Cəmiyyət

Sabunçuda təhlükəli vəziyyətdə olan binanın dam örtüyü iki ildir təmir edilmir – ŞİKAYƏT

Sharing is caring!

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən bina 7-nin tavanı iki ildir yararsız vəziyyətdədir. 

Məsələ ilə bağlı bina sakini Kamal Məmmədzadənin Oxu.Az-a şikayəti daxil olub.

Onun sözlərinə görə, bina köhnə tikili olduğu üçün tavanın daşları tökülməyə başlayıb. Yağışlı hava olduqda isə içəri su damır.

Yaranmış təhlükəli vəziyyət barədə 2021-ci ilin fevral ayında 3 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəsmi şəkildə məlumat verilib. Fevral ayının 12-də qurumdan Kamal Məmmədzadənin müraciətinə cavab olaraq bildirilib ki, binanın dam örtüyünün əsaslı təmiri 2021-ci ilin iş planına daxil edilib. Bina növbəlik əsasında təmir ediləcək.

Lakin hadisədən bir il səkkiz ay keçməsinə baxmayaraq, hələ də binada heç bir bərpa işləri həyata keçirilməyib. 

Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini Hacıağa Mircəfərov Oxu.Az-a açıqlamasında qeyd edib ki, dam örtüyünün əsaslı təmirini mənzil-kommunal təsərrüfatı birlikləri həyata keçirmir:

“Biz ancaq cari təmirlə məşğuluq. Əgər bizə cari təmirlə bağlı müraciət olsa, onu edərdik. Əsaslı təmir edən təşkilat başqadır. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC var, bu məsələyə onlar baxır. Biz isə hər il təmirə ehtiyacı olan binaların titul siyahısını hazırlayıb aidiyyəti üzrə göndəririk. O qəbildən olan binaların sayı çoxdur. İl ərzində 5-10 binanın yox, 150-200 binanın dam örtüyünün təmiri həyata keçirilir. Sözügedən sakinlər bizdən əsaslı təmir istəyib, biz də cavabı əsaslı təmirə görə yazmışıq və dərhal onunla bağlı aidiyyəti üzrə müraciət etmişik. Əsaslı təmirə 2023-cü ilədək başlanılacaq. Yəni bizə belə cavab verilib. Lakin sözügedən ünvanla bağlı sizin müraciətinizdən sonra dərhal əməkdaşlarımız tərəfindən baxış keçirildi və ən qısa zamanda orada cari təmir aparılacaq”.

Qurum rəsmisi diqqətə çatdırıb ki, iş mərhələli şəkildə həyata keçirilir:

“Bina var ki, dam örtüyü, bərbad vəziyyətdədir, hazırda onlara üstünlük verirlər. Əsaslı təmir olunana qədər mənzil cari təmir olunmalıdır, əksər sakinlər isə bununla razılaşmır, başa sala bilmirik ki, müvəqqəti də olsa cari təmir edək ki, yağış evə yağmasın. Əgər cari təmirə razıdırlarsa, ərizə yazaraq müraciət edib yaşadıqları mənzilin dam örtüyü üçün tol istəyə bilərlər, dərhal köməklik göstərərik”. 

Məlumatlandırmaq üçün şikayətçi olan tərəflə təkrar əlaqə saxladıqda isə Kamal Məmmədzadə onlara cari təmirlə bağlı heç bir məlumatın verilmədiyini vurğulayıb:

“Əksinə, biz dedik ki, nə istəyirsiniz qoyun, heç olmasa, suyun qarşısı müvəqqəti alınsın, ancaq təklifimizə məhəl qoyulmadı. Biz evimizi yeni təmir eləmişik. Bundan əvvəl su zala gəlirdi, indi təmir elədik ki, heç olmasa, bir az vəziyyət düzəlsin, yeni təmirin də pozulmasını istəmirik. Lap sabah gəlsinlər, müvəqqəti şifer qoysunlar, biz onlardan evimizin içərisinin tam təmir olunmasını istəməmişik axı. Onlar mənə məktub göndərmişdilər ki, 2021-ci ilin sonunadək əsaslı təmir olunacaq. İndi də 2023-cü ilədək uzadıblar, uzatdıqca uzadırlar. İndiyədək kimsə deməyib ki, gəlin müvəqqəti də olsa, təmir edək”.

Sayad Həsənli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir