Cəmiyyət

Doğma torpaqlarına 30 il sonra geri qayıdan məşhurlar: “Şuşanın azad olunduğunu hiss etmişdim” – FOTO

Sharing is caring!

Torpaqlarımızın düşmən tapdağından azad edilməsinin 2-ci ildönümünü yaşayırıq. Ordumuz 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. 

Bu torpaqların həsrətində olan insanlar arasında məşhurlara da rast gəlmək mümkündür. 30 illik həsrətdən sonra onlar torpaqlarına, öz ata-baba yurdlarına baş çəkiblər.

Maraqlıdır, onlar iki il öncə qələbə xəbərini necə qarşılayıblar?

Oxu.Az-ın əməkdaşı illərlə məcburi köçkün həyatı yaşamış məşhurlarla danışıb.

Xanəndə Firuz Səxavətin sözlərinə görə, həmin xəbər gözlənilməz idi:

“O hissləri sözlə ifadə etmək mümkün deyil. Gərək, yaşayıb, görəsən. 30 ilin həsrəti var idi. O torpağa bağlı olan biri kimi deyirəm ki, qısa zamanda ərazilərin işğaldan azad olunması gözlənilməz idi. Gözlərimə inana bilmirdim. Təbii ki, sözlə ifadə edilə bilməz. Bizim qanımız, ruhumuz ancaq ora ilədir. O yerin övladıyıq. Ona görə, danışmaq çətindir. Çox həsrətin çəkdik”.

F.Səxavət qardaşının məzarını ziyarət etdiyini bildirib:

“İşğaldan azad olunandan sonra Ağdama bir neçə dəfə getdim. Qardaşımın məzarını da ziyarət etdim. Həmin an nə edəcəyimi düşünə bilmirdim. Bir də gördüm ki, ordayam. Dilim söz tutmurdu. Şükürlər olsun ki, axır ki, biz öz dədə-baba torpaqlarımıza qovuşduq. Bundan gözəl bir şey ola bilməz”.

Firuz Səxavət Ağdamdan sonuncu dəfə 18 yaşında çıxdığını söyləyib:

“Oradan 18 yaşım olanda çıxmışdım. Əsgərlikdən sonra hadisələr başladı. İşğal olundu. Ondan bu yana qayıda bilmədik. İllərdir doğmalarımızın məzarını belə ziyarət edə bilmirdik. Həsrət qalmışdıq. Ata-baba evimizi tapdıq. Amma heç nə salamat qalmamışdı. Evimizin yerini gördük. Boş sahə idi. Şükür edirəm ki, məzarlığa dəyməyiblər. Bizim kənddəki məzarlara dəyməyiblər. Ona görə də çox sevindim. Ev-eşik yoxdur. Salamatçılıq olsun, yenidən bərpa edərik. Hər birimiz tez bir zamanda ata-baba yurdumuza qayıdacağıq”.

Muğam ifaçısı Yaqut Abdullayeva həmin an sevincindən ağladığını deyib:

“O xəbəri eşidəndə sevincimdən ağlamağa başladım. Bütün qonşular səsimə gəldilər. Ondan xoşbəxt anlar olmadı. Gözümün qabağından kino lenti kimi bütün hər şey keçdi. Hər gün o hissləri yaşayıram.

Cəbrayıl rayonun azad olunmasının ildönümündə bizi ora qonaq dəvət etmişdilər. O anda bilmədim nə edim. Xoşbəxt anlar yaşadım. Əlimi yerə sürtürdüm. Torpağı öpüb bağrıma basdım. Dedim bu gözəl səsi sən vermisən, ey torpaq. Dövlət tədbiri idi deyə evimizə gedə bilmədim”.

Y.Abdullayeva evlərindən əsər-əlamət qalmadığını qeyd edib:

“Sonrdan bacımgil getmişdilər. Bacım oğlu 1993-cü ildə şəhid olub. Evimizdən əsər-əlamət qalmayıb. Hər yer düzənlik idi. Bütün azad edilmiş ərazilər bərpa olunacaq. Əsas odur ki, o həsrətin çəkdiyimiz torpaqlara ayağımız dəydi. İlk dəfə 20 yaşımda oradan çıxmışam. Bakıda təhsil aldığımdan hər ay bayramlarda gedirdim, öz rayonumuzda qalırdım. Daha sonra isə tamamən gediş-gəliş olmadı. Şükürlər olsun ki, torpaqlarımız azaddır”.

Xalq artisti Firəngiz Mütəllimova qeyd edib ki, Şuşanın azad olunduğunu hiss etmişdi:

“Həmin gün ömrümün elə bir günü idi ki, onu sözlə ifadə edə bilmərəm. Ağladım, sevindim. Qarışıq hisslər yaşadım. 30 il həsrətin çəkdiyim doğma torpaqlarımız azad olundu. Şuşanın azad olunduğunu hiss etmişdim. Onu eşidəndə bütün puç olmuş arzularım, yaşadığım əzab-əziyyətlər kino lenti kimi gözümün qabağında canlandı. Ana-atamın Şuşa deyə-deyə rəhmətə getməklərini unuda bilmirəm. Sevindim ki, ruhları şad oldu”.

F.Mütəllimova Şuşanı 32 yaşında tərk etdiyini söyləyib:

“Universitetə qəbul olmuşdum. Ondan sonra təyinatla Akademik Milli Dram Teatrında işə başladım. Hər yay Şuşaya anamın, atamın yanına gedirdim. Şuşadan başqa yer ağlıma gəlmirdi. Allah heç kəsə həsrət yaşatmasın.

Şuşada evimiz “Gövhərağa” məscidinin aşağısındadır. Qarabağ hoteli ilə üzbəüzdür. Ev salamat qalmayıb. Divarları qalıb. Evin içində ağac bitib. Əlimi qaldırıb, şükür etdim ki, qapısı olmasa da, min şükür ki, burdayıq. Həyatda olmayanların səsi qulağıma gəldi. Cıdır düzünə ilk dəfə gedəndə elə bildim ki, onların nəfəsini hiss edirəm. Əyilib torpağı öpdüm. Canlı olaraq şanlı qələbəni yaşadıq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir