Siyasət

Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi – Deputat şərh etdi + FOTO

Sharing is caring!




“Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi 10 Noyabr Bəyanatı ilə tənzimlənirdi. Onlar 2025-ci ilin noyabr ayına qədər orada qalmalı idilər. Həmin müddətə altı ay qalmış məsələ baxılıb yenidən müzakirə edilməli idi. İndi artıq bütün dünyanın gözü qarşısında qüdrətli Azərbaycan yenidən öz gücünü göstərir. Sülhməramlılar vaxtından əvvəl regionu tərk edirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O əlavə edib ki, Azərbaycan xalqı Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətinə, siyasi biliklərinə tam əmindir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Prezidentin nəyi, nə zaman və necə etməli olduğunu gözəl bilirlər.

“Buna görə də xalq sülhməramlıların getməsi üçün zamanın yetişəcəyini bilirdi. Bilirdi ki, milli maraqlarımız nəyi özündə ehtiva edirsə, zamanında hər hansı bir iş Azərbaycanın xeyrinə həllini tapacaq. Artıq Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edirlər. Bu, iki ölkə rəhbərinin müzakirəsinin nəticəsi olaraq qərara alınıb. Təbii olaraq, bundan əvvəl də müvafiq orqanlar qapalı və açıq görüşlərdə bunu müzakirə edirdilər”, – deyə V.İskəndərov əlavə edib.

Parlamentari məsələ ilə bağlı tənqidi fikir səsləndirən müxalif düşərgənin də mövqeyinə münasibət bildirib:

“Sülhməramlılar Azərbaycan ərazilərinə müvəqqəti gələndə Azərbaycanı istəməyən qüvvələr, dövlətlər öz içimizdə olan beşinci kolonun üzvləri cürbəcür fikirlər yayırdılar. Deyirdilər ki, onlar burada daimi qalacaqlar, digər yerlərdən çıxsalar da, bu əraziləri tərk etməyəcəklər. Lakin bir daha İlham Əliyev fenomeni, güclü dövlət siyasəti burada da özünü qabarıq göstərdi. Artıq Azərbaycan ərazisində digər ölkənin əsgəri, hər hansı bir qoşun birləşməsi yoxdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil dövlətdir. Belə bir dövlətin vətəndaşı olduğumuz üçün qürurlanırıq”.

Deputat qeyd edib ki, indiki situasiyada Ermənistana havadarlıq edən qüvvələr narahat olmağa başlayıblar.

“5 apreldə Brüsseldə keçirilən görüşdən sonra artıq bir çox gizli qalan məqamlar üzə çıxmaqdadır. ABŞ və Avropa İttifaqının Ermənistana hərbi dəstəyi də artıq gizli deyil. ABŞ sürətlə Ermənistanı silahlandırmağa cəhd edir. Artıq Pentaqon nümayəndələri Ermənistan Müdafiə Nazirliyində təlimlər keçirməyi planlaşdırırlar. Ermənistanda yerləşən ABŞ səfirliyində Pentaqonun xüsusi nümayəndəsi fəaliyyət göstərəcək. Bütün bunlar, təbii ki, bölgədə həssas olan sülh danışıqlarına ciddi zərbədir”, – deyə deputat şərh edib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev təhlükəsizliklə əlaqədar qayğıları, Azərbaycanın narahat olduğu məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 

“Bəzi nəticələrə baxdıqda görürük ki, Ermənistanın silahlanması bölgədə eskalasiyanın yaranmasına gətirib çıxara bilər. Bunun üçün çalışan dövlətlər aşkar hərəkətə keçirlər. Təbii olaraq, rəsmi Bakı bildirib ki, silahlanma yaradılması heç kimə xeyir gətirməyəcək və regionda sülh vacibdir”.

Milli Məclis üzvü deyib ki, Azərbaycan öz iqtisadi gücünü və siyasi çəkisini artırır.

“Bölgədə azad etdiyi ərazilərdə böyük tikinti-quruculuq işləri görür, ümumiyyətlə, öz inkişaf yoluna davam edir. Lakin hələ bunu gözü götürməyən qüvvələr mövcuddur.

Onlar Ermənistana iqtisadi, hərbi yardım göstərərək onu Rusiya asılılığından azad etməkdə və Azərbaycana qarşı silahlandırmaqda israrlı görünürlər. Amma bunlar güclü, qüdrətli Azərbaycana heç bir təsir göstərməyəcək.

Biz necə ki 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik, 2023-cü ildə tamamilə suverenliyimizi bərpa etdik, yenə də qarşımıza çıxan maneələri dəf edərək hədəflərə doğru uğurla gedəcəyik”, – deyə V.İskəndərov fikrini yekunlaşdırıb.

Almaz Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir