Cəmiyyət Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi kökləri

Sharing is caring!

Məlum olduğu kimi Azərbaycan türk dövlətləri ilə, o cümlədən Özbəkistanla əməkdaşlığa önəm verir. Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasındakı əməkdaşlıq xüsusilə fərqlənir desək, heç də yanılmarıq. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səslənən fikirlər və iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi.

Azərbaycan Prezidentinin pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi təbii ki, ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyan etdiyi kimi bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Ölkə rəhbəri cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində bunu bir daha vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin dərin tarixi kökləri vardır.

Xatırladaq ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

1997-ci il iyunun 18-19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb.

2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə o, Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib və artıq bu istiqamətdə işlərə başlanılıb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Özbəkistana bu səfəri tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Özbəkistan səfəri və əldə edilən razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaqdır. 

Əliqulu Babayev,

Salyan rayon Qızılağac kənd tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir