Cəmiyyət

Tovuz Rayon Xəstəxanasında “həkim” səhlənkarlığı: Xəstəxanada vətəndaşa kim gəldi iynə vurur? – AÇIQLAMA

Sharing is caring!

Tovuz rayonunda ata həkimlərdən narazıdır.

Belə ki, yerli media orqanlarından birinə müraciət edən vətəndaş Tovuz Rayon Mərkəzi Xəstəxanasından şikayətçidir.

Rayonun Əyyublu kənd sakini Elvin Yusifli iddia edir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında onun yeni doğulan övladının bir qolu məhz həkim səhlənkarlığı səbəbindən xəsarət alıb. Körpə sağ qolunu hərəkət etdirə bilmir.

Atanın sözlərinə görə, övladı sentyabrın 4-də qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib:

“Doğulanda uşağın heç bir sağlamlıq problemi olmayıb. İki gün sonra uşağın səhhətində problemlər yaranıb. Uşaq baxımsızlıqdan sarılıq tutub. Bundan sonra körpəyə sistem vurulan zaman iynə sinirə toxunub və qolu zədələnib”.

Valideynləri deyir ki, peyvənddən sonra uşağın sağ qolu şişməyə başlayıb. Onlar yenidən bununla bağlı xəstəxanaya müraciət etdiklərində isə “narahat olmayın, düzələcək cavabı alırlar”.

İddialar arasında uşağa iynə vurmalı olan həkimin yerinə onun gəlininin gəldiyi, iynəni də məhz həkim əvəzinə onun vurduğu da var.

Vətəndaşın tibb müəssisəsi və həkim barədə irəli sürdüyü iddialara cavab olaraq TƏBİB-ə sorğu ünvanladıq.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1992-ci il təvəllüdlü J.Y. 04.09.2022-ci il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gətirib. Körpə doğularkən fizioloji sarılığı olub. 07.09.2022-ci il tarixində körpənin zəif qidalanması müşahidə edilib. Bu səbəbdən ona damardaxili infuzion müalicə aparılıb. Bundan sonra körpənin qidalanması bərpa olub, vəziyyəti qənaətbəxş olduğu üçün 10.09.2022-ci il tarixində evə buraxılıb.

Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün bir neçə digər tibb müəssisələrinə müraciət edilib. Sözügedən müəssisələrdə də körpəyə tibbi xidmət göstərilib.

Daha sonra 16.09.2022-ci il tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı (osteomielit) diaqnozu qoyulub. 17.09.2022-ci il tarixində körpə tibb müəssisəsinin Yenidoğulmuşların patologiyası şöbəsinə köçürülüb. Müayinə və müalicələrdən sonra 05.10.2022-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb. Körpənin yenidən müayinəyə gətirilməsi barədə ailəsinə məlumat verilib.

Qeyd edək ki, məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir. Körpənin ailə üzvləri ilə əlaqə saxlanılıb və onlar TƏBİB-ə dəvət ediliblər.

Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, məsələ ilə bağlı şikayət APA TV-nin qaynar xəttinə ünvanlanıb və işıqlandırılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir