Cəmiyyət

“İran artıq cidanı çuvalda gizlədə bilmir” – RƏY + FOTO

Sharing is caring!

“İranın Ermənistana açıq dəstəyi yeni deyil, sadəcə, indi cidanı çuvalda gizlətmək mümkün olmur”.

Bunu “Report”a açıqlamasında siyasi təhlilçi Cəmaləddin Quliyev deyib.

O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarla bağlı dediyi son fikirləri ilə bağlı bildirib ki, onların səsləndirilməsi üçün seçilmiş zaman mühümdür:

“Bu gün üçün əlbəttə ki, bu fikirlər daha çox İranda yaşayan soydaşlarımıza dəstək ifadəsi kimi qəbul olunmalıdır. Amma fikirlərin əhatəsi Cənubi Azərbaycan və cənubi azərbaycanlılarla məhdudlaşmır. Azərbaycanlıların subetnosu kimi qəbul olunan və İranın fərqli ərazilərində yaşayan digər türkdilli icmalar (qaşqaylar, nafarlar, Xorasan türkləri, xalaclar və s. – red.), həmçinin türkmənlər də yaşayırlar. Eləcə də dövlət başçısının dediyi kimi, dünyanın digər ölkələrində yaşayan azərbaycanlılar və türkdilli icmalar da diqqətdən yayınmamalıdırlar”.
 

Dövlət başçısının əvvəllər də soydaşlarımızla əlaqədar fikirlər səsləndirdiyini xatırladan ekspert deyib ki, həmin fikirlər müəyyən xarici dairələrdə narahatlıqla qarşılanıb:

“Hələ 2003-cü ildə prezident kimi ilk andiçməsi zamanı dediyi “bütün azərbaycanlıların prezidenti olacağam” sözlərinin Cənubi Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən müəyyən mesaj kimi qarşılanması haqqında yəhudi əsilli amerikan alimi, Azərbaycanın dostu Brenda Şafferin qeydləri var idi. Həmin sözləri belə bir kontekstdə təqdim etdiyinə görə bu günəcən İranın bəlli KİV-i Şafferdən düşmən düzəltməkdə davam edir. Daha sonra dünya azərbaycanlılarının qurultaylarında, türk və Azərbaycan diaspor təşkilatlarının birgə toplantılarında da dövlət başçısı xaricdə yaşayan soydaşlarımızın himayə edilməsi, siyasi-tarixi vətənlə əlaqələrinin qorunması, azərbaycançılıq ruhunun saxlanması üçün onlara dəstək verilməsinin gərəkliyi barədə konseptual xarakterli çıxışlar edib, bu istiqamətdə müəyyən addımlar da atılıb”.
 

İranın Ermənistana açıq dəstəyinin yeni olmadığını xatırladan siyasi şərhçi vurğulayıb ki, sadəcə, İran indi cidanı çuvalda gizlədə bilmir:

“İran rəsmiləri, ekspertləri və mediası səbəblər haqqında da uzun-uzadı və çoxsaylı açıqlamalar və şərhlər verirlər. Bu səbəbləri həm siyasi, həm iqtisadi, həm də müəyyən mənada psixoloji olaraq qruplaşdıra bilərik. Hələ 1989-cu ildə azərbaycanlıların cənubda yaşayan soydaşlarla təmaslarına yaradılmış süni əngəlləri aradan qaldırmaq üçün başladılmış sərhəd hərəkatını İran rəsmi təbliğatı “Qafqazdakı iranlıların Böyük İrana can atması” kimi təqdim edirdi. Hakim mədəni və siyasi elitanın zehniyyəti, təəssüf ki, şah dövründəki elitanın zehniyyətindən fərqlənmir. Qonşu ölkələrin çoxu, xüsusən Azərbaycan, Bəhreyn və Əfqanıstan “Böyük İrandan qoparılmış parçalar” kimi təsəvvür olunur. Bu fikirlər ölkə prezidentinin, ali dini liderinin dilindən səslənir. Yəni fərqli siyasi, mədəni, linqvistik kimliyi olan Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin varlığını psixoloji olaraq həzm edə bilməmə problemi var. Bu dözümsüzlük 44 günlük savaşdan sonra daha da şiddətlənib. Çünki Şanlı Ordumuzun zəfərinin cənublu soydaşlarımızda necə coşqu yaratmasının, iri şəhərlərdə ordumuza dəstək məqsədli nümayişlər, xalq yürüşləri keçirilməsinin hamımız şahidi olduq. Başa düşdülər ki, bizi Böyük İranın bir hissəsi kimi təsəvvür edən hakimi-zehniyyətdən fərqli olaraq 10 milyonlarla cənublu soydaşımız üçün azərbaycanlı kimliyi, Böyük Azərbaycan özünüdərki hakimdir. İslam inqilabından sonra ilk dəfədir ki, İran rəsmi mediasında belə cənublu soydaşlarımızla bağlı açıq mətnlə kütləvi inamsızlıq dilə gətirilir: ayrı-ayrı məmurlar, diplomatlar, ictimai xadimlər, hətta rejimin ən sadiq xidmətçisi olan vilayət imamcümələri sırf etnik mənşəyinə görə Azərbaycana lobbiçilik etməkdə suçlanır, etibarsızlaşdırılırlar”.

Siyasi səbəblərə gəlincə, C.Quliyevin fikrincə, belə hesab edilir ki, Azərbaycan Türkiyənin, demək, həm də NATO-nun Şərqə, Mərkəzi Asiyaya genişlənmə layihəsində ən mühüm ölkədir:

“Azərbaycanın Türkiyə ilə yaxınlaşması, Pakistanla, körfəz ölkələri, Səudiyyə Ərəbistanı, İsraillə əməkdaşlığı avtomatik olaraq İranın mühasirəyə alınması kimi təqdim edilir. Rusiyanın tədricən çəkilməsi fonunda Türkiyə və İsrailin bölgədə fəallığı, Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma təşəbbüsləri İran tərəfindən bölgədən sıxışdırılmaq, marginallaşdırılmaq kimi qarşılanır. İqtisadi səbəblər də bu məzmundadır. Hesab edilir ki, Türkiyə üzərindən İran yüklərinin və enerji ehtiyatlarının daşınması müqabilində Türkiyənin Mərkəzi Asiya ilə yerüstü rabitəsinin İrandan keçməklə təmin edilməsi balans yaradır.

Zəngəzur dəhlizi istifadəyə veriləcəyi təqdirdə həm Türkiyənin, həm Azərbaycanın, eləcə də Uzaq Şərqdən Qərbə və əksinə yükdaşımaları üçün daha əlverişli marşrut olaraq İrandan tranzit kimi istifadə zərurətini aradan qaldırdığından Tehranda bunu həyati maraqlarına ciddi zərbə, İranın strateji statusuna sui-qəsd adlandırırlar. Hərçənd, 21-ci əsrdə orta çağın “karvan yolları müharibəsi” taktikası ilə davranmağın gərəksilziyini dərk edən, bu istiqamətdə müzakirə açan ağıllı şəxslər, mütəxəssislər də olmamış deyil. Təəssüf ki, o ağıllı şəxslərin rəyləri, səsləri dini radikalizmlə böyük dövlətçilik maniyasının sintezindən ibarət təbliğati çığırtıların içərisində eşidilməz olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir