Cəmiyyət

Dərman almağa gələn, iynə vurmağa yer axtaran narkomanlar niyə Kliniki Tibbi Mərkəzin həyətinə toplaşır?-FOTO

Sharing is caring!

Ötən gün Kliniki Tibbi Mərkəzin həyətində çəkilən narkomanların videogörüntüsü ciddi müzakirələrə səbəb olduğundan hadisə yerinə gedib vəziyyəti bir də yerində görmək istədik.

Səhər saat 11:00 radələridir… Xəstəxananın həyətində yüzlərlə insan Kliniki Tibbi Mərkəzə müayinə və ya müalicə üçün gəlir. Kiminin yaxını içəridə əməliyyat olunur, kimi öz analizlərinin cavabını almağa gəlib. Kimisi də sadəcə xəstə ziyarətin. Xəstəxananın həyətindən keçərək Narkoloji Mərkəzə müalicə üçün gedən narkotik maddə istifadəçilərini saymasaq, ətrafda isə videogörüntülərdə göründüyü kimi narkomanlar gözə dəymir.

Təəssüf ki, bu mənzərə ətrafda hər kəs üçün narahatlıq yaradır. Xəstəxananın həyətində olan şəxslər ətrafda zaman-zaman narkomanları gördüklərini, onların bir anda səslərini başlarına atdıqlarını, küçənin ortasında nalayiq ifadələr işlətdiklərini deyirlər.

Hətta tibb bacıları, həkimlər belə xəstəxananın həyətində bir korpusdan, digər korpusa keçərkən ehtiyat etdiklərini, qorxduqlarını deyirlər.

Narkoloji Mərkəz Kliniki Tibbi Mərkəzin həyətində yerləşir. Narkolojidə qeydiyyatda olan şəxslərə hər gün müəyyən miqdarda “Metadon” maddəsi paylanılır. Bu səbəbdən də qeydiyyatda olan şəxslər hər gün buraya gələrək həmin miqdarda məhlulu içərək ağrılarını sakitləşdirirlər.

Elə məhlulu içməyə gələn bir neçə narkotik maddə istifadəçisi ilə həmsöhbət olmağa çalışdıq. Bəziləri etiraz etsə də, danışmaq istəyənlər də tapıldı. Üzünün görülməsini istəməyən bu şəxs deyir ki, narkotik maddə asıllığından qurtulmaq üçün hər gün buraya gəlir:

“O məhlulu içəndə ağrılarımız azalır. Beynimiz sakitləşir. Bizə kömək olur bu maddə, gün ərzində bir dəfə verilir, miqdarı insana görə dəyişir. Adam var ona 30 qram verirlər, adam var ona 50 qram məhlul verilir. Bu məhlul bir gün içirsən 24 saat bizi sakit saxlayır. Biz hamımız burada mərkəzdə qeydiyyatdayıq və gəlib dərmanımızı içib gedirik. Çöl narkomanlarını bura buraxmırıq. Biz özümüz belə onları görəndə qovuruq, döyürük. Mən o videoda narkotik qəbul edənləri görməmişəm. Bu məhlulu içirsən insan olursan, oğurluq etmirsən, başqa fikirlərə düşmürsən.

Dövlət onu bizə pulsuz verir. 24 saat o məhlul təsirini göstərir. Elə adam var hər gün gəlir içir, adam da var bir neçə gündən bir. Yəni burada kənar işlər görmürük, polis gəlsə, onlara görə də bizi tutacaq. Özüm 1 il yarımdır burada qeydiyyatdayam. Mənim 50 yaşım var. Əgər kimsə burada dərmanını içdikdən sonra getmir, qalır artıq hərəkətlər edirsə, o öz ölümünü yaxınlaşdırır”.

Onların nə hiss etdiyini onlar özləri daha yaxşı bilər deyə bu fikirləri də yazıya qeyd edirik. Amma bütün hallarda yaxşı olar ki, bu ağ ölümdən uzaq duraq ki, sonra illərlə müalicə üçün sürünməyək.

Mərkəzin ətrafında hər gün təmizlik işləri aparılır. Lakin buna baxmayaraq hiss olunurdu ki, narkomanlar gözdən qaçaraq bir neçə ərazidə toplaşmağa nail ola biliblər. Ətrafda qanlı iynələr, dərman qabları, şpris başlıqları var idi.

Məsələdə adı hallanan Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında deyir ki, Mərkəzin ərazisinin bir hissəsində Respublika Narkoloji Mərkəzə aid “Metadon” paylanma məntəqəsi fəaliyyət göstərir:

“Bu məntəqədə Dövlət Proqramına əsasən, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunan dərman vasitələri verilir. Sosial şəbəkələrdə yayılan videolardakı şəxslərin böyük əksəriyyəti bu dərmanları əldə etmək üçün müraciət edənlərdir. Məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir, əlavə qabaqlayıcı tədbirlər görülür”.

Müzakirələrdə tədbir görülməsi gərəkən qurumlardan biri kimi polislərin də adı hallanır. Hüquq-mühafizə orqanlarının məsələyə reaksiya vermədiyini deyənlər üçün qeyd edək ki, həmin görüntülər artıq araşdırılıb.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, həmin şəxslərin Narkoloji Dispanserdə qeydiyyatda olduğu müəyyən edilib:

“Dövlət tərəfindən onlara müalicə olunmaları üçün lazımı maddələr, dərmanlar verilir. Əgər orada digər maddələrdən istifadə etmə halları  varsa, polis əməkdaşları bununla bağlı araşdırma aparacaqlar, qanunamüvafiq tədbirlər həyata keçirəcəklər. Həmin şəxslərin açıq-aşkar cəmiyyət içində bu cür neqativ hərəlkətlər etməsi doğru deyil.

Bu addımlar cəmiyyətə açıq-aşkar törədildikdə ikiqat təhlükə yaranır, çünki  bunu digər şəxslər də görür. Bu kimi halların qarşısının alınması məqsədilə Nəsimi Rayon Polis İdarəsin əməkdaşları tərəfindən həmin ərazidə gücləndirilmiş nəzarət tədbirləri görülür. Əlavə naryad qrupları əraziyə təhkim olunub, neqativ hallar tam olaraq aradan qaldırılana qədər nəzarət tədbirləri davam etdiriləcək”.

Ölkədə narkomaniya bəlası ilə mübarizə aparılır. Lakin bu mübarizənin daha tez və daha effektli nəticə verməsi üçün birgə fəaliyyət göstərmək daha vacibdir. İstər cəmiyyət olaraq, istər qurumlar olaraq. Hər kəsin bir amalı var, sabah heç kimin əzizi bu bəlaya düçar olmasın… Bir gün Narkoloji Mərkəzin qarşısında gözləmək üçün bu gün, vaxtında mübarizə tədbirlərinə dəstək olmaq lazımdır.

Daha çox foto burada: Photostock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir