Cəmiyyət

“Ceyranlarla yanaşı, Dağıstan turu və nəcib maral da öz tarixi areallarına qaytarılacaq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Dünənki gün tarixi hadisənin şahidi olduq və hamılıqla qürurlandıq. Qarabağımızda təbiətimizin gözəl incisi olan ceyranlar dövlət başçımızın və birinci vitse-prezidentin iştirakı ilə yenidən tarixi məskənlərinə qovuşdular”.

Bunu Oxu.Az-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

– Ümumiyyətlə, ölkəmizdə ceyranların artımı, mühafizəsi, digər tarixi ərazilərə köçürülməsi vəziyyəti necədir?

– Ötən əsrin sonlarına doğru Azərbaycanda ceyranların sayı kəskin sürətdə azalmışdı, hətta bu nadir növün nəslinin kəsilməsi təhlükəsi mövcud idi. Bu səbəbdən 2003-cü ildə Prezidentin sərəncamı ilə Şirvan Milli Parkı yaradıldı, parkın ərazisində ceyranların təbii arealının mühafizəsi, qorunması həyata keçirildi. Artıq bu bir faktdır ki, Azərbaycanda ceyran populyasiyası bərpa edilib və sayları artmaqdadır.

Bu gün təkcə Şirvan Milli Parkının ərazisində 6 228 baş ceyran məskunlaşıb, ölkə üzrə isə 7000-dən artıq ceyran fərdi yayılıb.

– Məlumdur ki, ceyranlar tarixən Azərbaycanın bir çox ərazilərində məskunlaşmışdı. Sayları artandan sonra onların tarixi yerlərinə köçürülməsi işinə nə vaxtdan başlanılıb?

– 2010-cu ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi tərəfindən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi üzrə ceyranların təbii areallarına qaytarılması istiqamətində fəaliyyətlər davam etdirilir və uğurlu nəticələr əldə olunub. 

Bu reintroduksiya layihəsi çərçivəsində 293 baş ceyran Şirvan Milli Parkından Abşeron və Ağgöl Milli Parklarının, Gürcüstan Respublikasının Vaşlovani Milli Parkının, İlisu və Korçay Dövlət Təbiət Qoruqlarının, Qax Dövlət Təbiət Yasaqlığının ərazilərinə, həmçinin Cəngiyə reintroduksiya edilib.

Qarabağ bölgəsində də bu cür layihələrin icrasına başlanılıb. Ceyranla yanaşı, bezoar keçisi, Dağıstan turu və nəcib maralın öz tarixi areallarına reintroduksiyası planlaşdırılır.
Artıq bu layihə çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxıldı, proses bu il və gələn il ərzində də davam etdiriləcək.

Balıq növlərinin populyasiyasının bərpası üçün də davamlı işlər görülməkdədir. İki il ərzində Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə  qızılxallı balıq körpələrinin buraxılışı təşkil olunub.

– Qarabağ bölgəsində ekosistemin və biomüxtəlifliyin bərpası üçün yaxın dövr üçün daha hansı layihələr planlaşdırılır? 

– Bezoar keçisi populyasiyalarının beynəlxalq qorunma statusunun təhlükə həddində olduğu nəzərə alınaraq 2022-2023- cü illərdə İDEA İctimai Birliyi ilə birgə müəyyən sayda bezoar keçisinin Naxçıvan Muxtar Respublikası ərazisindən gətirilərək ölkənin digər uyğun ərazilərinə, o cümlədən Qarabağ bölgəsinə reintroduksiyası həyata keçiriləcək. 

Eyni zamanda, Qafqaz nəcib maralı və Şərqi Qafqaz Turunun da  reintroduksiyası layihəsinin reallaşdırılması nəzərdə tutulub.

– Zubrların Azərbaycana gətirilməsi də reintroduksiya layihələri çərçivəsində həyata keçirilib?

– Bəli, zubrların Azərbaycanda tarixi məskunlaşma yerlərinə qaytarılması da reintroduksiya layihəsidir və bu  işlər də uğurla davam etdirilir.

Avropa bizonunun (zubr) ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv işlər aparılır. 

Aparılan işlərin nəticəsi olaraq 2019-2021-ci illər ərzində ölkəmizə 26 baş zubr reintroduksiya olunub, hazırda təbii artımla zubrların ümumi sayı 31 başa çatdırılıb. Noyabr ayında daha 9 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir