Cəmiyyət

Gənclər Təşkilatlarının V Konqresi keçirilib – FOTO

Sharing is caring!

Gənclər paytaxtı Tovuzda 8-10 dekabr tarixlərində Gənclər Təşkilatlarının V Konqresi keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən konqresin əsas məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizmlərin müzakirəsindən ibarət olub.

Proqrama uyğun olaraq konqresin ilk günü ulu öndərin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra təşkilat nümayəndələrinin şəbəkələşməsi məqsədi ilə tanışlıq sessiyası keçirilib və Aşıq Sənəti Dövlət Müzeyinə infotur təşkil edilərək, təşkilat rəhbərlərinə muzey haqqında məlumat verilib, həmçinin eksponatlar ilə tanış olublar.

Konqresin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış ediblər. Rəsmilər çıxışlarında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla davam etdirilən gənclər siyasətini, bundan doğan prioritetləri xüsusilə vurğulayıblar. Rəsmi hissəyə moderatorluğu NAYORA-nın sədr müavini Ülviyyə Axundova edib.

Çıxışlar zamanı konqresin gənclər təşkilatlarının fəaliyyətləri üçün əhəmiyyəti vurğulanıb və təmsil etdikləri qurumların təşkilatlara yaratdıqları imkanlardan söz açılıb.

Günün ikinci yarısı “Gənclər təşkilatlarının idarə edilməsində keyfiyyət meyarları” mövzusunda panel müzakirəsi ilə davam edib. Samir Mehralıyevin moderatorluğu ilə keçirilən paneldə spiker qismində Fuad Babayev və Seymur Hüseynov iştirak ediblər.

Daha sonra NAYORA-nın baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə qrup müzakirəsi keçirilib, iştirakçılar komandalara bölünərək müxtəlif mövzularda hazırladıqları təqdimatlarla çıxış ediblər.

Sonuncu gün NAYORA-nın sədri Azər Əliyevin moderatorluğu ilə “Dövlət gənclər siyasəti: gənclər təşkilatları üçün yeni çağırışlar” mövzusunda gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin iştirakı ilə panel müzakirəsi baş tutub. 

Panel çərçivəsində qeyd edilən mövzu ətrafında geniş müzakirələr aparılaraq təşkilat nümayəndələri tərəfindən verilən sualların cavablandırılması ilə hər iki ildən bir keçirilən konqres işini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir