Siyasət

“ABŞ və Fransa diplomatlarının Şuşadakı konfransa qatılmamaları siyasi riyakarlığın növbəti nümunəsidir” – RƏY

Sharing is caring!

“ABŞ və Fransanı təmsil edən diplomatların Şuşada keçirilən beynəlxalq konfransa qatılmamaları siyasi riyakarlığın, antihumanizmin növbəti nümunəsidir”.

Bu sözləri “Report”a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Şuşada 60-dan çox ölkəni, 19 beynəlxalq təşkilatı təmsil edən 160 nəfərdən çox səfir, hərbi attaşe və diplomatların iştirakı ilə keçirilən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransa ABŞ və Fransanı təmsil edən diplomatların qatılmamaları siyasi riyakarlığın, antihumanizmin növbəti nümunəsidir”.

E.Mirzəbəyli vurğulayıb ki, bu davranış ABŞ və Fransanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin çoxsaylı dinc insanın ölümünə səbəb olan minalardan təmizlənməsində, yaşayış məntəqələrimizin tez bir zamanda bərpa edilməsinə və məcburi köçkünlərin öz doğma yurd yerlərinə qayıtmasında, Cənubi Qafqazda sülhün və əmin-amanlığın, sabitliyin təmin olunmasında, insanların dinc birgəyaşayışında maraqlı olmadıqlarını bir daha sübuta yetirir:

“Deməli, bu ölkələri artıq tarixin arxivinə göndərilmiş “münaqişə”nin bərpası, aqressiv separatçılıq və terrorizmin vüsət alması, xaos, dinc insanların, o cümlədən uşaqların, qadınların, yaşlıların qətlə yetirilməsi, minaların qurbanına çevrilməsi, xalqlar arasındakı düşmənçiliyin sonsuza qədər davam etməsi, şəhər və kəndlərin viran olunması qane edir”.

Ekspert bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərdə və beynəlxalq konfransda təkcə ölkəmizdə dislokasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri deyil, eyni zamanda Ankara, Tehran və Moskvadakı qeyri-rezident səfirlər də iştirak edirlər:

“O zaman ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin davranışlarının sağlam məntiqlə, beynəlxalq hüququn norma və prinsipləriylə, diplomatik fəaliyyətin mahiyyətilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Bu yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yalnız Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoymayıb, həm də işğalın sonsuza qədər davam etməsində, yüz minlərlə azərbaycanlının öz doğma yurd yerlərinə həsrət qalmalarında, müharibə cinayətlərində Ermənistan qədər, bəlkə də, daha çox maraqlı olan ABŞ və Fransa kimi ölkələrin planlarını pozub”.

“Sözügedən ölkələrin diplomatik nümayəndəliklərinin sərgilədiyi qeyri-insani, bəşəri dəyərlərə, dövlətlərin suveren hüquqlarına, ədalət prinsiplərinə zidd davranışları da buradan qaynaqlanır”, – deyən Elçin Mirzəbəylinin fikrincə, ABŞ və Fransadan olan diplomatların bu mühüm səfərdə və konfransda iştirak etməmələri Azərbaycan, region və tətbiqə qatılan 160 nəfərdən çox səfir, hərbi attaşe, digər diplomatlar, eləcə də onların təmsil etdikləri ölkələr və beynəlxalq təşkilatlar üçün heç nəyi dəyişməyəcək:

“Amma Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, işğalçı üzərində ədalətli və Beynəlxalq Humanitar Hüququn bütün prinsiplərinə əməl etməklə zəfər çalması nəticəsində təkcə regiondakı, yaxud subregiondakı reallıqları deyil, bütövlükdə Avrasiya məkanındakı uzun illərdən bəri ədalətsiz bir şəkildə davam edən geosiyasi mənzərəni də dəyişib və öz yerlərini sülhə, əməkdaşlığa, xalqların firavan və təhlükəsiz yaşamasına xidmət edən reallıqların içərisində görə bilməyənlər, sadəcə, prosesdən kənarda qalacaqlar”.

Qeyd edək ki, avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla, ümumilikdə, 180-ə yaxın xarici nümayəndə iştirak edir.

Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar. Ancaq ABŞ və Fransanın Azərbaycandakı səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir