Siyasət

Azərbaycan-Ermənistan: Tarixçilərdən ibarət müştərək komissiya yaradıla bilərmi?

Sharing is caring!

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar davam etdirilir. Gələcəkdə Azərbaycan və Ermənistan ziyalıları, tarixçiləri arasında görüşlər də keçirilə bilər.

Lakin ortada tarixi məsələlərə baxışda mübahisəli məqamlar var. Bəs mübahisə yaradan tarixi məsələlərin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyaya ehtiyac varmı?

Milli Məclisin tarixçi deputatı, professor Anar İsgəndərov Oxu.Az-ın bu mövzudakı sualını cavablandırıb.

Millət vəkili hesab edir ki, Ermənistan Cənubi Qafqaz və müsəlman aləmi üçün bir bəladır.

“Amma erməni əjdaha deyil, dünyanın hökmdarı deyil. Gec-tez o da beynəlxalq qanunlara riayət etməli olacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa məcbur olacaq və ya buna məcbur ediləcək”, – deyə deputat əlavə edib.

Professorun sözlərinə əsasən, tarixə dair mübahisələr həmişə qalacaq. Deputat Ermənistanın bu məsələdə ədalətli olacağına inanmadığını deyib.

“Sülh müqaviləsi imzalansa belə, ermənilərin tarixə dair baxışlarından əl çəkəcəyini demək olmaz. Təbii ki, Azərbaycan da tarixdə buraxdığı səhvləri təkrarlamayacaq və ermənilərin bizə qarşı etdiyi vəhşilikləri unutmayacaq. Hər zaman ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini təkrar-təkrar xatırlamalıyıq və bunu gələcək nəsillərə də ötürməliyik”, – Anar İsgəndərov belə düşünür.

Tarixçilərdən ibarət müştərək komissiyaya gəlincə, deputat bildirib ki, Ermənistan özünü ifşa edəcək komissiyada iştirak etmək istəmir.

“Ermənistan belə komissiyanın yaradılmasını istəmir. Hələ də nəhəng dövlətlər ermənilərin göz yaşına inanır və o göz yaşlarını silir. Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiyası baş tutduqdan sonra tarixçilərdən ibarət ortaq komissiyanın da yaradılması barədə düşünmək olar”, – deyə Anar İsgəndərov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir