Cəmiyyət

Uşaqlarda hansı əlamətlər cərraha müraciəti zəruri edir? – MÜSAHİBƏ

Sharing is caring!

“Uşaqda qarınağrısı, qusma, xüsusilə ödlü, qarında köp, asimmetriya olması, qasıq və xarici cinsiyyət üzvləri nahiyəsində qızartı, şişkinlik, “səbəbsiz” qızdırma, “səbəbsiz” periodik qusma və s. çoxsaylı əlamətlər aşkarlanarsa, bu halda uşaq cərrahına, yaxud uşaq həkiminə müraciət etmək lazımdır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gündüz Ağayev uşaqlarda rast gəlinən cərrahi xəstəliklərlə bağlı qurumun saytına verdiyi müsahibəsində qeyd edib. 

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Gündüz müəllim, uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər hansılardır?

– Uşaqlarda ən çox qarşılaşdığımız cərrahi xəstəliklərə peritonun yataq çıxıntısının patologiyaları (qasıq yırtığı, hidrosele), qarnın ön divarının yırtıqları (göbək yırtığı, ağ xətt yırtığı, nadir yırtıqlar), kriptorxizm (enməmiş xaya) aiddir.

Qasıq yırtığı uşaqlarda ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurudur, oğlanların təxminən beş faizində təsadüf edilir. Qızlarda oğlanlara nisbətən 5-10 dəfə az hallarda olur. Sağtərəfli qasıq yırtığının sola nisbəti 2:1-dir. 10 faiz hallarda ikitərəfli olur. Qızlarda ikitərəfli olma ehtimalı oğlanlara nisbətən iki dəfə çoxdur.

İkitərəfli qasıq yırtığı olan qızlarda cinsi inkişafın pozulması riskinə görə cinsiyyət üzvləri diqqətlə müayinə olunmalıdır.

Uşaqlarda qasıq yırtığının səbəbi, anatomik quruluşu və cərrahi əməliyyat texnikası böyüklərdə olan qazanılma qasıq yırtıqlarındam tam fərqlidir. Əməliyyat açıq və endoskopik oluna bilər. Son onillikdə minimal invaziv (laparoskopik) əməliyyata daha çox üstünlük verilir.

Enməmiş xayanın müalicəsi cərrahi müdaxilədir. Cərrahi əməliyyat uşağın altı ayından iki yaşınadək oluna bilər. Cinsi yetişkənlik dövründən sonra birtərəfli enməmiş xaya aşkar edilibsə, o zaman xayanın xaric edilməsi məsləhətdir. Çünki gələcəkdə xərçəng xəstəliyinin inkişaf etmə riski yüksək ola bilər.

– Yeni doğulan körpələrdə anadangəlmə patologiyaların ilkin səbəbi nədir?

– Qüsurların əksəriyyəti hamiləliyin ilk trimestrində, orqanogenez dövründə baş vermiş inkişaf pozğunluğundan yaranır. Anadangəlmə patologiyaların ilkin səbəbləri müxtəlifdir və irsi faktorlardan, valideynlərin, xüsusilə ananın sağlamlıq vəziyyətindən, ətraf mühit amillərindən asılıdır.

Bəzi qüsurların səbəbi qeyri-cərrahi genetik xəstəliklərdir. Məsələn, sistik fibroz bətn daxilində bağırsağın burulmasına və nekrozuna, bətndaxili peritonitə, bağırsağın atreziyasına səbəb ola bilər.

– Hansı simptomlar olduğu halda uşaq cərrahına müraciət edilməlidir?

– Cərrahi patologiyalar müxtəlif və çoxsaylı ola bilər. Kiçik uşaqlarda əksər hallarda cərrahi xəstəliklərə xas olan simptomlar neonatoloq, yaxud pediatr tərəfindən aşkar edilir. Uşaqda qarınağrısı, qusma, xüsusilə ödlü, qarında köp, asimmetriya olması, qasıq və xarici cinsiyyət üzvləri nahiyəsində qızartı, şişkinlik, “səbəbsiz” qızdırma, “səbəbsiz” periodik qusma və s. çoxsaylı əlamətlər aşkarlanarsa, bu halda uşaq cərrahına, yaxud uşaq həkiminə müraciət etmək lazımdır. Məsələn, kiçikyaşlı uşaqlarda kəskin appendisit az hallarda baş verir. Xəstəlik əvvəlcə ümumi narahatlıq, halsızlıq, qidadan imtina ilə başlayır, bir neçə saatdan sonra isə hərarət yüksəlir.

Qeyd edim ki, qarınağrısı olan uşaqlarda, xüsusilə azyaşlılarda, uşaq cərrahının müayinəsi vacibdir.

– Uşaqlarda ağciyər və qaraciyərin sistlərinin hansı halda və neçə yaşda əməliyyat olunması məsləhət görülür?

– Uşaqlarda qaraciyər sistləri (kistalar) əksər hallarda xoşxassəli olur. Sistlər anadangəlmə (sadə, mezenximal hamartoma, epidermal, limfangioma, qaraciyərdaxili biliar, enterik), qazanılma (posttravmatik, parazitar, neoplastik) ola bilər. Ona görə də bu uşaqlar hətta klinik əlamətlər olmasa da, ətraflı müayinə olunmalıdırlar. Müalicə isə aşkar edilmiş patologiyaya uyğun seçilir.

Ağciyər sistləri anadangəlmə inkişaf qüsurudur. Əksər hallarda prenatal dövrdə aşkar edilir. Ağır hallarda prenatal hormonal müalicə, yaxud fetal manipulyasiya aparıla bilər. Postnatal dövrdə xəstədə tənəffüs çatışmazlığı inkişaf edərsə, adətən üç aydan sonra planlı cərrahi əməliyyat məsləhət görülür.

– Uşaqlarda göbək yırtığının əmələgəlmə səbəbi nədir və zamanla keçə bilərmi?

– Göbək yırtığı uşaqlarda tez-tez rast gəlinən patologiyadır və fassial göbək həlqəsinin defektidir. Qasıq yırtığından fərqli olaraq yırtıq qapısı əzələlərdən deyil, aponevrozdan əmələ gəldiyinə görə göbək yırtığının yığılması çox nadir olur. Beş yaşadək uşaqların 90 faizində defekt özü bağlandığından cərrahi əməliyyata ehtiyac olmur. Göbəyə bandaj, plaster və s. qoymaqla defektin bağlanması sürətlənmir, əksinə, göbək nahiyəsində dərini zədələyir, uşağı narahat edir. Kiçikyaşlı uşaqlarda cərrahi əməliyyatdan sonra eyni problem yenidən yarana bilər. Buna görə də valideynlərə diqqətli olmaları tövsiyə edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir