Cəmiyyət

Səhiyyə Nazirliyində Danimarkanın ölkəmizdəki səfirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Sharing is caring!

Səhiyyə Nazirliyində Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin fəxri konsul Arno Qovart və Danimarkanın aparıcı əczaçılıq şirkəti olan “Novo Nordisk” şirkətinin nümayəndələri də iştirak ediblər.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib: “Danimarka səhiyyəyə xüsusi diqqət yetirən ölkələrdən biridir. Ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, Azərbaycan Tibb Universiteti Kopenhagen Universiteti ilə tibb sahəsində fəal əməkdaşlıq edir”.

Öz çıxışında Teymur Musayev ölkələr arasında əczaçılıq sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu da qeyd edib: “Əczaçılıq sənayesi hər bir ölkənin iqtisadiyyatı üçün ən mühüm sektorlardan biridir və onun inkişaf səviyyəsi mükəmməl təşkil olunmuş səhiyyə sistemini xarakterizə edir. Danimarkanın güclü əczaçılıq sənayesi dünyanın ən yaxşılarından biri hesab olunur.”

Öz növbəsində Denni Annan Danimarkanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndiyini qeyd edən səfir, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da yüksək səviyyədə olmasında maraqlı olduğunu bildirib.

Öz çıxışında “Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyin rəhbəri Gülşabə Abbasova ölkəmizdə, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb mərkəzləri ilə birgə layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, 2023-cü ildə 100-illiyini qeyd edəcək “Novo Nordisk” qlobal əczaçılıq şirkətidir, eyni zamanda şəkərli diabetin müalicəsi üçün dərmanların hazırlanması və istehsalı üzrə dünya lideridir.

Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir