Cəmiyyət

BÖLGƏLƏRİMİZ SÜRƏTLİ İNKİŞAF YOLUNDADIR

Sharing is caring!

Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak etməsi, həmin müəssisələrdə yaradılan şəraitlə yaxından tanış olması, bundan sonra da respublika üzrə bütün iqtisadi layihələrin icrasının davam etdirilməsi barədə göstərişlər verməsi bir daha dövlət başçımızın regionların inkişafını daim diqqət mərkəzində saxlamasından, eyni zamanda, bu istiqamətdə reallaşdırılan siyasətin dönməz xarakter daşımasından xəbər verir.

   Prezidentimiz Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində regionların inkişafına xüsusi önəm verib, prioritet istiqamət kimi yanaşıb. Belə bir prinsip dövlətimizin başçısının əhalinin rifahının yaxşılaşmasının, ölkəmizin sabitlik adasına çevrilməsinin və xalq-iqtidar birliyinin möhkəmlənməsinin məhz bu amillə–bölgələrin sürətli tərəqqisi ilə bağlı olması kimi qənaətindən irəli gəlib. Bu strategiyanın uğurla gerçəkləşdirilməsi isə ölkə rəhbərinin mürəkkəb və çətin şəraitlərdən alnıaçıq, üzüağ çıxmasında, onun verdiyi vədlərə ləyaqətlə əməl edən lider kimi tanınmasında, xalqın inam və etimadını qazanmasında həlledici rol oynayıb. Prezidentin ötən dövr ərzində müvafiq fərmanları ilə təsdiqlədiyi regional proqramların uğurlu icrası nəticəsində respublikamızın şəhər və kəndlərində müqayisəolunmaz sürətli bir tərəqqi yaşanıb, əhalinin məşğulluğu sahəsində əsaslı dönüşə nail olunub. Ölkə rəhbəri istər regional proqramlarda nəzərdə tutulan tədbirlərin, istərsə də qarşıya çıxan problemlərin aradan qaldırılması məqsədilə vaxtaşırı bölgələrə səfərlər edir, vəziyyətlə yerində tanış olur, mövcud çətinlikləri vətəndaşların dilindən eşidir və bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verir, icrasını isə nəzarətdə saxlayır. Dövlətimizin başçısı bölgələrdə sosial-iqtisadi sahələrdə yüksək göstəricilərin əldə edilməsinin səbəbini də məhz bu cür iş prinsipi, operativ nəzarət sisteminin diqqət mərkəzində saxlanılması ilə əlaqələndirir və “Mənim işimin əsas hissəsini daxili məsələlər tutur, buna görə Azərbaycan çox uğurla inkişaf edir”, - deyir..

    Regional proqramların həyata keçirilməsi, eyni zamanda, bölgələrimizin mövcud potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını, yeni müəssisələrin yaradılmasını, sənaye və kənd təsərrüfatında istehsal həcminin artırılmasını, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasını şərtləndirib. Belə bir vəziyyət isə son nəticədə yerli sahibkarlığın güclənməsinə, özəl bölmənin coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Azərbaycanın kənd və şəhərlərinin inkişafı regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə də öz müsbət təsirini göstərib.

   Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, əgər respublikamızın bütün kəndlərinin, şəhərlərinin problemləri həll olunarsa, vətəndaşların qayğıları ilə yaşanılarsa, onların çətinlikləri öyrənilib, düzgün təhlil aparılaraq, aradan qaldırılarsa, deməli, həm ümumilikdə ölkə sosial-iqtisadi baxımdan güclənər, həm də xalqın dövlətə inamı, ümidi artar. Bu isə son nəticədə xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirər.

    Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində reallaşan tədbirlər bu rayonun timsalında regional Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı haqqında aydın təsəvvür formalaşdırır və belə dinamik tərəqqini tezliklə işğaldan azad olunmuş ərazilərdə müşahidə edəcəyimiz əminliyi yaradır.

Mirağa Həsənov, Cəlilabad rayon sakini,“FƏDƏK MMC”nin rəhbəri

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir