AKTUAL

Əli Əhmədov: “Qadınlar özlərini ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”

“Qadınlar təkcə kiçik sahibkarlıqla deyil, özlərini həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”.

APA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.

O bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialının gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir”.

Ə. Əhmədov qeyd edib ki, qadınlar təkcə kiçik sahibkarlıqla deyil, həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa özünü hazır hiss etməlidir: “Qadınlar ictimai işlərdə iştirak etməklə yanaşı, uşaq böyüdürlər. Hesab edirəm ki, qadınların sahibkarlıqla məşğul olması üçün bütün imkanları təşkil edə bilərik”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan qadınları kifayət qədər yüksək təhsil almış insanlardır: “Son zamanlar ali təhsil müəssisələrində qızların sayının çox olması onu göstərir ki, bütün sahələrdə qadınlar üstünlük təşkil edəcək. Güman edirəm ki, bu artım biznes sahəsində də müşahidə olunacaq. Mən inanıram ki, bu forumda qadın sahibkarlığının inkişaf etdirilməsi sahəsində fikirlər səslənəcək. Güman edirəm ki, bu forum Azərbaycanda qadın sahibkarlığının inkişafına öz töhfəsini verəcək”.