Siyasət

Prezidentin sevindirdiyi məşhurlar: “İnsan dağı dağ üstünə qoymaq istəyir” – AÇIQLAMA

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Mükafata layiq görülən sənətçilər öz təəssüratlarını Oxu.Az-la bölüşüblər. 

Prezident mükafatına layiq görülən Əməkdar artist, aktyor, aparıcı Əkbər Əlizadə bu mükafat ilə yeni uğurlara daha da həvəsləndiyini qeyd edib: 

“Bu, elə bir sevincli hissdir ki, bunu yaşamaq lazımdır. Bu ənənə, bu irs ümummilli liderimiz, ulu öndər Heydər Əliyevdən bizə miras qalıb. Prezidentimiz İlham Əliyev sağ olsun ki, bir çox sahələrdə olduğu kimi, incəsənət sahəsində də bu ənənəni layiqincə davam etdirir. Mənim fəaliyyətimə, səhnədə göstərdiyim xidmətə yüksək qiymət verdiyi üçün, mükafata layiq gördüyü üçün ona sonsuz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Burada həm də tamaşaçılarımızın rolu var. Mən başqa həmkarlarıma da bu hissi yaşamağı arzu edirəm. Prezident mükafatı mənim peşəmə məsuliyyətimi artırmaqla yanaşı, həm də məni yeni yaradıcılıq uğurlarına həvəsləndirir. İnsan dağı dağ üstünə qoymaq istəyir. Yenə oynayım, daha maraqlı obrazlar təqdim edim, daha gözəl verilişlər tamaşaçılara təqdim olunsun istəyirəm. İnşallah, elə də olacaq”.

Mükafata layiq görülənlərdən biri də Əməkdar artist, xanəndə Təyyar Bayramovdur.

“Çox sevincliyəm. Bu, bizim səhnə, opera fəaliyyətimizə göstərilən diqqətdir. Prezidentimizə təşəkkürümü bildirirəm ki, məni və digər həmkarlarımı mükafatlandırıb. Prezident tərəfindən mükafata layiq görülmək məni çox qürurlandırır. Çalışırıq ki, öz sənətimizlə hər zaman vətənimizə, dövlətimizə, elimizə layiqincə xidmət edək”, – deyə T.Bayramov əlavə edib.

Əməkdar artist, aktyor Qurban Məsimov isə öz növbəsində mükafata layiq görülən digər həmkarlarını da təbrik edib:

“Ölkə başçımıza, Mədəniyyət Nazirliyinə və teatr rəhbərliyinə təşəkkürümü bildirirəm ki, yaradıcılığımıza bu qədər diqqət göstərib yüksək qiymətləndirirlər. Eyni zamanda fürsətdən istifadə edib mükafata layiq görülən digər həmkarlarımı da təbrik edirəm”. 

Əməkdar artist, aktyor Çingiz Əhmədov da mükafata layiq görüldüyü üçün sevincli olduğunu bildirib: 

“Allah prezidentimizi, ölkəmizi, xalqımızı qorusun. Olmayanlara qismət olsun. Biz ancaq xalqa xidmət etmək istəyirik. Siz də var olun, çox sağ olun ki, sənət adamlarına zəng edib maraqlanırsınız. Necə deyərlər, biz sənət adamlarını mənəvi qidalandırırsınız”.

Dilşad Bəhruzqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir