Siyasət

Deputat: “Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən istənilən güc mərkəzi Bakı ilə uzlaşmağa məhkumdur”

Sharing is caring!




“Proseslərin təhlili göstərir ki, Fransa və ABŞ Azərbaycanla Ermənistan arasında beynəlxalq hüququn prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına maneə törədirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, hər iki beynəlxalq subyekt özlərinin xaotik addımları ilə regionda münaqişələrə maraqlarının təmini üsulu kimi baxdıqlarını artıq gizlətmirlər.

“Hətta hər iki dövlət nəinki suverenlik və ərazi bütövlüyü əsasında Bakı ilə İravan arasında əlaqələrin normallaşdırılması səylərini ciddi sual altına qoyur, üstəlik vəziyyəti gərginləşdirir. Onlar məğlub Ermənistanı qalib Azərbaycanla qarşıdurmaya təhrik etməklə regionda status-kvonu dəyişməyə çalışırlar. Acınacaqlı haldır ki, Vaşinqton və Paris bütün beynəlxalq standartları bir kənara qoyaraq dövlət və hökumət strukturlarını, media və vətəndaş cəmiyyətlərini, o cümlədən parlament elitasını bu çirkin və beynəlxalq hüquqa zidd məqsədlər naminə səfərbər edib”, – deyə Bəhruz Məhərrəmov əlavə edib.

Parlamentari qeyd edib ki, ötən dövrdə, xüsusən Qarabağdakı antiterror tədbirlərinin ardınca ABŞ və Fransa Azərbaycana qarşı bütün diplomatik etiketləri aşan bəyanatlar veriblər.

“Hər iki dövlətin BMT Nizamnaməsində əksini tapan məqsəd və prinsiplərə zidd olan çoxsaylı əsassız ittiham və təhdidlərin əks olunduğu bəyanat və açıqlamalarına şahidlik etmişik. Həmçinin Ağ Evin və Fransa Prezidenti Emmanuel Makron rejiminin birbaşa direktivləri ilə hər iki ölkənin qanunverici orqanlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi sual altına qoyulub.

Onlar separatizmi və terrorçuluğu dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Heç şübhəsiz ki, aprelin 5-də Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının təşkili proseslərin növbəti fazaya keçməsindən xəbər verirdi”.

Deputat Fransanın Azərbaycandakı səfirini geri çağırması qərarını da şərh edib. Onun fikrincə, Fransa Azərbaycanı münasibətlərə xələl gətirən birtərəfli addımlarda təqsirləndirərək ölkəmizdəki səfirini məsləhətləşmə üçün geri çağırması absurd və təhrikçi gedişdir.

“Eyni zamanda, hazırda “şər ittifaqının” daha da aktivləşməsi, xüsusən ABŞ-nin də dəstəyi ilə Fransanın xüsusi radikallaşması təsadüfi deyil. Görünən odur ki, müttəfiqlər bu dəfə sırf Parisin əli ilə COP29 çərçivəsində yeni anti-Azərbaycan kampaniyasına hazırlaşırlar. Geri çağırılan səfir Ann Buayonu da Parisə qayıtdıqdan sonra birbaşa Emmanuel Makron tərəfindən qəbul olunması da məhz bu kampaniyaya daha çox diqqət çəkmək niyyəti güdür. Təbii ki, baş verənlər bizi təəccübləndirmir, çünki andiçmə mərasimində Prezident İlham Əliyev də ifadə etmişdi ki, bunlar bizdən əl çəkməyəcəklər. Hazırda yaşananlar da bir daha göstərir ki, Azərbaycan Prezidenti proqnozlarında nə qədər haqlıdır. Lakin eyni zamanda ölkə Prezidenti onu da dəfələrlə bəyan edib ki, biz istənilən üsulla öz milli maraq və mənafelərimizi qoruyacağıq. Bu mənada hər bir beynəlxalq subyekt başa düşməlidir ki, Azərbaycan artıq təhdid və təzyiq dili ilə danışılacaq dövlət deyil və Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən istənilən güc mərkəzi Bakı ilə uzlaşmağa məhkumdur”, – deyə Bəhruz Məhərrəmov fikrini yekunlaşdırıb.

Almaz Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir