Bölgə

ƏRAZİLƏRİN BƏRPASI VƏ İNKİŞAFI ÜMUMMİLLİ MƏSƏLƏDİR

Sharing is caring!

Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində deyib: “Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək. Yəni, gördüyünüz kimi, biz bütün istiqamətlər üzrə dərhal bu işlərə başlamışıq”.

  Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlanılıb. Bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.
   Dövlətimizin başçısı deyib: “Bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.
    Prezident bildirib ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
   Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Xudayar Soltanlı, ADPU-in Cəlilabad filialının direktoru

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir