqliyyat-kommünikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.
İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdımühəmmədovun görüşündən sonra Azərbaycan, Türkiyə və Türkmənistan sənədləri imzalanıb. Birinci Zirvə görüşünün birgə Bəyanatı qəbul edilib. Üç ölkə arasında ticari-iqtisadi, elm-təhsil, mədəniyyət, gömrük, energetika, nəqliyyat sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb. Bütün bunlar da qardaş ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir