Cəmiyyət

Bəxtiyar Sadıqov, çıxa bilmirsiniz sovetin qandallarından…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Noyabrın 1-də rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində Bəxtiyar Sadıqovun məqaləsi çap olunub. Çoxuna bu ad bir söz deməsə də, qeyd etməliyəm ki, Bəxtiyar Sadıqov İkinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Mətbuat Şurası İdarə Heyətinin, KİV-in İnkişafına Dövlət Dəstəyi Müşahidə Şurasının, Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür. Üstəlik də Əməkdar jurnalistdir. Hər bir halda internet resurslarda olan məlumat budur. 

İndi keçirəm əsas məsələyə. 71 yaşlı ağsaqqalımız, ustad jurnalistimiz, 5-6 kitab yazanımız, biz jurnalistləri qoyub topun qabağına, nəyi var danlayır. Elə bil ağsaqqal müəllimdir, jurnalistlər də məktəb uşağı. Sadəcə ağsaqqal bir məqamı unudub ki, nə biz məktəb uşağıyıq, nə də o müəllim. 

Ağsaqqal qəzetdə adamın üstündə Allah var çox qəşəng məqalə yazıb. Yəni biz indiki gənclər onu bacarmarıq, bunu tam etiraf edirik. Çünki yazını həmkarlarla oxuyub bu qərara yekdilliklə gəldik. Bu, elə bir janrda yazılan yazıdır ki, bu janr dünya ədəbiyyatına, elminə məlum deyil. Əsl “Nobellik” yazıdır.

Yazıda gözlərimizi qan edən tərif, mədhiyyə, baş əymələr elə bir səviyyədədir ki, elə bil toyda “bəy tərifi” gedir. Olsun, sadəcə bunu bizə, gənclərə sırımayın. Gedin bir-birinizi öpün, qucaqlayın, banketlərdə yeyib-için, mesajlar yazın. Amma iddia etməyin ki, əsl “jurnalistika” budur. 

Qısa xülasə qeyd edim ki, söhbətin nədən getdiyini biləsiniz.

Məqalədə Yazıçılar Birliyinin Qurultayında baş vermiş məlum hadisədən bəhs edilir. Müəllif jurnalistin yazıçı Çingiz Abdullayevə ünvanladığı “bu tədbirə 203.000 manat xərclənib?” sualını tənqid edir. Ağsaqqal qeyd edir ki, “Sonuncu hadisələrdə qeyri-peşəkar sual verən jurnalist, onun qaşınmayan yerdən qan çıxartmaq cəhdi nədənsə arxa planda qalıb. Jurnalist özünü hesablama palatasının işçisi kimi aparmaqdansa, yaradıcı adama yaradıcılıqla bağlı sual ünvanlamalı deyilmi?”

Çox dəyərli ağsaqqalımız nədənsə, obyektiv jurnalist, üzr istəyirəm, qocaman və Əməkdar jurnalist olaraq dahi yazıçı, dünya şöhrətli Çingiz Abdullayevin jurnalisti təhqir etməsi, “ölmürsən utanmığdan?” və jurnalistin üstünə ictimai yerdə çımxırmasını qeyd etmir. Bu məqam niyəsə “arxa planda” qalıb. Sanki, elə belə də olmalıdır. Niyə? Kim ona haqq verib ki, döşündəki ordenə güvənərək digərlərini alçaldıb, üstünə səs qaldırsın?

Və əsas məsələ!

Hörmətli Əməkdar jurnalist, bəlkə sizin xəbəriniz yoxdur, ola bilər, amma jurnalistin başlıca vəzifəsi sual verməkdir. Cəmiyyəti narahat edən məlumatları əldə etməkdir.

İkincisi ölkə başçısı, İlham Əliyev dəfələrlə, bütün görüşlərdə, bütün çıxışlarında bildirir ki, jurnalistlər ictimai nəzarəti təşkil edən əsas qüvvədir. Jurnalistlərin başlıca vəzifəsi neqativ hadisələri ictimaiyyətə, ölkə başçısına çatdırmaqdır.

Daha sizin kimi əlinə saz alıb “əzizləmə” yazmırıq. İcra Hakimiyyətlərindən tutmuş, nazirliklərə qədər, bütün ölkədə baş verən hadisələri, bütün narazı vətəndaşların şikayətlərini, müraciətlərini işləyirik, işıqlandırırıq. Küçələri su basanda, yanğın olanda, ölüm-itim olanda, qəzalar olanda birinci biz jurnalistlər gedib, material hazırlayırıq. Daha keçən əsrdən qalma, çürük su borusunu tərifləyib yazmırıq ki, “sən nə qəşəng su borususan, sən necə təzəsən, sən necə də əvəzsizsən, çürümən barədə yazanlar isə sənə paxıllıq edir”.  A kişi, küçəni, prospekti su basıb! Bu borunu dəyişmək lazımdır! Biz belə yazırıq, olduğu kimi. 

Hesablama Palatası kimi qələmə verdiyiniz jurnalist və onun çalışdığı media orqanı sizdən fərqli olaraq 44 günlük Vətən müharibəsində gecə-gündüz ordunun ardınca irəliləyərək, raket atəşi, mina, güllə, top mərmisi demədən oradan hər saat reportaj, canlı efirlər hazırlayıb. 
  
Ağsaqqalın növbəti danlamalı sitatı isə belədir: “Axı yazıçılar qurultaya maliyyə hesabatına görə yığılmamışdılar, növbəti beş ilin yaradıcılıq mövzuları və istiqamətləri də bu məclisdə müəyyənləşir!” 

Belə çıxır ki, Yazıçılar Birliyi icazə verməsə heç kim, heç nə yazmır? Sovetlərdəki kimi “yuxarıdan icazə verilməsə” şeir yazılmır? Hələ də anlamırsınız ki, biz 30 ildir müstəqil dövlətdə yaşayırıq. Fikir və ideyalar müstəqildir. Yaradıcılıq da həmçinin.  İçinizdəki sovetdənqalma “həbsxana” icazə vermir azad düşünməyə. Çıxa bilmirsiniz sovetin qandallarlından. 

Sonra ağsaqqal deyir ki, jurnalistikaya başqa sahədən gəlib işləmək olmaz, əlifbanı öyrənin. Jurnalist gərək ağıllı suallar versin. “İbtidai tərbiyə” gərəkdir. Jurnalist topladığı faktları bədii cəhətdən işləməlidir. 

Belə başa düşdüm ki, arada bir-iki bənd şeir deməlidir jurnalist. Amma dəqiqləşdirək, dünya ədəbiyyatından olmalıdır, yoxsa yerli ədəbiyyatdan? Məncə çox dəqiq müəyyənləşdirilməli məqamdır. 

Ağsaqqalın yəqin xəbəri yoxdur ki, mədhiyyə və poema oxumaq sovetdə qalıb. İndi internet, yüksək texnologiyalar əsridir. Müasir dövrün jurnalistləri artıq bir telefon vasitəsilə canlı efirə çıxıb, dünyanın o başından məlumat verir. Elə Baku.tv-nin və Report.az-ın Ukraynada xüsusi müxbiri olan Mübariz Aslanov. Jurnalist həmkarımız fevralın 24-dən dayanmadan Ukraynadan xəbər verir.

Ukraynanın prezidenti Volodimir Zelenskinin mətbuat konfransında çıxış edib, birbaşa sualları ona ünvanlayıb. Bilirsiniz harada? Haradan biləsiniz axı? Bombalardan qorunmaq üçün Kiyev metrosunda. 

Sonda ağsaqqal bizi hər şeydən sensasiya düzəltməkdə ittiham edir. Deyir ki, bu sosial şəbəkələrin yenilikləridir. Orada boş-bekar oturan bir qisim insanın qeyri-etik, mənəviyyatsız və s. şərhləridir. 

Ay ağsaqqal, ay Əməkdar jurnalist, ay Milli Məclisin keçmiş deputatı. Özünüz üçün qeyd edin, Azərbaycan Respublikasının Prezidenti də, Birinci Vitse-prezidenti də, Nazirlər Kabinetinin üzvləri də, bu gün hamısı sosial şəbəkələrdən aktiv istifadə edirlər. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan məhz sosial şəbəkə vasitəsilə xalqa, orduya, ən gözəl xəbərləri çatdırırdı. Bu gün də hansı səfərə getməyindən asılı olmayaraq sosial şəbəkələrdə xalqa məlumat verir. 

Bilirsiniz niyə?

Çünki sizdən fərqli olaraq o, özünü xalqa yaxın hesab edir. Hesabat verir xalqa. Xalq da öz sözünü, sevgisini, pərəstişini sosial şəbəkə vasitəsilə ölkə başçısına bildirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir