Cəmiyyət

Qarşılıqlı əlaqələrin yeni üfüqləri

Sharing is caring!

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər etmiş, burada ən yüksək səviyyədə səmərəli və məhsuladar müzakirələr aparılmışdır.Dövlət başçımızın bu səfəri qonşu və dost ölkələr arasındakı münasibətlərin inkişafına müsbət impuls verdi. Səfər zamanı iki ölkə arasında bir çox sahədə əlaqələrin daha da şaxələnməsinin vacibliyi vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparıldı. 

       Mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətləri dəyərləndirərkən prezident İlham Əliyev dedi ki, bu münasibətlər çox dərin ənənələr üzərində qurulub və əsrlərboyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də həmçinin bu möhkəm təməl üzərində qurulub. Dövlət başçısı vurğuladı ki, strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb.

Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, öz milli maraqlarını təmin edəcəklər. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il Azərbaycandan 22 milyard kubmetr ixrac olacaq, gələn il daha da artacaq. Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. 2027-ci ildə isə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması yeni reallıq yaradır.

Bütün bunlar hər iki ölkənin tərəqqisinə xidmət edəcək planlardır. Deməli, 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.

Həsən Allahverdiyev,

Cəlilabad Mətbuatyayımı şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir