Siyasət

Erika Olson: “Son 30 ildə heç kim Azərbaycanın müstəqilliyinə ABŞ-dan böyük dəstək verməyib” – MÜSAHİBƏ

Sharing is caring!

ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun APA-ya müsahibəsi.

– Xanım Olson, ilk növbədə, gərgin qrafikinizə baxmayaraq, zaman ayırıb suallarımızı cavablandırdığınız üçün çox sağ olun. Müsahibəyə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsi barədə sualla başlamaq istərdim. Bu il iki ölkə diplomatik münasibətlərinin 30 illiyini qeyd edir. Münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? ABŞ növbəti onilliklərdə Azərbaycanla əməkdaşlıqda nəyə nail olmağı hədəfləyir?

– Çox sağ olun. Bu gün sizinlə söhbət edə bildiyimə və yenidən Bakıya qayıtdığıma görə çox şadam. Bu il Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyini qeyd etməkdən çox qürur duyuruq. Həm də, həqiqətən önəmli olan Azərbaycanın 30 illik müstəqilliyidir və son 30 il ərzində heç kim Azərbaycanın müstəqilliyinə ABŞ-dan böyük dəstək verməyib.

Biz birlikdə çalışdıq, təkcə ikitərəfli hökumətlərarası münasibətlərimizi deyil, həm də xalqlararası münasibətlərimizi dərinləşdirmək üçün çox böyük işlər gördük, eyni zamanda, regionda təhlükəsizlik məsələləri baxımından həqiqətən heyrətamiz işlərə imza atdıq.

Son 30 ilə nəzər salsaq, düşünürəm ki, bizim ən qürur duyduğumuz məqamlardan biri Cənub Qaz Dəhlizinin inkişafı istiqamətində birgə əməkdaşlığımızdır. Bu, həqiqətən də Birləşmiş Ştatlar və Azərbaycan, eləcə də digər ölkələr arasında yaradıcılıq, motivasiya və tərəfdaşlıq nəticəsində yaranan bir layihə idi. Bundan əlavə, indiki vəziyyəti nəzərə alsaq, hətta COVID-19 pandemiyası dövründə keçən il 500 azərbaycanlı tələbə təhsil almaq üçün ABŞ-a gedib. Biz həm də bu il Azərbaycanda yeni “Amerika guşələri” açmaqdan çox qürur duyuruq və bu, ingilis dili ilə birlikdə etmək istədiyimiz bütün işləri dəstəkləyir. Biz çalışa bilərik ki, Azərbaycanda iş yerlərinin açılmasına kömək edək, gənclərin ingilis dilini öyrənməsi və bacarıqlarını inkişaf etdirməsi üçün imkanlar yaradılsın.

Son 30 il ərzində nə qədər azərbaycanlı tələbənin ABŞ-da təhsil aldığını nəzərə alsaq, bunun amerikalılar və azərbaycanlılar arasında gələcək əlaqələrin formalaşması üçün necə bir əsas sütun yaratdığını görə bilərik.

Biz növbəti 30 ili səbirsizliklə gözləyirik ki, həqiqətən bu tərəfdaşlığa əsaslanaraq, vətəndaşların xeyrinə bölgəyə sülh və sabitlik gətirmək, iqtisadi və mədəni faydalar üçün birgə necə işləyə bilərik.

– Bir optimizm var ki, nəhayət, Cənubi Qafqaza sülh gəlir, biz bununla bağlı bəzi qığılcımları müşahidə edirik. Bildiyiniz kimi, birbaşa təmaslar, görüşlər, Brüssel prosesi… ABŞ prosesə necə töhfə verə bilər, normallaşma prosesində nəzərəçarpacaq nəticələrin əldə olunması üçün onu necə sürətləndirə bilər?

– Biz ABŞ olaraq bölgədə uzunmüddətli sülhün əldə edilməsi prosesinə tamamilə sadiq qalırıq. Biz irəli baxmaq istəyirik. 30 il gözləmək, eyni çətinlikləri yenidən görmək istəmirik və indi tam zamanıdır.

Mən hiss edirəm ki, həqiqətən də sülh üçün çalışmaq istiqamətində pəncərə var. Məncə, bütün regionda – Ermənistanda, Azərbaycanda və hətta Gürcüstanda bu prosesi dəstəkləmək üçün həqiqətən də istək var. Siz soruşursunuz ki, Birləşmiş Ştatlar nə edir və nə dərəcədə prosesə cəlb olunub? Biz Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq edirik. Bu ayın əvvəlində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ABŞ-da oldu. O, Gürcüstan prosesi ilə əlaqədar yenidən orada olacaq. Belə ki, biz Gürcüstan prosesi ilə bağlı gələn həftənin sonunda Vaşinqtonda görüş keçirəcəyik.

Biz hər iki tərəfə dəstək rolunu oynamağa və kömək etmək yollarını tapmağa tamamilə sadiqik, hər iki tərəf çətinlikləri və imkanları başa düşür.

Mən həmçinin sərhədlərin delimitasiya və demarkasiyasında ABŞ-ın təcrübəsi və ekspertizası vasitəsilə yolları da düşünürəm. Yəni, biz bu prosesə həm öz təcrübəmizlə, həm də potensialla, həqiqi yardımla dəstək verə bilərik.

Düşünürəm ki, bu posta təyin olunduqdan sonra məni heyrətləndirən şey həqiqətən də ABŞ-ın regionda öz iştirakını artırmaq, region ölkələri ilə fəal münasibətlər qurmağıdır. Çünki biz bunu həm Tbilisidə, həm Bakıda, həm də İrəvanda eşidirik. Onlar ABŞ-ın regionda olmasını, fəal əməkdaşlığı arzulayırlar. Biz buna çox diqqət ayırırıq.

Bununla yanaşı, xüsusilə sizin Azərbaycan və Ermənistan məsələsi barədə soruşduğunuz kimi, liderləri bir araya gətirməyə kömək etmək, xalqları birbaşa dialoq naminə bir araya gətirmək məsələsinə də diqqət yetirilir. Bunun baş verdiyini gördük.

Ünsiyyət qabiliyyəti və təmaslarla anlaşılmazlıqlar azalacaq. Yəni, biz azərbaycanlıların və ermənilərin bir-biri ilə, hökumətlərarası səviyyədə, eyni zamanda, vətəndaş diplomatiyasının səyləri ilə, yəni vətəndaş cəmiyyəti nümayəndələrinin, alimlər, jurnalistlər, tələbələrin dialoquna kömək etməyə tamamilə sadiqik və gələcəkdə də bu istiqamətdə işləməyə davam edəcəyik.

– Düşünürəm ki, indi verəcəyim sual həm erməni, həm də Azərbaycan cəmiyyətlərində ən çox maraq doğuran suallardandır: ATƏT-in Minsk qrupunun taleyi. Azərbaycan və Ermənistan rəhbərliyinin bu vasitəçilik qrupu ilə bağlı mövqeyi demək olar aydın idi. Lakin Ukraynadakı müharibədən sonra Moskva bəyan etdi ki, həmsədrlər arasında koordinasiya yoxdur və Rusiya XİN öz həmsədrini Qafqazdakı proseslə bağlı xüsusi elçi təyin etdi. Sizin ölkənizdən olan həmsədr də artıq xüsusi nümayəndə kimi təqdim olunur, yəni cənab Endryu Şoferin Minsk qrupunda rolu bir o qədər vurğulanmır…

– Sualınızı başa düşdüm. Bir məqamı vurğulamaq istəyirəm ki, cənab Endryu Şofer həmişə Qafqaz münaqişələri üzrə xüsusi nümayəndə tituluna malik olub, o cümlədən o, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın nümayəndəsi olub.

Qeyd edim ki, o, Gürcüstan münaqişəsində Cənubi Osetiya və Abxaziya ilə bağlı prosesə, onun gələcəyi ilə bağlı danışıqlara cəlb olunub və bu danışıqlarda iştirak edib.

Mən xarici işlər naziri Lavrovun hansı fərziyyələr apara biləcəyi və ya İqor Xovayevin (Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi-red.) yeni vəzifəsi ilə bağlı danışa bilmərəm. Öz tərəfimizdən onu deyə bilərəm ki, Endryu Şofer həmişə bu titula sahib olub.

Düşünürəm ki, Birləşmiş Ştatların nöqteyi-nəzərindən biz regionda davamlı sülhə və normallaşmaya gətirib çıxaracaq istənilən formada, istənilən formatda tam şəkildə iştirak edirik. Düşünürəm ki, bizim hamımızın çalışmalı olduğumuz yeganə həll yolu Cənubi Qafqazdakı bütün xalqların tam marağına uyğun olandır və biz həqiqətən də buna sadiqik. Həmçinin Endryu da bunun üçün çalışır.

– Söhbətimizin davamı olaraq Ukraynadakı müharibə barədə soruşmaq istəyirəm. İki aydan çoxdur ki, müharibə gedir, faciənin şahidi oluruq. Beynəlxalq ictimaiyyət Ukraynanı dəstəkləyir, əlbəttə ki, ABŞ-ın dəstəyini vurğulamalıyıq. Ukrayna hökuməti müharibənin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib. Ukrayna nə vaxta qədər ABŞ-ın dəstəyinə arxalana bilər? Yeri gəlmişkən, Rusiya bu müharibədə NATO və ABŞ-ı günahlandırır…

– Mən bu suala çox aydın cavab vermək istəyirəm. Bu, Rusiyanın başladığı müharibədir. Bu, Ukraynaya və Ukrayna xalqına qarşı ədalətsiz və səbəbsiz bir müharibədir. Ukraynadakı müharibə nə vaxt bitəcək sualına cavab budur: Vladimir Putin dəhşətli humanitar fəlakət yaradan bu ədalətsiz müharibəni dayandırmaq qərarı verəndə Ukraynadakı bu müharibə bitəcək.

ABŞ kontekstində onu deyim ki, biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, Ukrayna xalqına bu ədalətsiz müharibə ilə mübarizədə kömək etməyə sadiq qalırıq. Siz Dövlət katibi Blinkenin və müdafiə naziri Ostinin Ukraynaya səfərini gördünüz. Onlar bu yaxında Kiyevdən qayıtdı və birlikdə Kiyevdə ABŞ-ın Ukraynaya, Ukrayna hökumətinə və Ukrayna xalqına möhkəm sadiqliyini real şəkildə nümayiş etdirdilər.

Ukraynalılar öz vətənlərini və azadlıqlarını heyrətamiz cəsarət, məharət və mətanətlə müdafiə edirlər. Rusiyanın amansız hücumu davam etsə də, fakt odur ki, Ukrayna yıxılmayıb. Prezident Putinin dediyi kimi, o, buna o qədər əmin idi ki, ancaq bunun əvəzində Ukrayna Kiyev uğrunda döyüşdə qalib gəldi. Onlar nə qədər lazımdırsa, mübarizə aparacaqlar və Birləşmiş Ştatlar da nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq.

– İndiyə qədər gördüyümüz odur ki, sanksiyalar Rusiyanın Ukraynadakı müharibəsini dayandırmır. Sanksiyaların effektivliyi haqda soruşmaq istərdim…

– Düşünürəm ki, biz hamımız Ukraynaya, Ukrayna hökumətinə, Ukrayna xalqına dəstək baxımından tam sadiq, vahid və həmrəy olaraq qalmalıyıq.

Siz sanksiyaları qeyd etdiniz. Düşünürəm ki, bu sanksiyalar dünyanın indiyədək gördüyü ən əhatəli və əlaqələndirilmiş sanksiyalardır. Biz onu qurmaq üçün çox çalışdıq. Prezident Vladimir Putinə, Rusiya hökumətinə birbaşa təsir edəcək və bu müharibəni dayandıracaq sanksiyaların tətbiqi baxımından regionda, xüsusən də Avropa İttifaqındakı həmkarlarımızla çalışdıq.

Ancaq bildiyiniz kimi, bu fundamentaldır. Prezident Vladimir Putin Ukrayna xalqına qarşı törətdiyi bu təcavüzü dayandıranda, bu müharibə də dayanacaq. Düşünürəm ki, biz həm də bu müharibəni dayandıracaq daha sərt sanksiyaları görməyə davam edəcəyik. Hesab edirəm ki, ABŞ-dan bu sanksiyaları görəcəyik. Lakin ümid edirəm ki, bütün region, bütün dünya, Azərbaycan da daxil olmaqla, humanitar, enerji, təhlükəsizlik sahələrində Ukraynaya dəstəyi davam etdirəcək və biz bu çətin mübarizədə sadəcə olaraq çox möhkəm birləşməliyik.

Həqiqətən də, bəlkə də rusların və prezident Vladimir Putinin gözləmədiyi məqamlardan biri odur ki, bu dəhşətli işğal qarşısında müttəfiqlər və tərəfdaşlar arasında inkişaf edən birlik və həmrəylik var.

Azərbaycanın gördüyü işləri, Ukrayna xalqına dəstək üçün gördüyünüz hər şeyi, humanitar yardımı həqiqətən yüksək qiymətləndiririk.

– Görünür ki, Ukraynadakı müharibə ilə Avropada yeni təhlükəsizlik mühiti meydana çıxır. Bundan sonra ABŞ-ın regionda, xüsusən də postsovet məkanında rolu necə olacaq?

– Hesab edirəm ki, Rusiyanın Ukraynaya təcavüzü ilə dünyanın gələn il, ya da qarşıdakı 5 ildə, 10 ildə necə görünəcəyini bilirik. Bu dəqiqdir ki, o, 2022-ci ilin yanvarında göründüyü kimi olmayacaq.

Avropa regionunda və regionun təhlükəsizliyində Birləşmiş Ştatların rolu ilə bağlı suala gəlincə, Transatlantik regionun təhlükəsizliyində biz tərəfdaş və müttəfiq kimi tam sadiq tərəfdaş olaraq qalırıq.

Gördüyümüz məqamlardan biri NATO alyansı daxilində heyrətamiz birlik və həmrəylikdir. NATO haqqında danışarkən bəzi liderlərin onu bir zamanlar “ölü” adlandırması ilə bağlı faktı üçün çox uzağa getmək lazım deyil. Düşünürəm ki, indi bizim çox aydın cavabımız var: Alyans indi heç vaxt olmadığı qədər vacibdir.

Keçmiş Sovet məkanı regionu ilə bağlı sual verdiniz. Mən hesab edirəm ki, siz Qafqaz regionunda ABŞ-ın sülh, sabitlik, iqtisadi inkişaf, suverenlik və müstəqilliyi dəstəkləmək üçün fəallığını və diqqətini artırdığını görürsünüz.

Regionda 30 illik ikitərəfli münasibətlər, həm də 30 illik müstəqilliyə nəzər salarkən bunu görürsünüz və düşünürəm ki, prezident Bayden də bunu bir neçə dəfə çox açıq şəkildə ifadə edib.

Ukrayna məsələsində Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı qərarlar, Avropanın iştirakı olmadan Avropa ilə bağlı qərarlar alınmır və düşünürəm ki, bu prinsipimiz bütün regiona aiddir.

Keçmiş Sovet İttifaqı ölkələri son 30 ildə inanılmaz səylər göstəriblər. Onlar ABŞ üçün çox vacib tərəfdaşlardır. Biz bu inkişaf səylərini və regionun müstəqilliyini dəstəkləmək üçün birgə işləməyə davam edəcəyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir