Cəmiyyət

Üçtərəfli Bəyanat uğurların əsasını yaratdı

Sharing is caring!

          10 noyabr 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bu hadisədən keçən iki il müddətində ölkəmizin həyatında xeyli mühüm hadisələr baş verib. Bizimçün başlıcası budur ki, Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar daha çox olmuşdur. Bunlardan ilk növbədə Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən qaytarılmasını göstərmək olar. Daha sonra iki qardaş ölkə  – Türkiyə və Azərbaycan arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı. Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.

       Sərhədlərin delimitasiyasına razılıq əldə olunub və məsələ ilə bağlı müvafiq Komissiyalar da yaradılıb. Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

       Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatında qeyd olunur ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq həll olunmalıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Azərbaycan xalqı qalib xalq kimi gec-tez öz istədiklərinə  qovuşacaqdır.

Günay İbadova,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir