Cəmiyyət

Cavanşir Məmmədovun külli miqdarda pulunu mənimsəyən türk vətəndaşı məhkəmə qarşısında

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun Türkiyə vətəndaşı Mustafa Kamal İbiliyə qarşı dələduzluq iddiası üzrə məhkəmə iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Mustafa Kamal ifadəsində bildirib ki, Bakı şəhərində satın aldığı evi Cavanşir Məmmədovun qızı ilə evlənmək məqsədi ilə alıb. Daha sonra o hakimin suallarını cavablandırıb. Prosesin gedişində Cavanşir Məmmədov Mustafa İbiliyə suallar ünvanlayıb.

Cavanşir Məmmədov: “Pulumu almısan, qaytar, gedək də”

Mustafa İbili: “Pulu qızından istə, mən də ondan istəyirəm elə…”

Cavanşir Məmmədov ifadəsində bildirib ki, Mustafa Kamal İbili ilə 2019-cu ilin fevral-aprel aylarında tanış olub: 

“Mənə yaxınlaşıb özünü tanıtdı. Qonşuluqda yaşadığını bildirdi. Dedi ki, yaxın zamanlarda bir iş ortağının toyu olacaq və həmin toyda müğənni kimi iştirak etməyimi istədi. Dedim, gəl küçədə söhbət etməyək. Evimə dəvət etdim. Tez-tez türkcə danışırdı, mən də çox başa düşmürdüm. Heç indi də başa düşmürəm. Ona görə də qızımla nəvəm bizimlə oturdular. Toy məclisini danışdıq. Münasibət yarandı. 

2019-cu ilin son aylarında bir dəfə də tanışının toy məclisinə dəvət eləmişdi. Bu adam məni güdürdü. Nə vaxt evə gəlirdim, “Cavanşir baba” deyə-deyə başımın üstünü kəsdirirdi . Deyirdi ki, “Cavanşir baba, gəlir yerin haradır?”. Deyirdim, “heç nə, boğazım”. 

2020-ci ilin təxminən oktyabr-noyabr aylarında yenə evimə gəlib, ticarətlə məşğul olub-olmadığımı soruşdu. Dedim, yox, məşğul olmuram. Dedi, internet üzərindən birjada müxtəlif şirkətlərin səhmlərini alıb-satmaqla məşğuldur. Yaxşı gəlir əldə edir. Əgər mən də pul versəm, o pulla internet üzərindən səhmlərin alqı-satqısı ilə məşğul olar, mənə də pul verər. 

Pandemiya vaxtı idi, toy və şənliklər az idi. Fikirləşdim ki, razılaşım, o pul ilə ailəmi dolandıraram. Mənə dedi, ona 10 min dollar versəm, hər ay 500 manat gəlir verəcək. Dedi, bu işdə yaxşı qazanc var və istədiyim vaxt pulun ana hissəsini əvvəlcədən xəbər vermək şərti ilə götürə biləcəyəm. 

2020-ci ilin oktyabr-noyabr aylarında mənə 500 manat əvəzinə 700 manat verdi. Dedi ki, əlavə də 10 min dollar versəm, mənə bir o qədər çox gəlir gələcək. Beləcə, pulu alıb ara-sıra müəyyən məbləğdə pul verməyə başladı. 

2021-ci ilin iyununadək bu adam məndən 100 min dollar, nəvəmdən 8.000 manat və 30 min dolları birja adı ilə aldı. 

2021-in iyun ayında artıq Mustafadan şübhələnməyə başladım. Bizə deyirdi, bank hesabında problem var, buna görə də Türkiyəyə getməlidir. Həmin vaxt yoldaşım və qızım da Türkiyəyə getməli idilər. Ona görə Mustafaya dedim, elə onlarla birgə get, problemi həll et. 

Türkiyədə olarkən nəvəmə pul lazım olduğu üçün qızım Mustafanın bank hesabına 26.500 dollar pul vurub. Mustafa da həmin pula 3500 dollar əlavə edib, hissə-hissə Bakıya – nəvəmə göndərib. Lakin Türkiyədə olarkən aldığı pulları ödəməmək üçün orada yoldaşım və qızım ilə mübahisə edib. 

Həmin vaxtdan sonra zənglərimizə cavab vermədi. Biz də polisə müraciət etdik. Mənim hər iki övladım Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qırmızı diplomla bitiriblər. Ancaq bu şəxs 3-cü sinfi bitirib, 17 il də dələduzluq məktəbini oxuyub. Bütün səsyazmaları var. Özü etiraf edib hər şeyi.”

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin olunub.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. O, iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir