Dünya

Suriyada ehtiraslar yenidən coşur: Raket atəşlərinin pərdəarxasındakı niyyətlər – TƏHLİL

Sharing is caring!

Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyatlar keçirəcəyi ərəfədə 2011-ci ildən bu yana qan çanağına dönən ərəb ölkəsində yenidən atəş səsləri ucalır.

Türkiyə ilə İsrailin münasibətlərinin istiləşməsi, Ankaranın Suriya hökuməti ilə dialoqu bərpa etmək səyləri fonunda İranla ABŞ qüvvələri arasında hərbi gərginliyin artması regiondakı digər oyunçuların da ehtiraslarını coşdurur.

Bu yaxınlarda İsrail İran bazasına aviazərbələr endirməklə SEPAH zabitlərindən birini öldürdü, ardınca isə İran ABŞ qüvvələrini raket atəşinə tutdu.

ABŞ cavab olaraq raket zərbələri yağdıran İran qüvvələrini zərərsizləşdirmək üçün döyüş helikopterləri ilə cavab tədbirləri görüb, nəticədə üç iranlı hərbçi ölüb, üçü isə yaralanıb.

Suriyanı bürüyən barıt iyinin kəskinləşməsi ən çox İranın sıxışdırılıb çıxarılmasına hesablanıb, lakin bu ölkədəki SEPAH qüvvələri, Tehranın kölgəsi altındakı “Hizbullah” silahlılarının qovulması müşkül məsələdir.

Suriyada İranın dalana dirənərək uduzdurulması planı həm Türkiyənin, həm İsrailin, həm ABŞ-ın maraqlarına cavab verir, amma İslam Respublikasının müttəfiqi Rusiya hələ ki Tehranı ayağa vermək idealları səviyyəsinə çatmayıb.

Buna görə də hərbi konfrontasiya mütənasib və düşünülmüş addımlar kontekstində öz tempini saxlayacaq və qarşılıqlı zərbələr davam edəcək.

Vəziyyətin mürəkkəbləşməsi ən çox Türkiyə üçün problemə çevrilir, onun keçirəcəyi əməliyyatların önünə İran amilini çıxarmaq üçün əsaslar yaranır, amma Ankara bu işin öhdəsindən gəlib müəyyən etdiyi hədlərə çatmaqda inadkarlıq göstərir.

Türkiyə Suriyadakı maraqlarını ən çox Rusiya-İsrail ikilisinin maraqlarına inteqrasiya edib bundan maksimum fayda götürməyi qarşıya məqsəd qoyur. Qəribə görünə bilər, lakin Rusiya ilə İsrail Suriya münaqişəsində əks tərəfdə dayansalar da, onlar bəzi fəaliyyətlərdə bir-birinin hərbi aktivliyinə göz yumurlar, çünki Moskva ilə Təl-Əvivin münasibətləri yaxşı səviyyədə qurulub.

Ankara Rusiya ilə İsrailin maraqlarına ona görə yer verir ki, bu ölkələrlə müştərək addım atmaq üçün baza mövcuddur, amma Türkiyənin İranla ortaq bir nöqtəyə gəlməsi mümkünsüz görünür.

Birincisi, Türkiyə və İran islam dininin yayıcısı olsalar da, teoloji-məzhəb mövzularındakı kəskin fərqlər iki ölkəni bir-birindən uzaqlaşdırır. Türkiyə dünyəvi dövlət olsa da, xarici siyasət prioritetlərində islam amilini önə çəkir və hər hansı ölkədə dayaqlar yaradarkən bu faktordan ustalıqla istifadə edir.

İran Türkiyənin hərbi qüdrəti, siyasi təsir dairəsi ilə bərabər, onun siyasi şiəliyə alternativ hərəkat formalaşdıra bilmək qabiliyyətindən çəkinir. Tehranın Ankaranı Suriyada və İraqda həzm etməməsinin səbəblərindən biri də bu motivlərə söykənir.

İkincisi, İran Suriyada kifayət qədər nüfuz dairəsinə sahibdir və onun məhdud zonaya sıxışdırılması Tehranın məğlubiyyətinə, Türkiyənin və İsrailin qələbəsinə yol açar, bu mənada Tehranın narahatlıq notları anlaşılandır.

Suriyada həyəcanlı fazanı İran-ABŞ nüvə danışıqlarının bərpası ilə əlaqələndirmək zərurəti də yaranır. İranda hökumətin xarici siyasət üzrə qanadı ABŞ-la nüvə sazişini canlandırmağa meyil etsə də, İslam Respublikasındakı radikal hərbi-siyasi dairələr hakimiyyətin tövründən məmnun deyil.

İran buna görə ABŞ-la hərbi konfliktdə maraqlıdır, elə ABŞ da. Lakin ABŞ-ın məqsədi İranı danışıqlar masasında başqa regionlardakı məğlubiyyətlərlə ram etmək, İranın məqsədi isə nüvə silahına sahiblənməkdir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir