Cəmiyyət

İnflyasiya üçün yeni siqnal? – “Pensiyalar yanvarın 1-dən 15 faiz indeksasiya olunacaq” – AÇIQLAMA + FOTO

Sharing is caring!

Mütəmadi olaraq gündəmə gətirilən, lakin hələ də həllini tapmayan məsələlərdən biri də pensiya üçün tətbiq olunan yaş həddidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, Azərbaycanda qadınlar 63, kişilər isə 65 yaşından pensiyaya çıxa bilirlər. Bu isə cəmiyyətdə haqlı narazılıq doğurur. Əksəriyyət bazarda yaşlı işçi qüvvəsinə az yer verildiyini, 50-55 yaşdan sonra iş tapmağın çətin olduğunu bildirir. Sosial problemlərin çoxluğundan şikayətlənən vətəndaşların bir qismi isə çətinliklər içərisində 65 il ömür sürüb-sürməyəcəklərinin sual altında olduğunu söyləyirlər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasında əmək pensiyası məsələsi yenidən gündəmə gətirilib. Mövzu ətrafında sualları cavablandıran maliyyə naziri Samir Şərifov qeyd edib ki, pensiya qazanmaq üçün hər bir vətəndaş işləyib pensiya fonduna köçürmə etməlidir. Nazir onu da əlavə edib ki, pensiya yaşının süni şəkildə artırılması və azaldılması problemlər yarada bilər. Samir Şərifovun sözlərinə görə, Azərbaycanda ömür uzunluğu dinamikası müsbətdir.

“Əvvəllər 12 il işləyən adama pensiya verilirdi. 12 il işləyirdi, deyirdilər ki, pensiya ala bilərsiniz. Bu gün normal pensiya almaq üçün 35 il stajın olmalıdır. Təkcə staj deyil, fonda da pul köçürülməlidir. Pensiya ilə bağlı məsələdə biz məsuliyyətli olmalıyıq. Sonra bu pulu vermədikdə başqa problemlər ortaya çıxacaq. Burada çox diqqətli olmaq lazımdır”, – deyə maliyyə naziri əlavə edib.

Nazir dediklərini maraqlı arqumentlərlə izah etsə də, hazırda diqqəti çəkən məqam odur ki, bu gün 300 manat civarında pensiya alan kifayət qədər insan var. Ölkədə ümumi inflyasiya 13, ərzaq inflyasiyası isə 20 faizdən yuxarıda qərarlaşır. Sözügedən 300 manat vəsait isə hazırkı dövrdə, sadəcə, kommunal xərcləri və qida xərclərini qarşılamağa kifayət edir.

Maraqlıdır, növbəti ildən pensiya miqdarı müəyyən dərəcədə artırıla bilərmi? 

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev ilk olaraq pensiya islahatı çərçivəsində unifikasiya (müxtəlif növ xidmətlərin vahid formaya salınması) prosesinin aparılmasından söz açıb:

“Azərbaycanda 30-40 formada pensiya hesablama üsulları vardı. Məsələn, hərbi qulluqda olan şəxs ay sonu maaş və maaşdan əlavə yemək pulu, ezamiyyə pulu kimi vəsaitlər alırdı. Onun vəzifə pulu, yəni əsas maaşı 1 000 manat təşkil etdiyi halda, əlavə ödəmələrlə birlikdə əlinə gələn pul 1700 manat civarında olurdu. Həmin şəxs pensiyaya çıxarkən isə təkcə maaş əsasında hesablama aparılırdı və uyğun pensiya ödənilirdi. Nəticədə şəxs narazı qalırdı ki, niyə 1700 yox, 700-800 manat pensiya alır? Buna bənzər halların yaşanmaması üçün artıq pensiya ilə bağlı yeganə düstur tətbiq olunacaq. Ona görə də insanlar pensiya yaşına çatdıqda nə qədər pul alacaqlarını əvvəlcədən hesablaya biləcəklər”.

Millət vəkili maliyyə naziri Samir Şərifova istinadən bildirib ki, SSRİ dağıldıqdan sonra pensiya mexanizmi yenidən qurulub:

“Samir Şərifov qeyd etdi ki, 1991-ci ilədək işləyən insanların ödəmələri sonradan ləğv olundu. Pensiya siyasətində qlobal dəyişiklik edildi. Nəticədə sovet dövründə işləmiş insanların pensiya fondunda kifayət qədər maliyyə olmadı, ancaq bu gün onlar da kifayət qədər pensiya alırlar. Samir Şərifovun arqumentlərinə görə, bu gün dövlətin nəyə imkanı çatırsa, vətəndaşa onu ödəyir. Yəni bu gün büdcədə nə qədər imkan varsa, pensiyaya o qədər maliyyə ayrılıb. İclasda büdcənin xərc hissəsindən hər 100 manatın 46 manatını sosialyönümlü xərclərin təşkil etdiyi deyildi. Ola bilər ki, həmin müzakirədə bəzi məsələlərdə deputatlar razı qalmadılar, bəzi cavablar bizi o qədər də qane eləmədi, amma bununla belə, ortada bir məntiq var, ona uyğun islahat aparılır. Biz də istəyərik ki, pensiyalar yüksək olsun, amma hazırda dövlətin maliyyə gücü buna çatır”.

Deputat sonda vurğulayıb ki, bütün pensiyalar yanvarın 1-dən 15 faiz indeksasiya (gəlir və ya xərclərin inflyasiyadan müdafiə olunması üçün onların qiymət indeksləri ilə əlaqələndirilməsi) olunacaq:

“Əgər inflyasiyadan söhbət açmalıyamsa, bu, bir qədər fərqli mövzudur. Onunla bağlı dövlət kifayət qədər makroiqtisadi addımlar atır. Biz bir məsələni yaddan çıxarırıq, Azərbaycanın özündə istehsal olunan qida məhsullarının, kənd təsərrüfatı mallarının bolluğu yaranmalıdır. Bu gün biz sual qaldırmışıq ki, Azərbaycan öz məhsuluyla özünü neçə faiz təmin edir? 
İnflyasiyanı makroiqtisadi alətlərlə müəyyən qədər cilovlamaq olar, tam aradan qaldırmaq üçün bolluq yaradılmalıdır. Bolluq olsa, inflyasiya aşağı səviyyəyə düşər. Biz proqnozlaşdırırıq ki, gələn ilə, bəlkə də, beş faizə düşəcək. Bir ilin içərisində qalxan qiymətləri endirmək üçün tələb-təklif qanunu işləməli, istehsal artmalıdır, emal müəssisələri tam gücü ilə işləməli və kənd təsərrüfatında sıçrayış olmalıdır. Bir şeyi də nəzərə almalıyıq ki, hansı dövlətdə ki maaşları, müavinətləri, gəlirləri qaldırırlar, həmin yerdə inflyasiya da bir o qədər artır. Bu, iqtisadiyyatın qanunudur. Ona görə də mal bolluğu olmalıdır ki, problemlər həll olunsun”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir