Kriminal

Bakıda üç qardaşın avtoritetlə “razborkası” ölümlə bitdi – FOTO/VİDEO

Sharing is caring!


2021-ci il noyabrın 27-i saat 21 radələrində Fərid Əliyev 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb. İlşad Əliyevin isə həyatı xilas edilib. Daxil olan məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib.
 
“Baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə yeri Sabunçu qəsəbəsi, “Komsomol” dairəsi adlanan ərazidə, yolun kənarında yerləşən kafenin qarşısıdır. Səhəri gün şübhəli şəxs qismində Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü Rahib Lətifov, 1994-cü il təvəllüdlü Ramil Lətifov və 1999-cu il təvəllüdlü Qorxmaz Lətifov saxlanılıblar.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, yanvarın 19-u səhər saat 4 radələrində Rahib Lətifovun Sabunçu qəsəbəsi, Q.Musabəyov küçəsində icarə əsasında işlətdiyi ərzaq mağazasından orta dərəcəli əqli gerilik, davranış pozuntuları kimi psixi xəstəlikdən əziyyət çəkən İman Abdullayev oğurluq edib. Bunu bilən Rahib Lətifov növbəti gün İman Abdullayevin dükanının qarşısından keçdiyini görüb və onu tutaraq saxlayıb. Rahib zənciri İmanın boynuna dolayaraq, mağazanın yanından keçən qaz borusuna qıfılla bağlayıb, sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla onu qanunsuz azadlıqdan məhrum edib.

Bundan başqa, noyabrın 26-ı saat 19 radələrində Rahib Lətifov Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 37 ünvanında yerləşən ət dükanın qarşısında Vaqif Həsənovla mübahisə edib. Bununla əlaqədar səhəri gün sonuncunun dostu İlşad Əliyev ona xəbər göndərib ki, axşam həmin qəsəbədə, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafeyə gəlsin. Bu barədə qardaşları Ramil və Qorxmaza məlumat verərək, saat 19:30-da onlarla birlikdə kafeyə gedib.

Məsələni aydınlaşdırmaq üçün İlşad Əliyevdən küçəyə çıxmasını tələb edib. İlşad Əliyev kafedən dostları Dərya Əliyev, Fərid Əliyev, Səxavət Quliyev və  Yasin Əliyevlə birlikdə çölə çıxıb. Obyektin qarşısında, ictimai yerdə, qarşılıqlı davranış qaydalarına zidd olaraq, söhbət zamanı Qorxmaz Lətifov qəflətən əlindəki taxta parçası ilə İlşad Əliyevin baş nahiyəsinə zərbə endirib. Ardınca Rahib Lətifov yumruq zərbəsi vurub, İlşadı yerə yıxıb. Sonra üzərindəki məişət təyinatlı bıçaqla İlşad Əliyevin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirib. Kütləvi dava zamanı ona yaxınlaşan Yasin Əliyevə bıçaqla zərbə vuraraq, onun sol əlinin barmaqlarını kəsib. Rahib özünə tərəf əlində bıçaqla gələn Fərid Əliyevin döş qəfəsinə, sol buduna və sağ baldırına zərbələr endirib. İlşad Əliyevin özünü toparlayıb, ayağa qalxdığını görüb, qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdırmaqdan ötrü qarın nahiyyəsinə və digər nahiyyələrinə yenə xəsarətlər yetirib. Sonra Lətifov qardaşları hadisə yerindən qaçıblar. Aldıqları xəsarətlərdən Fərid Əliyev ölüb, İlşad Əliyevə Sabunçu Tibb Mərkəzində ixtisaslı tibbi yardım göstərilməklə, həyatı xilas olunub. 
 
İş üzrə dindirilmiş Rahib Lətifov bildirib ki, Sabunçu qəsəbəsinin Musabəyov küçəsi 37 ünvanında yerləşən və atasına məxsus ət dükanında qəssab işləyib. Noyabrın 26-da həmin qəsəbədə yaşayan Vaqif Həsənov dükana gəlib:

“Vaqif əvvəllər cəzaçəkmə müəssisələrində cəza çəkib və kriminal aləmdə tanınmış şəxs olub. Həsənov həbsdə olan şəxsləri nəzərdə tutaraq mənə “uşaqların vəziyyəti yaxşı deyil, bizə pul verməlisən” dedi. Cavab olaraq ona “sizə veriləcək pulum yoxdur” dedim. Növbəti gün, saat 17 radələrində dükanın qarşısında dayanan vaxt Vaqif yanında Yasin, Dərya, Rizvan və bir nəfərlə birlikdə yaxınlaşıb “niyə burda dayandığımı?” soruşdu və dedi ki, məni bu ərazidə işləməyə qoymayacaqlar.

Rahib Lətifov

Səbəbini soruşanda, Vaqif “sən mənə qarşı dikbaşlıq edirsən” dedi və əlini çiynimə vuraraq, çıxıb getdi. Az sonra Vaqif 20-yə yaxın şəxslə yenə dükana gəldi. İlşad Əliyev üzərimə gəldikdə, onu kənara itələyərək nə istədiyini soruşdum. İlşad da Vaqifi nəzərdə tutaraq “sən bizim böyük qardaşımıza qarşı səhv hərəkət etmisən” dedi. Noyabrın 27-də səhər iş yerimə getdim. Axşam saatlarında Fərid Əliyev gəlib mənə yaxınlaşaraq söylədi ki, “İlşad səni Vaqifin söhbətinə görə kafeyə çağırır”. Fəridə cavab verdim ki, gəlmirəm, məndən əl çəkin. 1-2 saatdan sonra Fərid yenə yanıma gələrək dedi ki, “kafeyə gəlim və bu söz-söhbətə son qoyulsun”. Fərid gedəndən sonra qardaşım Ramilə zəng edib, İlşadın məni kafeyə çağırdığını bildirdim. Qardaşım kafeyə tək getməməyi və onun gəlməsini gözləməyimi dedi. Bir qədər sonra kiçik qardaşım Qorxmaz da dükana gəlib, İlşadın onu da pul məsələsinə görə kafeyə çağırdığını söylədi. Qardaşlarımla həmin kafeyə yollandıq.

Kafedə İlşad, dostları Yasin, Dərya, Səxavət və Fəridlə masa arxasında əyləşmişdi. İlşadı çölə çağıranda, həmin şəxslərin hamısı ayağa qalxdı. Vaqif məndən əsassız yerə pul tələb etdiyini və ona heç nə verməyəcəyimi söyləyəndə, İlşad dedi ki, əgər pul verməsə başımı kəsəcəklər. İlşad cibindən bıçaq çıxaranda, Qorxmaz beysbol taxtası ilə ona zərbə endirdi”.

Sonra ara qarışıb və qarşılıqlı dava başlayıb. Qardaşı Ramil qışqırıb ki, “məni bıçaqla vurdular, qaçın”. İlşadı yumruq, sonra isə təpiklə vurub. Fəridin əlindəki bıçağı tutanda, əli kəsilib. Özünü müdafiə etmək üçün daş axtaranda, yerdən bıçaq tapıb:

Ramil Lətifov

“Kəsici aləti sağa-sola yellətdim ki, heç kim yaxın gəlməsin. Qəflətən üstümə tullandığından bıçaq Fəridin sol böyrünə girdi. Yasinə xəsarət yetirməyim yadımda deyil. İlşadın qarnına zərbə vurmağımı kamera görüntülərinə baxandan sonra bildim. Hadisə yerindən Qorxmaza məxsus “Lada Granta” (90-PE-193) markalı avtomobillə uzaqlaşdım. Onun maşınında beysbol taxtasını heç vaxt görməmişdim. Kürdəxanı qəsəbəsində, digər qardaşım Ramilin istifadəsindəki avtomobildə gecələdim.

Səhəri günü polisə gedib, təslim oldum.

2021-ci ilin yanvar ayında ruhi əsəb xəstəliyindən əziyyət çəkən İman Abdullayev işlətdiyim marketə girib bir şüşə qazlı su içdiyinə görə, boğazına zəncir taxaraq, onu boruya bağladım. Sonra onu telefona çəkib, videogörüntüsünü sosial şəbəkələrdə paylaşdım. Bununla bağlı DİN məlumat yayıb. Məhkəmənin qərarı ilə inzibati qaydada bir ay müddətinə həbs olundum”.

Rahib Lətifov əlavə edib ki, əvvəllər Vaqif Həsənovun əmisi oğlu yaşadıqları ərazidə mağaza işlədən şəxslərdən haqq tələb edərək, yığıb. O, həbs olunandan sonra, Vaqif  qohumunun qanunsuz əməllərini davam etdirib. Noyabrın 26-da heç kimi öldürmək niyyəti olmayıb. Polis əməkdaşları ona deyiblər ki, cinayətin alətini təqdim etməlidir. Cavab olaraq, hadisə zamanı bıçağı yerdən tapdığını və onu hara atdığını xatırlamadığını söyləyib. Bundan sonra polislər onu işlədiyi dükana aparıblar, ordan özləri bir ədəd bıçaq götürüblər və bildiriblər ki, guya zərbələri həmin alətlə vurub.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban Əliyeva ifadəsində göstərib ki, qəsəbədə yaşayan Rahib, Ramil və Qorxmaz Lətifov qardaşlarını 10 ildən çoxdur ki tanıyır:

“Noyabrın 27-i saat 20 radələrində həyat yoldaşım Şahvələd mənə zəng vurub dava zamanı Fəridin bıçaqlanmasını və Sabunçu Tibb Mərkəzinə aparılmasını dedi. Xəstəxanaya çatanda həkimlər oğlumun ürək nahiyəsindən bıçaqlandığını və öldüyünü bildirdilər. Sonradan öyrəndim ki, Fərid kafeyə əmisi oğlu Dərya ilə görüşmək üçün gedib. Oturub, çay içərkən əvvəl Qorxmaz, sonra Rahiblə Ramil içəri girib, İlşadı çölə çağırıblar. Sonra hamı küçəyə çıxıb. Oğlum heç vaxt üzərində bıçaq gəzdirməyib”.

İlşad Əliyev

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Tamilla Abdulova ifadəsində göstərib ki, qardaşı İman Abdullayev anadangəlmə kəmağıllıq xəstəliyindən əziyyət çəkir və 2-ci qrup əlildir:

“Yanvar ayında İman mənə bildirdi ki, bir neçə gün əvvəl sərxoş vəziyyətdə evə qayıdanda marketin qarşısındakı soyuducudan gizlincə bir şüşə su götürüb, evə tərəf qaçıb. Növbəti gün həmin marketin qarşısından keçəndə, oranın sahibi Rahib onu yanına çağırıb və nə üçün oğurluq etdiyini soruşub. Sonra zənciri boynuna dolayaraq, mobil telefonla videoçəkiliş aparıb və İmana “sən it kimi burda qalacaqsan” deyib. Bir saata yaxın marketin qarşısında, bağlı vəziyyətdə saxladıqdan sonra, Rahib boğazında olan qıfılı açaraq, onu sərbəst buraxıb. Sonra qonşular sosial şəbəkələrdə yayılmış videonu mənim telefonuma göndəriblər. Bununla əlaqədar qardaşım 12-ci şöbədə ərizə yazıb”.

Hadisə baş verən kafe

Zərərçəkmiş İlşad Əliyev bildirib ki, noyabrın 26-da kafenin yaxınlığında yerləşən ət dükanında Rahib Lətifovla Vaqif Həsənovun sözlü mübahisə etdiklərini görüb: 

“Hər ikisinin əlində bıçaq vardı, mən və yanımda olan şəxslər onların dalaşmasına imkan vermədik. Vaqifin Rahibdən pul tələb etməsini eşitməmişəm. Ayın 27-i saat 16 radələrində yaşadığım evin qarşısında dostumla dayanıb söhbət edərkən Rahibin atası Ramiz Lətifov idarə etdiyi “QAZel” markalı maşını saxlayıb, mənə yaxınlaşdı. Məni ötən gün oğlu ilə dalaşmaqda günahlandırdı. Rahiblə dalaşmadığımı söyləyəndə, Ramiz Lətifov “kamera görüntülərinə baxacağam, görəcəksiniz sizin başınıza nə oyun açacağam” deyib. Üç-dörd saatdan sonra kafedə dostlarım Səxavət, Dərya və Fəridlə birlikdə kafedə olanda Lətifov qardaşları aqressiv şəkildə içəri daxil olub, məni çölə çağırdılar. Küçəyə çıxan kimi Qorxmaz başımın arxasından taxta ilə zərbə vurub, məni yerə yıxdı. Dərhal sonra Ramil bıçaqla qarın nahiyəmdən, Yasin isə arxadan Ramili vurdu. Ayağa qalxmaq istəyəndə Rahib kəsici alətlə ayağıma xəsarət yetirdi. Bir təhər qaçıb kafeyə girdim. Xəstəxanada iki həftəyə yaxın müalicə almışam. Lətifovlar tərəfindən mənə maddi yardım göstərilməyib”.
 
Şahid Samir Kərimov ifadəsində göstərib ki, kafedə dönərçi işləyib. Noyabrın 27-də Rahib, Qorxmaz və Ramil obyektə daxil olub, zalda dostları ilə əyləşən İlşadı çölə çağırıblar:

“İlşad çay içdiklərini söyləyəndə, Qorxmazın arxasında dayanmış Rahib İlşaddan “dərhal çölə çıxmasını” tələb etdi. Kafenin sahibi Asif Rahibi sakitləşdirmək istəsə də, o, “narahat olma, sadəcə söhbət edəcəyik” dedi. Yasin “sizin İlşadla nə söhbətiniz ola bilər” söyləyəndə, Qorxmaz “sizlik deyil” deyə cavab verdi. Onların kütlə şəklində çölə çıxdıqlarını görüb, dalaşacaqlarını zənn etdim. Rahiblə İlşadın nə danışdıqlarını eşitməmişəm. Qardaşının sol tərəfində dayanmış Qorxmaz maşınından götürdüyü taxta parçası İlşadın başına zərbə endirən kimi dava başladı.

İlşad yerə yıxılan kimi Ramil onun qarnına sağ əlindəki bıçaqla zərbələr vurdu. Yasin arxadan Ramilə yaxınlaşıb bıçaqla sağ ayağından iki dəfə zərbə endirdi. Uzanıqlı vəziyyətdə olan İlşad Rahibin zərbələrindən yayınmağa çalışırdı. Fərid Rahibin ünvanına nalayiq ifadələr işlədib, ona doğru bıçaq zərbəsi atıb. Lakin Rahib zərbədən yayınıb və Fəridə xəsarətlər yetirməyə başlayıb. Daha sonra Rahib, Ramil və Qorxmaz maşınlarına əyləşib, ordan uzaqlaşdılar. Fərid yerdə uzanıqlı vəziyyətdə qalmışdı, sinəsindən qan axırdı. Təcili Tibbi Yardım avtomaşının gəlməsini gözləmədən, onu və İlşadı taksi ilə xəstəxanaya yola saldıq”.
 
Məhkəmə iclasında Rahib və Ramil Lətifovlar itthimlar üzrə özlərini təqsirli bilməyiblər, Qorxmaz Lətifov özünü təqsirli bilib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban Əliyeva bildirib ki, Lətifovlardan şikayətçidir və onlara ağır cəza verilməsini istəyir. Zərərçəkmiş İlşad Əliyev bildirib ki, təqsirləndirilən şəxslərlə onun arasında barışıq olmayıb, onlara qanuna müvafiq cəza verilməsini xahiş edib. Zərərçəkmiş Yasin Əliyev və Səxavət Quliyev bildiriblər ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur.

Məhkəmə qənaətə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Rahib Lətifovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməyib.

İman Abdullayev

Məhkəmə Rahib Lətifovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 145.2.6-cı (qanunsuz azadlıqdan məhrum etmə, silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), Ramil və Qorxmaz Lətifovun CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) maddəsində nəzərdə tutulmuş əməlləri törətmələrini, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Lətifov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub. 

Xuliqanlıqda təqsirli bilinən Ramil və Qorxmaz Lətifovlara iki il şərti cəza verilib və onlar məhkəmə zalında, həbsdən azad ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir