Cəmiyyət

“15-16 yaşlı qızlar xaricdə evlənib, burada boşanıblar” – Hüquqşünasdan AÇIQLAMA + FOTO

Sharing is caring!

Ötən il yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən, nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub. Onlardan 4 nəfərin nikahı məhkəmə qətnaməsinə əsasən, 1 nəfərin nikahı isə qarşılıqlı razılıq əsasında pozulub.

Xatırladaq ki, ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb. 15-29 yaşda olan 3107 kişi boşanıb. Boşanan kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub.

Ötən il 15-29 yaşda boşanan qadınların sayı isə 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.

Diqqətçəkən məqamlardan biri 15-17 yaş kateqoriyasından olan şəxslərin boşanmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən, ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Yəni üzrlü səbəblərdən 1 yaş endirilə bilər. Lakin 15-16 yaşlı şəxslərin nikaha daxil olması sual doğurur.

Maraqlıdır, 15-16 yaşlı şəxslər hansı halda nikaha daxil ola bilərlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şamil Paşayevin sözlərinə görə, ümumiyyətlə, 15-17 yaşlı şəxslərin nikaha daxil olmağa ixtiyarları yoxdur:

“Həmin yaş kateqoriyasından olanların nikaha daxil olması mümkünsüzdür. Emansipasiya (16 yaşlı həddi-buluğa çatmayan şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs elan edilməsi, məhdudiyyətin olmaması) qaydasında bəlkə ola bilər. Lakin o da inandırıcı deyil. Bu hal olsa belə, 15 yaşında şəxsin nikahına xitam yoxdur”.

Ş.Paşayev qeyd edib ki, 17 yaşdan aşağı olanların nikaha daxil olması mümkün deyil:

“Qanunvericiliyə görə, nikah yaşı 18-dir. Üzrlü səbəblər olduqda, yerli icra hakimiyyəti orqanları tərəfindən 1 yaş aşağı endirilə bilər. 17 yaşda nikaha daxil olmaq mümkündür. Lakin 17 yaşdan aşağı formada nikaha düşmək mümkün deyil”.

Hüquqşünas əlavə edib ki, çox güman ki, nikah yaşının aşağı olduğu ölkələrdə nikaha daxil olub, gələnlərin boşanma faktıdır:

“15-17 yaşlı şəxslər arasında nikahın pozulması faktının müəyyən edilməsi ancaq nikah yaşının aşağı olduğu ərəb ölkələrindən gələn vətəndaşların boşanma faktı kimi ola bilər. Ola bilər ki, adam gedib, hər hansı bir xarici ölkədə evlənib, daha sonra Azərbaycana gəlib, boşanıb. Və ya vətəndaşlıq alıb. Bu halda nikah pozulması halı ola bilər. Başqa heç bir formada mümkün deyil”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir