Araşdırma

“Azərpambıq ASK”-in direktoru kabinetində komfort ŞƏRAİT YARADIR – BİR TENDERİN İZİ İLƏ

Sharing is caring!

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti “ASK Villa” binasının 1-ci və 2-ci mərtəbələrində “Azərpambıq ASK” MMC-nin yerləşdirilməsi məqsədi ilə təmir-tikinti işlərinin satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusuna yekun vurması və “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 966.89 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 26.07.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

İlk baxışdan adi bir satınalma müqaviləsinə oxşayır. Lakin araşdırdıqda ortaya başqa məsələlər çıxdı. Birinci və əsas məsələ “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satınalma müqaviləsi bağladığı “MK İNŞAAT TƏMİR-DİZAYN” MMC-nin tender müsabiqəsinin keçirilməsi barədə verilmiş elandan sonra dövlət qeydiyyatına alınmasıdır.

Qeyd edək ki, “Azərpambıq” Aqrar Sənaye Kompleksi tenderin şərtlər toplusundakı məlumatlara görə müsabiqəyə 17.06.2022-ci il tarixində başlanılıb, zərflərin açılış tarixi isə 22.07.2022-ci ilə müəyyən edilib. İndi gəlin görək tenderin qalibi olan MMC nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.06.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, SEYİD ƏZİM ŞİRVANİ (BİNƏQƏDİ QƏS.), ev 7, qanuni təmsilçisi kimi isə Mustafazadə Kənan Cavanşir oğlu qeyd olunub.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, “Azərpambıq” Aqrar Sənaye Kompleksi tender müsabiqəsinə dəvətdən 11 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Daha təəccüblüsü odur ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyası yol verdiyi qanun pozuntusunu şərtlər toplusunda elə özləri göstərirlər. Bunu qara şriftlərlə məhz “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyasının üzvlərinin bir daha oxuması üçün xatırladırıq. Tələb olunan sənədlərdə göstərilir ki, İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır.

Belə olan halda “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyası “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdə iştirakına nə üçün yol verib? Digər tərəfdən, heç bir göstəriciləri qanunun tələblərinə uyğun gəlməyən MMC necə qalib gəlib? Bu elektron satınalmanın işi deyil. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?

Qeyd edək ki, apardığımız araşdırma zamanı diqqət çəkən bir məqama da rast gəldik ki, bu da aparılacaq təmir işi ilə bağlıdır. Elandan da göründüyü kimi, “Azərpambıq” Aqrar Sənaye Kompleksi “ASK Villa” binasının 1-ci və 2-ci mərtəbələrində “Azərpambıq ASK” MMC-nin yerləşdirilməsi məqsədi ilə təmir-tikinti işləri aparır. Bu işlərə nələr daxildir?

Asma tavanların karkasının qurulması, yüksək keyfiyyətli suvaq üzrə tavaların polivinilasetat sulu emulsiyalı tərkiblə 2 dəfə rənglənməsı, alçıpan arakəsmələrin quraşdırılması, direktor və sədr otağlarında sanitar qovşaq 56 m(2) divarların kafellə üzlənməsi, Direktor və sədr otağlarında sanitar qovşaq – şüşə duş kabinin quraşdırılması (su qarışdırıcı ilə birlikdə) 2 ədəd. Növbəti suallar da buradan başlayır.

Maraqlıdır “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin direktoru ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar planlar, layihələr hazırlamağa, pambığın tədarükünə, istehsal olunmasına, emalı və emaldan alınan məhsulların satışına nəzarət etməyə, iş görməyə gəlir, yoxsa işdə düş qəbul etməyə?

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl müşavirələrin birində pambıqçılığın bərpası və inkişafı ilə əlaqədar qeyd etmişdi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır. Bəli, dövlət bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atır, bu sahəni diqqətə götürüb.

Amma “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru nə edir? İşdə özünə komfort şərait yaradır. Onun kabineti üçün alacağı mebellər barədə hələ ki, məlumat yoxdur. Direktor və sədr otaqlarında sanitar qovşaq , şüşə duş kabinin quraşdırılırsa, deməli mebellər də komfort,bahalı olacaq. Direktor da özü üçün komfort həyat keçirəcək. Aran rayonlarında isə pambıqçılıqla məşğul olan fermer və kəndlilərin pulu vaxtında verilməyəcək. Çünki onların pulları artıq direktorun komfort həyat yaşaması üçün xərclənir.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayından “Azərbaycan Sənaye Korposiyası” ASC-yə (ASK) məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru vəzifəsinə Fəxri Mehdiyev təyin edilib. Ondan əvvəl o, ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.aktualinfo.org


Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.