Dünya

Mahir Əliyev: “Azərbaycan mədəniyyəti günləri Dohanı canlandırdı” – FOTO

Sharing is caring!


Fevralın 21-dən 24-dək Dohada Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bununla bağlı Qətərdə bir sıra tədbirlər baş tutub.

Tədbir çərçivəsində Oxu.Az rəsmi qonaqlarla söhbət edib.

Kinoşünas və rejissor Ayaz Salayev saytımızla söhbətində Azərbaycan Mədəniyyəti Günlərinin onda böyük təəssürat yaratdığını etiraf edib.

“Bu, 21-ci əsrin mədəniyyət tarixinin daha bir mərhələsidir – biz “dünyanın mərkəzi”nin Şərqə necə doğru getdiyinin şahidi oluruq. Təbii ki, amillərdən biri də ölkəmizin parlaq siyasətidir. Biz tarix yazırıq”, – deyə Ayaz Salayev bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da Mədəniyyət Günlərinin yüksək səviyyədə keçirildiyini qeyd edib.

“Konsertlər əla keçir, ifaçılar və qruplar musiqimizi və rəqslərimizi çox peşəkarlıqla təqdim edir. Milli Kitabxanada da mühüm tədbirimiz oldu, orada ərəb dilində Nizami haqqında kitabın təqdimatı oldu, ərəb dilində Füzuli qəzəlləri səsləndirildi. Mən yerli tamaşaçıların bizim mədəniyyətimizə necə heyran olduğunu görürəm”, – deyə Kərim Tahirov qeyd edib.

Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev də öz növbəsində mədəniyyət günlərinin Dohanı çox canlandırdığını vurğulayıb.

“Konsertdə yanında əyləşdiyim Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani bizim musiqimizdən razı qaldı, o, Bakıda rəsmi səfərdə olub, lakin vaxtı az olduğundan iştirak edə bilməyib. O, Şuşaya gedəcəyini, orada kabab yeyəcəyini, çayın qırağında yaşıl çəmənlikdə oturacağını dedi. Mən ona “Qarabağ şikəstəsi”ndən bir-iki cümlə tərcümə etdim, dedi ki, Yer üzündə cənnət, belə çıxır ki, oradadır, nazir bizi torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik etdi”, – deyə səfir bildirib.

M.Əliyev mədəni əməkdaşlığımızın bu Mədəniyyət Günləri ilə məhdudlaşmaması arzusunu bildirdi.

 “Mən istərdim ki, bizim mədəniyyət və incəsənət xadimlərimiz vaxtaşırı bura gəlsinlər, çünki Qətər ərəb dünyasının mədəniyyət mərkəzinə çevrilib”, – diplomat vurğulayıb.

Frangiz Ağalarova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir